Azərbaycan mədəniyyəti
Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.
Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Ən qədim dövrlərdən zəmanəmizədək davam edən bu sənət növü xalqın geyimindən tutmuş müxtəlif təsərrüfat məmulatı və bəzəyinə qədər böyük bir sahəni əhatə edir.
Təbiidir ki, xalqımızın məişət xüsusiyyətləri, estetik zövgü, bir sözlə milli siması, mənliyi bu sənət növündə özünü xüsusilə parlaq şəkildə büruzə verəcəkdi. Əbəs yerə olmayaraq indi dünyanın ən zəngin muzeylərində Azərbaycan xalq sənətkarlığının bir çox gözəl nümunələri ilə rastlaşmaq olur. Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstambulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.
Xalqımızın əməyi sayəsində yaranıb onun həyat və məişətində geniş istifadə edilən el sənətimizin böyük və zəngin bir tarixi var. Naxçıvan, Mingəçevir, Gədəbəy, Qazax, Gəncə və s. yerlərdən əldə edilmiş metaldan düzəldilmiş sənət əsərlərinin yaşı 5000 ilə yaxındır. Bu ərazilərdən tapılmış qab-qacaq, silah və bəzək nümunələri tək bir tarixi fakt kimi deyil, həm də onu yaradan sənətkarın ustalıq bacarığından məlumat verən qiymətli mənbədir.
Azərbaycan ərazisində qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri göstərir ki, əcdadlarımız hələ eramızdan əvvəl II minillikdə tuncdan zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. zinət şeyləri düzəldib öz həyat və məişətində istifadə edirlərmiş. Bunlar isə misgərlik və zərgərlik kimi sənət növlərinin qədimliyindən xəbər verir. Metaldan düzəldilmiş sənət nümunələri içərisində elələri vardır ki, onların üzərində olan bəzək və təsvirlərlə biz o dövrdəki insanların adət-ənənələri, dini görüşləri və hətta geyimləri ilə yaxından tanış ola bilərik.
Xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xusüsiyyətləri öz əksini geyimlərdə tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərində və həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir.
Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünün əvvəllərinə aid (eradan əvvəl III minillik) tuncdan hazırlanmış iynə və biz tapılmışdır. Bu tapıntılar sübut edir ki, Azərbaycanın qədim sakinləri özlərinə paltar tikməyi bacarırdılar. Kültəpədən və Mingəçevirdən (eradan əvvəl II minillik) tapılmış gildən kiçik heykəllər və Mingəçevirdən tapılmış e.ə. V əsrə aid möhür-barmaqçıllar o dövrün geyimləri haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Eramızın V-VI əsrlərinə aid olan Mingəçevir katakomba qəbirlərindən isə müxtəlif ipək parçalardan tikilmiş geyimlərin qalıqları tapılmışdır. E.ə. III-IV əsrlərə aid qızıldan hazırlanmış çoxlu miqdarda bəzək şeyləri və gildən ayaqqabı formasında qayrılmış qabların tapılması azərbaycanlıların hələ çox qədim zamanlardan yüksək maddi mədəniyyətə malik olduqlarını sübut edən əsaslı dəlillərdəndir. Misdən, tuncdan, qızıldan düzəldilmiş ev avadanlığının və zinət əşyalarının üzərinə həkk olunmuş müxtəlif rəsmlər Azərbaycanda hələ qədim zamanlarda təsviri sənətin mövcud olduğunu sübut edir.
Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at fiqurunun (e.ə. II minillik) üzərində gül-çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsindən aşkar edilmiş qızıl camın (e. ə. I minillik) səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalq sənətinin bir qolu olan xalça sənətinin də nə qədər qədim tarixə malik olduğunu göstərir. Arxeoloji qazıntılar zamanı Mingəçevirdən I-III əsrlərə aid katakomba qəbirlərdən palas və xalça qalıqları aşkar edilmişdir. Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərində) məşğul olmuşlar. Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər.
Müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı xalçaçılıq məktəblərində (Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz) toxunulmuş xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir. Onların bir çoxu dünyanın məşhur muzeylərində mühafizə olunur.
Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustan qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri - piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir.
Azərbaycan qədim zamanlardan bəri təsviri sənət əsərləri ilə yanaşı, xalq sənətinin bir qolu olan memarlıq əsərləri ilə də zəngindir. Bakıdakı Qız qalası və Şirvanşahlar sarayı kompleksi, memar Əcəminin Naxçıvanda yaratdığı Möminə xatın və Yusif ibn Küseyir türbələri, Şuşadakı Pənahəli xanın sarayı, Natəvanın evi, Şəki xanları sarayının divarındakı rəsmlər və s. memarlıq sənətinin nadir inciləridir. Qobustan qayaüstü təsvirləri arasında "Yallı" (rəqs) oynayan insanların təsviri xüsusi maraq doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrlərdən musiqiyə olan marağından xəbər verir.
