AZƏRBAYCAN TARİXİ
TARİXİ DÖYÜŞLƏR
Əhəməni şahı II Kiros e.ə 530-cü ildə Azərbaycanın şimalında yaşayan və Tomrisin başçılıq etdiyi massagetlərə qarşı müharibədə məğlub olub, özü isə öldürülüb. Makedoniya ilə Əhəməni dövlətləri arasında e.ə 331-ci ildə baş vermiş döyüşdə albanlar, sakasenlər, saklar da Atropatın başçılığı altında Əhəməni ordusunda İsgəndərə qarşı vuruşub.
Alazan çayı yaxınlığında e.ə 65-ci ildə romalılarla olan döyüşdə albanlar məğlub olublar.
Eramızın 359-cu ildə Amid döyüşündə bir tərəfdən Sasani-Alban, digər tərəfdən isə Roma-Erməni dövlətləri üz-üzə gəldi. Bu döyüşdə Sasani-Alban ittifaqı qələbə çaldı. Amid döyüşündən sonra Albaniyanın işğal olunmuş Arsak, Marlar ölkəsi (Naxçıvan) və Kaspiana vilayətləri geri alındı.
371-ci ildə Dzirav döyüşündə tərkibində erməni dəstələri olan romalılar qalib gəliblər. Bu məğlubiyyətdən sonra Albaniya Uti, Sakasena, Girdiman və Kolt vilayətlərini müvəqqəti olaraq itirib.
Xalxal şəhəri yaxınlığında 450-ci ildə baş vermiş döyüşdə alban qoşunları sasani qoşununu məğlub edib.
Ərəblərlə sasanilər arasında baş vermiş 636-cı il Kadisiyyə döyüşündə Alban şahzadəsi dəstəsi ilə Rüstəmin başçılıq etdiyi sasani qoşunu tərkibində vuruşub. Cavanşir göstərdiyi igidliyə görə sasani şahı III Yəzdəgird tərəfindən mükafatlandırılıb.
Ərəblər tərəfindən Sasani paytaxtı Ktesifon şəhəri 638-ci ildə mühasirəyə alınanda, Alban hökmdarı Cavanşir 3 minlik alban qoşununun başında sasanilərlə birlikdə altı ay Ktesifonun müdafiəsində durub.
639-cu ildə Hüzeyfənin başçılığı ilə ərəb qoşunlarının Azərbaycana hücumu zamanı Ərdəbildən bir qədər aralı, Cərmidan dağı yaxınlığında baş vermiş döyüşdə mərzban İsfəndiyar ibn Fərruxzadın başçılıq etdiyi Azərbaycan qoşunları məğlub olub.
662-ci ildə Alban hökmdarı Cavanşirin qoşunu ilə Xəzər qoşunu arasında Kür çayı sahilində baş vermiş döyüşdə alban qoşunu qələbə çalıb.
944-cü il avqustun 24-də rus dəstələri Bərdə şəhərini mühasirəyə aldı. Əhalinin müdafiəsinə baxmayaraq ruslar şəhəri tuta bildilər. Şəhərdə böyük dağıntı və qırğın törədildi. Salari hökmdarı Mərzuban ibn Məhəmməd 30 minlik qoşunla köməyə gəlsə də, Mosul hökmdarının onun torpaqlarına hücumunu eşidərək geri qayıtması rus dəstələrin 945-ci il avqustun 12-ə qədər Bərdədə qalmasına şərait yaradıb.
1088-ci ildə sərkərdə Buğanın başçılığı ilə səlcuq qoşunları Gəncəyə hücum edib, sonuncu Şəddadi hökmdarı Fəzli əsir götürüb. Bununla da Şəddadilər dövlətinə son qoyulub.
Teymur qoşunları Naxçıvanda Əlincə qalasını 1387-ci ildə mühasirəyə alıb. Əlincəlilər 14 il qalanı hücumdan qoruya biliblər. 1401-ci ildə müdafiə rəhbərlərinin arasında olan ixtilaf nəticəsində qala işğal olunub.
1408-ci il aprelin 21-də Cənubi Azərbaycanda Sərdurud adlı yerdə qaraqoyunlularla Teymurun oğlu Miranşah arasında baş vermiş döyüşdə qaraqoyunlular qalib gələrək Təbrizdə möhkəmləniblər. Bu döyüşdə Miranşah öldürülüb.
