Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2014-cü il tarixli, 409 nömrəli Fərmanı ilə yaradılmışdır.
Dövlət Xidməti mədəni irsin qorunması (Şuşa şəhərinin ərazisi, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyindəki dövlət qoruqlarının, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla), dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərindən (abidələrindən) istifadə, onların bərpası, rekonstruksiyası, konservasiyası və yenidən qurulması sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
Azərbaycan Respublikası Prezidentinin tarixi mirasımızın qorunması sahəsinə yüksək diqqət və qayğısının növbəti təzahürü olan 24 oktyabr 2019-cu il tarixli 844 nömrəli Fərman imzalanmış və bununla da dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətinin gücləndirilməsi, idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Dövlət Xidmətinin beş regional idarəsi (Bakı, Gəncə, Salyan, Qəbələ, Şabran) yaradılmışdır.
Hazırda Dövlət Xidməti dövlət mühafizəsinə götürülmüş 6114 tarix-mədəniyyət abidəsindən 4377-nə, eləcə də 1400-dən artıq yeni aşkar edilmiş abidə qismində qeydə alınmış tarix və mədəniyyət əhəmiyyətli obyektlərin mühafizəsinə nəzarət edir. Birbaşa nəzarətin həyata keçirilməsi işi Dövlət Xidmətinin 5 regional idarəsi vasitəsilə təmin olunur.
Dövlət Xidmətinin tabeliyində 13 tarix-mədəniyyət qoruğu fəaliyyət göstərir. Onlardan biri Qobustan Milli Tarix-Bədii Qoruğu UNESCO-nun ümumdünya irs siyahısına daxil olmaqla, həm yerli, həm də xarici turistlərin daim diqqət mərkəzindədir.
