Zəngin mədəni irsə malik olan Azərbaycan xalqının Vətəni Odlar yurdu, eyni zamanda sehrkar musiqi diyarı kimi də məşhurdur. Dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri vardır. Bu ənənələri nəsldən-nəslə yaşadaraq böyük və zəngin bir irs yaradan xalq musiqi yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olmuşdur. Azərbaycan milli musiqi sənətində xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı da özünəməxsus yer tutur. Azərbaycan milli musiqisinin təməl daşı, onun bünövrəsini muğamlar təşkil edir. Təsadüfi deyildir ki, 2003-cü BMT-nin ixtisaslaşmış olan təşkilatı YUNESKO Azərbaycan muğamını bəşəriyyətin mədəni irs siyahısına daxil etmişdir.
Qədim zamanlardan milli musiqimiz ədəbiyyatla birgə inkişaf etmişdir. Məsələn, muğam Şərq poeziyası ilə birgə inkişaf etmişdir. Belə ki, muğam ifa olunarkən xanəndələr Azərbaycan xalqının Nizami, Xaqani, Füzuli, Nəsimi kimi qüdrətli şairlərinin qəzəllərini oxumuşlar. Milli poeziyanın janrları olan qoşma, müxəmməs, ustadnamə, qəfilbəndlə yanaşı, onun poetik formaları olan gəraylı, divani, qoşma, təcnis aşıqların sevimli formalarıdır. Klassiklərimizin və müasirlərimizin yaratdıqları ədəbi əsərlər dünya mədəniyyəti xəzinəsində özünəməxsus şərəfli yer tutur. M.F.Axundovun, N.Vəzirovun, M.S. Ordubadinin, Q. Zakirin, M.Ə. Sabirin, C. Məmmədquluzadənin, M.P. Vaqifin, M.V. Vidadinin və bir çox başqa şair və yazıçılarımızın yaratdığı əsərlər indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmişdir. Azərbaycan ədəbiyyatı ilə sıx bağlı olan sənət növlərindən biri də teatr sənətidir. Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.
Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi M.F. Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanının vəziri" və "Hacı Qara" tamaşalarından başlanır.
Mürəkkəb inkişaf yolu keçmiş Azərbaycan teatrının repertuarı bu gün daha genişlənib. Tamaşaçıların zövqünü oxşayan müxtəlif tamaşaları bu gün Azərbaycanda fəaliyyət göstərən Akademik Milli Dram Teatrında, Bələdiyyə teatrında, Pantomim teatrında, Gənc tamaşaçılar teatrında və digər teatrlarda seyr etmək mümkündür. Müasir dövrümüzün ən maraqlı və ən populyar incəsənət növü hesab edilən kino xalqımızın həyatına nüfuz etmiş və onun ayrılmaz hissəsinə çevrilmişdir. Digər sənət növlərinə nisbətən yeni olan kinematoqrafiya tamaşaçı qarşısında insan qəlbinin dərinliklərini və yeni həyat üfüqlərini açıb göstərir. Milli kinomuz ildən-ilə zəngin təcrübə toplamış, xalqımızın həyatını və problemlərini əks etdirən müxtəlif növ və janrda xeyli əsər yaradılmışdır. Bu filmlər gələcək nəsillər üçün saxlanılmış, xalqımızın mənəvi sərvətinə çevrilmişdir.
Azərbaycan incəsənəti xalqımızın tarixi qədər qədim və zəngindir. Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi və xalq sənətinin müxtəlif növlərinin tətqiqi Azərbaycan xalqının yüksək mədəni irsə malik olmasını sübut edir. Azərbaycanın mədəniyyət və incəsənət xadimləri milli mədəniyyətimizin dünyaya çatdırılması istiqamətində daim səy göstəriblər və qismən də olsa buna nail olublar. Azərbaycan muğamının YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs siyahısına daxil edilməsi, görkəmli kino ustası, kinodramaturq və kinorejissor R. İbrahimbəyovun "Oskar" mükafatına layiq görülməsi və ümumiyyətlə, müxtəlif zamanlarda el sənətkarlarının düzəltdiyi əl işlərinin və toxuduğu xalçaların dünyanın məşhur muzeylərində mühafizə olunması buna əyani sübutdur.