1410-cu il avqustun 30-da Təbriz yaxınlığında Şəmbi-Qazan adlı yerdə Qaraqoyunlu Qara Yusiflə Cəlairili Sultan Əhməd arasında baş vermiş döyüşdə qaraqoyunlular qələbə çalıb. Bu döyüşdən sonra rəsmi Qaraqoyunlu dövləti yaranıb.
1467-ci il mayın 10-da Muş düzündə Qaraqoyunlu Cahanşahla Ağqoyunlu Uzun Həsən arasında baş vermiş döyüşdə Uzun Həsən qalib gələrək Ağqoyunlu dövlətinin təməlini qoyub.
1473-cü il avqustun 11-də Ağqoyunlularla Osmanlı qoşunu arasında baş vermiş Otluqbeli döyüşündə Osmanlı qoşunu qələbə çalıb.
1501-ci ilin yayında Şərurda İsmayılın başçılıq etdiyi səfəvilərlə Ağqoyunlu hökmdarı Əlvənd Mirzə arasında baş vermiş döyüşdə Səfəvilər qələbə çalıb. Bu döyüşdən sonra Səfəvilər dövləti yaranıb.
1503-cü il iyunun 21-də Həmədan yaxınlığında, Almaqulağı adlı yerdə şah İsmayılın qoşunu ilə Ağqoyunlu Murad arasında baş vermiş döyüşdə Murad Mirzə məğlubiyyətə uğradılıb. 1510-cu il dekabrın 1-də Xorasanda Özbək Şeybani xanla şah İsmayılın qoşunu arasında baş vermiş həlledici döyüşdə özbək qoşunu darmadağın edilib, Şeybani xan isə öldürülüb.
1514-cü il avqustun 23-də Maku yaxınlığındakı Çaldıran düzündə Səfəvi-Osmanlı döyüşündə Osmanlı qoşunu qələbə çalıb.
1534-cü ildən 1554-cü ilə qədər sultan I Süleymanın başçılığı ilə Osmanlı qoşunu 4 dəfə Azərbaycana yürüş edib. Hər dəfə Səfəvi qoşunları məğlub olub.
1603-cü il noyabrın 16-da İrəvan qalası şah I Abbasın başçılıq etdiyi Səfəvi qoşunu tərəfindən mühasirəyə alınıb.1604-cü il iyunun 8-də isə qala osmanlılar tərəfindən geri qaytarılıb.
Rus qoşunları 1723-cü il iyulun 6-da Bakı şəhərini mühasirəyə alıb. İyulun 27-dək davam edən döyüşlərdə Bakı şəhəri işğal olunub.
Osmanlı qoşunu 1724-cü ildə İrəvana hücum edib. Üç ay davam edən mühasirədən sonra sentyabrın 20-də şəhər ələ keçirilib.
1724-cü ilin mayında Osmanlı qoşunu əhalinin ciddi müqavimətini qıraraq 54 gündən sonra Xoy qalasını ələ kesirib.
1735-ci ilin iyununda Eçmiədzinin şimal-qərbində Nadir xanın başçılıq etdiyi Səfəvi qoşunu ilə Osmanlı qoşunu üz-üzə gəlib.
1795-ci ildə Ağa Məhəmməd şah Qacar Şimali Azərbaycana hücum edib. Qarabağı, İrəvanı və Şirvanı hədəf seçən Qacar qoşunu bir sıra qələbələr qazansa da, geri çəkilməyə məcbur olub. İkinci dəfə şah 1797-ci ildə Şimali Azərbaycana hücum edib. Ağa Məhəmməd şah Şuşa şəhərində öldürüldüyünə görə, Qacar qoşunu Azərbaycanı tərk etməyə məcbur olub.
1796-cı ildə Rusiya qoşunları Azərbaycana yürüş edib. Yürüş zamanı Quba, Bakı, Şamaxı və Gəncə xanlıqları müqavimət göstərsə də, ruslara tabe olub. Rusiya imperatriçəsi II Yekaterinanın gözlənilməz ölümü Azərbaycanın işğal planını həyata keçirilməsinə mane olub.
1803-cü ilin payızında Sisyanovun başçılıq etdiyi rus qoşunları Gəncə şəhərinə hücum edib. Cavad xanın başçılığı ilə Gəncə qoşunu rus qoşununa güclü müqavimət göstərib. Daha yaxşı silahlanmış rus qoşunu 1804-cü il yanvarın 3-də Gəncəni işğal etib.
1806-cı ilin yanvarında rus qoşunları Bakı şəhərinə hücum edib. Fevralın 8-də Bakı şəhər darvazasının qarşısında açarları təhvil verərkən Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy güllə ilə Sisyanovu vurub, gecə isə onun başı kəsilərək Təbrizə, Abbas Mirzəyə göndərilib.
AZƏRBAYCAN MİLLİ-TARİXİ FACİƏLƏRİ
1803-1813 və 1826-1828-ci illərdə Qacarlar dövləti ilə Rusiya arasında baş vermiş döyüşlərdə Azərbaycan iki hissəyə bölündü. 1813-cü il oktyabrın 13-də bağlanmış Gülüstan müqaviləsinə əsasən İrəvan və Naxçıvan xanlıqlarından başqa şimalda olan Azərbaycan ərazisindəki Gəncə, Qarabağ, Şəki, Lənkəran, Şamaxı, Quba, Dərbənd xanlıqları Rusiyanın tərkibinə qatıldı. 1828-ci il fevralın 10-da bağlanmış Türkmənçay müqaviləsinə görə isə İrəvan və Naxçıvan xanlıqları da Rusiyanın tərkibinə ilhaq edildi. Beləliklə, Azərbaycan torpaqları bölüşdürüldü.
1918-ci il martın 30-dan aprelin 2-dək ermənilər Bakı Sovetinin köməyi ilə Bakıda azərbaycanlılara qarşı soyqrım həyata keçirdilər. 3 gün davam edən qanlı qırğında 12 mindən çox müsəlman öldürüldü.
1918-ci ilin aprelindən sentyabrınadək ermənilər bolşeviklərin köməyi ilə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Göyçay, Kürdəmir, Hacıqabul və Salyanda azərbaycanlılara qarşı soyqrımı həyata keçirdilər. Bu soyqrımın nəticəsində Şamaxı qəzasında 58 kənd dağıdıldı, 7 minə qədər adam öldürüldü, Quba qəzasında 122 kənd dağıdıldı, yüzlərlə dinc sakin məhv edildi.
1918-ci ilin yayında Andranikin başçılığı ilə erməni qüvvələri Naxçıvan və Zəngəzur bölgələrində dinc Azərbaycan əhalisinə qarşı soyqrıma başladı. Daşnaklar 1918-ci ilin axırlarında Zəngəzurda 115, Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında 21, İrəvan quberniyasında 60-dan çox Azərbaycan kəndini məhv etdilər. 100 mindən çox əhali öz yurdundan qovuldu.
1920-ci il aprelin 28-də Azərbaycan Demokratik Respublikası Sovet Rusiyası tərəfindən işğal olundu. 23 ay fəaliyyət göstərmiş bu dövlət 1991-ci ilə qədər SSRİ-nin tərkibində qalmışdı. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» qərar verdi. 1948-1953-cü illər ərzində 100 mindən çox azərbaycanlı öz ata-baba yurdundan kütləvi surətdə köçürüldü.
1990-cı il yanvarın 20-də Sovet Ordu hissələri Bakıda və respublikanın digər məntəqələrində dinc əhaliyə qarşı soyqrımı həyata keçirdi. Rəsmi məlumata görə, Sovet Ordusunun hücumu zamanı Bakıda və respublikanın digər yaşayış məntəqələrində131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 4 nəfər itkin düşmüş, xeyli adam həbs olunmuşdu.
1988-1991-ci illərdə Ermənistanın 185 kəndindən, habelə digər yaşayış məntəqələrindən 230 min nəfərədək azərbaycanlı qovuldu, 225 nəfər qətlə yetirildi, 1154 nəfər yaralandı.
1992-ci il fevralın 26-da Xocalı soyqrımı baş verdi. Ermənilər Xocalıda 244 nəfəri qətlə yetirdi, 200 nəfərdən çox itkin düşdü, donaraq ölənlərin sayı isə 700 nəfərdən artıq oldu.