Memarlıq və heykəltəraşlıq
Memarlıq - insanın həyat və fəaliyyəti üçün məkan mühitini əmələ gətirən bina və qurğular sistemidir. Bu bina və qurğuların gözəllik qanunlarına uyğun olaraq yaradılması sənətidir. Monumental memarlıqla bərabər tarix boyu xalq memarlığı da inkişaf edib. Mənsub olduğu xalqın həyat tərzini və estetik görüşlərini əks etdirən xalq memarlığı monumental memarlıq üçün tükənməz yaradıcılıq mənbəyi olub.
Memarlığın tarixi
Memarlıq tarixinin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvan MR-da, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət, Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misaldır.
Azərbaycanda Qobustanda aşkar edilmiş ən qədim yaşayış yerləri (mağaralar, müxtəlif primitiv sığınacaqlar və s.) ilə yanaşı, meqalit memarlıq abidələri - kromlexlər, menhirlər (çoban daşı), dolmenlər və siklop tikililəri geniş yayılıb. Hündür daşlardan quraşdırılmış bu qurğular el arasında "qalaça", yaxud "hörükdaş" adlanır. Naxçıvan şəhərinin yaxınlığındakı Çalxanqala (Tunc dövrü) və Arpaçay sahilindəki Qaratəpə divarındakı Oğlanqala (e.ə. II-I minilliklər) müdafiə tikililəri siklop tikililərə aid edilir. Güney Azərbaycanın ərazisində, Araz yaxınlığında da qala tikililəri (Bastam, Danalı, Qalaoğlu və s.) aşkar edilib.
Azərbaycan ərazisində e.ə. IX-VII əsrlərdə şəhərlər əmələ gəlib, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilib. Həsənli rayonunda abidələr kompleksi, Urmiya gölü sahilindəki qayalarda çapılmış sərdabələrin tədqiqi göstərir ki, Azərbaycanda VII əsrdən eyvanlı mənzil tipi təşəkkül tapmışdır. Həmin dövrün digər memarlıq qurğularından yeganə dini tikili olan od mehrabları dövrümüzə kimi gəlib çatmışdır.
VII əsrdən Azərbaycanda islam dininin yayılması ilə bağlı memarlığın da inkişaf yönü dəyişmişdir. Memarlıqda yeni tipli binaların - məscid, mədrəsə, türbə, karvansara və s. tikilməsi əsas xətt olmuşdur. Bu dövrdə islam dini ilə bağlı tikililərlə yanaşı, Qafqaz Albaniyasının bəzi əyalətlərində xristian məbədləri, müdafiə istehkamları inşa edilmişdir. Bunlardan indiki İsmayıllı rayonu ərazisində Cavanşir qalası (təqribən VII əsr), Qazax rayonunun Yuxarı Əskipara kəndi yaxınlığındakı qala kompleksi (V-VIII əsrlər), Qəbələ rayonundakı Böyük Əmirli kəndində (IV-VIII əsrlər) alban məbədləri, Oğuz şəhərində alban kilsəsi (orta əsrlər), Dağlıq Qarabağın Xocavənd rayonunda alban kilsəsi (I əsr) və s. diqqəti cəlb edir.
Heykəltəraşlıq haqqında
Heykəltəraşlıq - təsviri sənətin növlərindən biridir. Heykəltəraşlıqda insan və ya hər hansı təsvir obyekti həcmli formada yaradılır. Adətən, insan, bəzən isə heyvan təsvir edən (animalistik janr) heykəltaraşlığın imkanları boyakarlığa nisbətən bir qədər məhdud olur. Heykəllər əsasən 2 növə ayrılır: Həcmli və ya dəyirmi heykəllər; relyef heykəllər. Heykəlin daha yaxşı alınması üçün əsas plan, işıq müstəvisi, kütlə və həcm böyük rol oynayır. Heykəllərin hazırlanmasında müxtəlf materiallardan istifadə olunur: daş (mərmər, əhəngdaşı, qumdaşı, qranit və s.), taxta, sümük, metal (bürünc, dəmir, tunc və s.), gil, yanmış gil, keramika (terrakota, mayolika, saxsı, çini və s.) gips və digər materaillar. Ənənəvi materiallarla yanaşı, müasir heykəltəraşlıqda tamamilə fərqli materiallardan da istifadə olunur: şüşədən, buzdan, qardan, kağızdan da abidə hazırlayanlar var.
Ümumilikdə, heykəltəraşlıq sənətinin 3 sahəsi məlumdur. 1. Monumental. 2. Dekorativ. 3. Dəzgah heykəltəraşlığı.