AZƏRBAYCANDA QEYD OLUNAN BAYRAMLAR
28 may - Respublika günü
XX əsr tarixə təkcə elm və texnika əsri kimi deyil, həm də milli dirçəliş, müstəmləkə imperiyalarının dağılması, milli dövlətlərin yaranması əsri kimi düşmüşdür. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar mütləqiyyəti devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) - müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. 1990-cı ildən Respublika günü - dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir.
15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş günü
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti güdəntəcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. 1993-cü ilin yayında Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Vətənin bu ağır dövründə Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun bizim tariximizə Milli qurtuluş günü kimi daxil oldu. 1997-ci ilin iyun ayında Milli Məclis ictimaiyyətin rəyi ilə razılaşaraq, həmin günü bayram elan etdi.
26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü
1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti ordu yaradılması haqqında qanun qəbul etdi. Azərbaycan Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, iyunun 26-sı Silahlı Qüvvələr günü elan edilmişdir.
18 oktyabr - Dövlət Müstəqilliyi günü
1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Bəyannamə qəbul edildi. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş tarixi sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktı yekdilliklə qəbul edildi. 1991-ci il dekabrın 29-da Azərbaycan Respublikasında ümumxalq səsverməsi - referendum keçirildi. Referendum bülletenlərində yalnız bir sual vardı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktına tərəfdarsınızmı?" Azərbaycan xalqı dövlət müstəqilliyinin lehinə səs verdi. 1992-ci ilin mayında Milli Məclis (parlament) Azərbaycan Respublikasının Dövlət himnini (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadındır), bir müddət sonra isə Dövlət bayrağı və üzərində alov dilləri olan səkkizguşəli ulduz təsvir edilmiş Dövlət gerbini təsdiq etdi.
9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü
Azərbaycanın Dövlət bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə milli bayraq kimi qəbul edilmiş və 1920-ci ilin aprelinə qədər dövlət rəmzi kimi istifadə olunmuşdur. Tariximizin sovet dövründə o, Azərbaycan Sovet Sosialist Respublikasının bayrağı ilə əvəz edilmişdir. Dağlıq Qarabağ ətrafında cərəyan edən ictimai-siyasi proseslər zamanı ziyalıların təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qeyri-rəsmi olaraq 1988-ci il noyabrın 17-də Bakıda indiki Azadlıq meydanında qaldırılmışdır. Rəsmi olaraq bu bayraq Azərbaycan ərazisində Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı əsasında Naxçıvan Ali Sovetinin binası üzərində ucaldılmışdır. Həmin qərar səkkiz gün sonra Azərbaycan SSR Ali Soveti tərəfindən ləğv edilsə də, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur. 1991-ci il fevralın 5-də Azərbaycan ictimaiyyətinin tələbi ilə Azərbaycan Respublikasının Ali Soveti Dövlət bayrağı haqqında Qanun qəbul edərək üçrəngli bayrağa Azərbaycan Respublikasının dövlət bayrağı statusunu vermişdir. 1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədənDövlət bayrağını qəbul etmişdir.
12 noyabr - Konstitusiya günü
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyası Azərbaycan dövlətinin sayca dördüncü Konstitusiyası olub onun yeni tarixi modifikasiyasını əks etdirir. Azərbaycan Respublikasında Konstitusiya quruculuğunun tarixi, əsasən, onun SSRİ-nin tərkibində olduğu dövlət təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan Respublikası Konstitusiyasının yeni, SSRİ-nin 1924-cü il Konstitusiyasına müvafiq redaksiyası qəbul olundu. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in yeni, ölkə tarixində yeni mərhələnin reallıqlarını əks etdirən Konstitusiyası qəbul edildi. Azərbaycan müstəqillik əldə edəndən sonra yeni Konstitusiya hazırlanması zərurəti yarandı. Bu məqsədlə Prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılmışdı. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda xalqın iradəsinə uyğun olaraq bu yeni Konstitusiya qəbul edildi. 1995-ci il Konstitusiyası Azərbaycan Respublikasında dövlət quruculuğunun əsasını qoymuşdur. Azərbaycan Respublikası Konstitusiyasının mətni 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Noyabrın 12-si ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd edilir.
17 noyabr - Milli Dirçəliş günü
1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Ermənistanın hakimiyyət orqanları Sovet İttifaqı rəhbərliyinin səhlənkarlığından istifadə edərək, 200 min nəfərdən çox azərbaycanlının daimi yaşayış yerlərindən qovulmasına faktiki sanksiya verdi. Ermənistan rəhbərliyinin və Kremlin əməllərinə etiraz əlaməti olaraq, 1988-ci il noyabrın 17-də Bakının baş meydanında - Azadlıq meydanında Azərbaycan ictimaiyyətinin müddətsiz mitinqi başlandı. 1992-ci ildən bəri noyabrın 17-si Milli Dirçəliş günü kimi qeyd edilir.
31 dekabr - Dünya Azərbaycanlıların Həmrəliyi günü
Hər il dekabrın 31-i azərbaycanlıların milli həmrəyliyi günü kimi qeyd edilir. Dünyanın müxtəlif ölkələrində - İranda (Cənubi Azərbaycan), Türkiyədə, Almaniyada, Fransada, Böyük Britaniyada, ABŞ-da, Yaxın Şərq ölkələrində on milyonlarla azərbaycanlı yaşayır. Azərbaycanlıların ən böyük diasporu Rusiyadadır və 1,5-2 milyon nəfəri əhatə edir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra diasporun ictimai statusu dəyişmiş, o, Azərbaycan xalqının rifahı naminə özünün geniş əhatəli fəaliyyətini gücləndirmişdir. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 31 dekabr Azərbaycanlıların milli həmrəyliyi günü elan edilmişdir.
Novruz bayramı
Novruz bayramı baharın gəlişi şərəfinə qeyd edilir və yeni ilin qarşılanmasını bildirir. Baharın ilk günü təqvimdə Günəşin illik dövr etməsinin başa çatdığını göstərir. Novruz bayramının tarixi kökləri çox qədim dövrlərə - Zərdüşt peyğəmbərin zəmanəsinə aiddir. Bu isə təqribən 3700-5000 il deməkdir. Qədim Babilistanda bu bayram Nisan ayının 21-də (mart, aprel) başlanır və 12 gün davam edirdi. Bu 12 günün hərəsinin öz ritualları (mərasimləri) və öz əyləncələri vardı. Ən qədim yazılı abidələrdə göstərilir ki, Novruz bayramı bizim eradan əvvəl 505-ci ildə yaranmışdır. İslam dini Novruz bayramına dini çalarlar gətirmişdir. Lakin Firdovsi, Rudəki, İbn Sina, Nizami, Sədi, Hafiz kimi böyük mütəfəkkirlər dəlillərlə göstərirdilər ki, Novruz bayramı İslamdan çox-çox əvvəl yaranmışdır. Novruz bayramına həsr edilmiş əsərlərə misal olaraq Nizaminin "Siyasətnamə", Ömər Xəyyamın "Novruznamə" əsərlərini göstərmək olar.
Odlar yurdu Azərbaycan atəşpərəstliklə bağlı zəngin ənənələrə malikdir. Bu baxımdan Novruz ruhun təmizlənməsi rəmzidir. Novruzdan əvvəlki axır çərşənbə ərəfəsində tonqallar yandırılır və yaşından, cinsindən asılı olmayaraq, hər kəs bu bərəkətli odun üstündən yeddi dəfə tullanmalıdır. Eyni bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə tullanmaq lazımdır. Bu ritualı yerinə yetirərkən "Mənim sarılığım sənə, sənin qızartın mənə keçsin" demək lazımdır. Novruz tonqalının üstünə heç vaxt su tökmürlər. Tonqal özü sönəndən sonra oğlanlar və qızlar onun külünü yığıb evdən uzağa aparırlar. Bu o deməkdir ki, bütün pisliklər həmin külə qarışaraq gedir. Su ilə təmizlənmə suyun təmizləyici qüvvəyə malik olması barədə təsəvvürlərlə bağlıdır. Novruz günlərində arx üstündən tullanmaq ötən ildə edilmiş günahları yumaq deməkdir. Belə bir adət də var: İlin son gecəsində adamlar bir-birinin üstünə su çiləyirlər. Xalq