Heykəltəraşlığın ən ibtidai forması - daşdan hazırlanan fiqurlardır. Orta əsrlərə aid edilən, Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış daş insan fiqurları heykəltəraşlığımızın daha təkmilləşmiş nümunəsi hesab edilir. Bayıl qəsrindəki daşoyma nümunələri (XIII əsr), məzarlar üzərinə qoyulan at və qoç fiqurlarını (XV-XIX əsrlər) da heykəltəraşlığın yeni və yaddaqalan səhifəsi saymaq mümkündür. Naxçıvanın Оrdubad bölgəsinin Biləv kəndində hicri 1088-ci ildə (miladi 1677-1678 illər) vəfat etmiş Səfərəlinin xatirəsinə hazırlanmış daş qоç fiquru var. Abidə üzərində qоyulan imzadan belə məlum оlur ki, qоç heykəlini Abid hazırlayıb. İndiyədək kənddəki qəbristanlıqda qalan və XVII yüzilliyə aid оlan çоxsaylı daş qоç fiquru tipli qəbirüstü xatirə abidələrinin bir hissəsini də həmin yüzillikdə yaşamış bu heykəltəraş - Abid hazırlayıb. Heykəltəraşlıq sənətinin ən məşhur nümunələri arasında XIII əsrdə Bakı limanında tikilmiş Şirvanşahların "Bayıl qəsri", yaxud "Səbayıl" adlanan memarlıq abidəsini göstərmək olar. Bu abidələr üzərindəki yazı və qabartma təsvirləri binanın dekorativ tərtibində həlledici rol oynayıb. "Bayıl daşlarında" yazılarla birlikdə insan və heyvan (pələng, dəvə, at, öküz, quş) təsvirləri dərin oyma üslubunda işlənilib. Friz xarakteri daşıyan "Bayıl daşları" vaxtilə quruda yerləşən möhtəşəm memarlıq abidəsinin dekorativ elementini təşkil edib.
Azərbaycanda heykəltəraşlığın inkişaf tarixi
Heykəltəraşlığın bugünkü mənzərəsinin yaranmasında Bakıda açılan rəssamlıq məktəbi və yerli kadrların SSRİ-nin müxtəlif mərkəzi şəhərlərində heykəltəraşlıq sənətinə yiyələnmələri böyük rol oynayıb.
Azərbaycan heykəltəraşlarının bir araya gətirilməsi və onların bir təşkilat ətrafında birləşdirilməsi Sovet dövrünün payına düşüb. Lakin bundan qabaq da Azərbaycanda plastika sənətinin biliciləri olmuşdur. Son illərin araşdırmaları sübut edir ki, 1920-ci ilə qədər də Azərbaycanda heykəltəraşlıq əsərləri yaradılıb. Bu nümunələr həm xalq sənətkarları, həm də Rusiyada və Avropada təhsil almış peşəkar heykəltəraşlar, sənətşünaslar tərəfindən hazırlanıb.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə də hələlik adları məlum olmayan heykəltəraşlar fəaliyyət göstəriblər. Qısa müddətdə fəaliyyət göstərmiş AXC-də bütün layihələrin həyata keçirilə bilməməsi səbəbindən nə əsərlərin özü, nə də müəlliflər barədə dəqiq məlumatlar yoxdur. Lakin bu layihələrin mövcudluğu haqqında mənbələrdə kifayət qədər informasiyalar gedib. Məsələn, dövlət gerbinin, bir sıra orden və medalların hazırlanmasında ilk peşəkar heykəltəraş Zeynal Əlizadənin fəal iştirakı olub. Azərbaycan müasir peşəkar heykəltəraşlığının təşəkkülü ilə bağlı Bakıda bir sıra monumental abidələr qoyulmuş, milli heykəltəraşlıq kadrları yetişmişdir. 1920-30-cu illərdə ilk azərbaycanlı heykəltəraşlardan İbrahim Quliyev, eləcə də Azərbaycanda yaşayan Yelizaveta Tripolskaya, Pinxos Sabsay və b. heykəltəraşların iştirakı ilə Bakıda heykəllər qoyulmağa başladı.
Heykəltəraşlıq təhsili
Əvvəllər Azərbaycan Dövlət İncəsənət Universitetinin nəzdində olan heykəltəraşlıq bölməsi adıçəkilən təhsil ocağından ayrılıb və Azərbaycan Rəssamlıq Akademiyası yaradılıb. Hazırda akademik Ömər Eldarovun rektorluq etdiyi həmin ali məktəbdə istedadlı heykəltaraşlar yetişdirilir.
Rəssamlar İttifaqının 100-120 nəfər heykəltəraş üzvü arasında həm peşəkar, həm də xalq yaradıcılığı bölməsində təmsil olunan heykəltəraşlar da var. Sonuncular qranit, mərmər və digər vasitələr üzərində təsvirlər yaratmaq və başqa işlər görməklə məşğuldurlar. Rəssamlar İttifaqına üzv olmaq istəyən heykəltəraşın azı 5-6 fərdi sərgisi keçirilməlidir.