inamına görə, axır çərşənbə gecəsi çaylar və arxlar dayanır, hamı və hər şey, hətta ağaclar da yerə əyilərək suya təzim edirlər. Yeni il axşamında kim bu sudan içərsə, o, xəstələnməz. Novruzun zirvəsi köhnə ilin öz səlahiyyətlərini yeni ilə təhvil verməsidir. Qədimdən yaranmış ənənələrə görə, həmin vaxtda Novruzun şərəfinə toplardan və tüfənglərdən atəş açırlar. N.Dubrovin hələ XIX əsrdə bu barədə yazırdı: "Azərbaycanda baharın gəlməsini şəhərlərdə və kəndlərdə toplardan açılan yaylım atəşi ilə bildirirdilər". Azərbaycanda Novruz bayramı şərəfinə təntənələrdə iştirak etmiş Adam Oleari isə yazırdı: "Münəccim astronomik cihazdan və Günəş saatından istifadə etməklə Günəşin hündürlüyünü təyin edərək, gecə ilə gündüzün bərabərləşdiyi anda bildirdi: "Təzə il gəldi". Elə həmin anda şəhər qüllələrindəki toplardan yaylım atəşi açıldı, qala divarlarından musiqi sədaları eşidildi. Beləliklə, Bahar bayramı başlandı" (1637).Novruzda süfrədə adları "S" hərfi ilə başlayan yeddi xörək, habelə sumax, sirkə, süd, səməni, səbzi və sair olmalıdır. Süfrəyə güzgü və şamlar, güzgünün qabağına boyanmış yumurtalar qoyulur. Bütün bunların hər birinin rəmzi mənası var: şam - insanları bədnəzərdən qoruyan od, işıq, güzgü isə aydınlıq deməkdir. Ənənəyə görə, bayramın birinci günündə hər kəs öz evində olmalıdır. Xalq içində deyərlər: "Əgər Novruzun birinci günündə öz evində olmasan, yeddi il evinə həsrət qalacaqsan". Keçmişdə Novruz bayramı günündə evin bayır qapısı, bir qayda olaraq, bağlanmırdı. Novruzun birinci günü bütün gecə işıq yanır, çünki işığın sönməsi bədbəxtlik əlamətidir. Kəndlilər Novruz bayramını qeyd edərkən yeni ilin quraqlıq, yoxsa yağmurlu, məhsuldar, yoxsa qıt olacağını müəyyən edirlər. Ənənəyə görə, Novruzun birinci günü bahar, ikinci günü yay, üçüncü günü payız və dördüncü günü qış hesab edilir. Əgər birinci gün hava küləksiz və aydın olsa, deməli, il məhsuldar olacaqdır. Novruz insanların çox xoşladığı, onlara şən ovqat bəxş edən bayramdır. Novruz Azərbaycan xalqının ənənəvi dəyərlərini özündə əks etdirən bayramdır.
Qurban bayramı
Dini mərasim olan Qurban bayramı bütün müsəlman aləmində hər il qeyd edilir. Qurban kəsmək mərasimi islamdan çox-çox əvvəl mövcud olmuşdur. Hicri tarixinin ikinci ilində, Məhəmməd Peyğəmbər Mədinədən Məkkəyə köçəndən sonra islam aləmində qurban kəsmək adəti yoxsullara və yetimlərə kömək, arzuların çin olması üçün sədəqə verilməsi kimi yeni mənalar kəsb etdi. Dini mərasim olan qurban kəsilməsi İbrahim Peyğəmbərlə bağlı bir əhvalatdan sonra yaranmışdır. O, yuxuda görür ki, Allah İbrahimin ona inamını sübut etmək üçün oğlu İsmayılı qurban kəsməsini əmr edir. Əsl dindar olan İbrahim Allahın bu əmrini yerinə yetirməyə, İsmayıl da qurban kəsilməyə hazır idi. Qurban bayramı zamanı hər bir imkanlı müsəlman bir heyvanı qurban kəsməli, onun ətini yoxsullara və yetimlərə paylamalıdır. Qurban kəsmək insanın həqiqi etiqad ucalığına yüksəlmək məqsədi güdür. Quranda bununla əlaqədar deyilir: "Onların nə əti, nə də qanı Allaha çatacaq. Ona sizdən ancaq təqva (Allahdan qorxma) çatacaqdır". (22:37) Qurban bayramı 2 gün qeyd edilir.
Ramazan bayramı
Müqəddəs Ramazan ayı müsəlmanlar üçün Hicri tarixinin ikinci ilində (Miladi tarixin 622-ci ilində) müəyyən edilmişdir. Ramazan ayı insanlara Allahın göstərişlərini bütün qəlbi ilə qəbul etməyi, cismani və ruhi sınaqlardan keçməyi təlqin edir. Müsəlmanlar bu ayda oruc tuturlar. Orucluğun tarixi Hicri təqviminin ikinci ilindən başlanır. O vaxt Məhəmməd Peyğəmbər Mədinədə müsəlmanlar üçün Ramazan ayını müəyyən etmişdir. Allah Quranı müsəlmanlara məhz Ramazan ayının son on gecəsinin birində nazil etmişdir. Deyilənə görə, bu hadisə həmin ayın 23-dən 24-nə və ya 26-dan 27-nə keçən gecə baş vermişdir. Həmin gecə "leylət əl-Qədr", yəni güclü və qüdrətli gecə adlanır. Quranda bu gecə barədə deyilir: "Biz onu (Quranı) Qədr gecəsində nazil etdik. Sən haradan biləsən ki, Qədr gecəsi nədir?! Qədr gecəsi min aydan da xeyirlidir. O gecə mələklər və ruh (Cəbrayıl) öz Rəbbinin izni ilə hər bir əmrə görə enirlər. O (gecə), sübh açılana qədər bir salamatlıqdır" (97:1-5).
Orucluq dövründə günün işıqlı vaxtında yeməyə, siqaret çəkməyə, ər-arvad vəzifələrini icra etməyə və başqa əməllərə icazə verilmir. Uşaqlar, hamilə qadınlar, ağır xəstəlikdən əziyyət çəkənlər, döyüşçülər və səfərdə olanlar oruc tutmaqdan azaddırlar. Orucluq təzə Ayın göründüyü andan başlanır və 29-30 gün davam edir. Quranda deyilir: "Sübh çağı ağ sap qara sapdan seçilənə qədər yeyib-için. Sonra da gecəyə qədər orucunuzu davam etdirin" (2:187).
Orucluq hələ islamdan əvvəldə mövcud olmuşdur. Bu barədə Quranda deyilir: "Sizdən əvvəlkilərə fərz qılındığı kimi sizə də oruc tutmaq fərz qılınmışdır ki, bəlkə Allahdan qorxasınız" (22:183).
Orucluq id-əl-fitr bayramı ilə başa çatır. Həmin gün bütün varlı və imkanlı müsəlmanlar kasıb müsəlmanlara kömək etməyə borcludurlar. 1993-cü ildən Orucluq bayramı dövlət səviyyəsində qeyd edilir. Ramazan bayramı 2 gün qeyd olunur.
8 mart - Beynəlxalq Qadınlar günü
8 mart qadınların iqtisadi, siyasi və ictimai hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günüdür. Beynəlxalq qadınlar gününün bayram edilməsi haqqında qərar sosialist qadınların 1910-cu ildə Kopenhagendə keçirilmiş 2-ci beynəlxalq konfransında Klara Setkinin təklifi ilə qəbul edilmişdir. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada qeyd olunmuşdur. Rusiyada həmin gün ilk dəfə 1913-cü ildə, Azərbaycanda 1917-ci ildə bayram edilmişdir. 1914-cü ilə qədər bu bayram müxtəlif günlərdə qeyd olunurdu. Beynəlxalq qadınlar gününün martın 8-də qeyd edilməsi ənənəsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və digər dövlətlərin qadınları həmin günü bayram hesab etmək barədə razılığa gəldikdən sonra yaranmışdır. O vaxtdan bəri martın 8-ni bütün ölkələrdə həm də sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildə Azərbaycan SSRİ-də martın 8-i iş günü hesab olunmayan bayram günü elan edilmişdir. Azərbaycan müstəqillik əldə edəndən sonra martın 8-i öz bayram statusunu saxlamışdır.
9 may - Faşizm üzərində Qələbə günü
İkincü dünya müharibəsi (1939-1945) bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalmışdır. Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışlar. İqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılırdı. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilmişdi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz qəhrəmanlıq və fədakarlıq göstərir, cəbhəni və sənayeni yanacaqla təmin edirdilər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılmışdı. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilmiş, 1941-ci ildə 23,5 milyon ton "qara qızıl" çıxarılmışdı. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdilər. İnamla demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olmuşdur. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi. Böyük Vətən müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığını nümayiş etdirdi.