Şabran şəhəri
Abidənin adı: | “Qədim Şabran Şəhəri” |
Abidənin ünvanı: | AZ1725, Şabran rayonu, Şahnəzərli kəndi, yol kənarında |
Abidənin əhəmiyyət dərəcəsi: | Dünya əhəmiyyətli arxeoloji abidə |
İnventar: | 63 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 44. 41017 Y-koordinat: 55. 480 52 |
Abidənin tikinti tarixi: | Dövr: orta əsr Əsr: V-VI əsrlər |
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Şabran şəhəri tarixi mənbələrin verdiyi məlumata əsasən və qazıntıların nəticələrinə gorə V-VI əsrdə yaranıb. Şəhərin yaranması Şahinşah Xosrov I Ənuşiravanın adı ilə bağlıdır. Məşhur türk alimi Mahmud Qaşqari (XI əsr) şəhərin yaranmasını türk Sabir tayfaları ilə bağlayır. Şəhər XVIII əsrin ortalarına qədər fəaliyyət gostərmişdir. Aparılan qazıntılar gostərir ki, Böyük İpək Yolu üzərində yerləşən bu şəhər iqtisadi, ticarət və mədəni mərkəz kimi daim diqqət mərkəzində olmuşdur. Tədricən iqtisadi çətinliklərlə qarşılaşan və tez-tez yadellilərin basqınlarına məruz qalan Şabran XVIII əsrin ortalarında tarix səhnəsindən silinmişdir.
Keçən əsrin 30-cu illərindən başlayaraq həyata keçirilən elmi tədqiqatlar və 5000 kvadratmetrdən çox ərazidə aparılan arxeoloji qazıntılar xalqımızın maddi və mənəvi mədəniyyətini əks etdirən zəngin arxeoloji materiallar əldə etməyə imkan vermişdir.
Müəyyən dovrdən sonra yenidən 1980-ci ildə Şabran şəhərinin oyrənlməsinə başlanılmışdır. Bunun nəticəsində Şabranda 6 metr zəngin arxeoloji təbəqə aşkar edilmişdir. Təbəqə əsasən üç tikinti layından ibarətdir. Birinci tikinti dövrü IV-XVIII, ikinci IX-XİI və üçüncü XIII-XVIII əsrləri əhatə edir. Şabran şəhəri əvvəl çayın sol sahilində olmuşdur. VII-VIII əsrlərdən sonra cənuba doğru genişlənərək çayın sağ sahilini də tutmuşdur.
Şabran çayının hər iki sahilində qazıntı işləri aparılmışdır. Qazıntı işləri zamanı çiy və bişmiş kərpicdən, çay daşından, əhəng cinsli ağ daşlardan tikilmiş müxtəlif binaların qalıqları, istehsalat ocaqları aşkar edilmişdir.
İctimai binaların əksəriyyətinin döşəməsi daş və kərpiclə örtülmüşdür. Şabranda Azərbaycanda ilk dəfə olaraq IX əsrə aid kanalizasiya sistemi aşkar edilmişdir. Şəhərə təqribən 14 km aralıda yerləşən bulaqdan xüsusi tünüklər vasitəsilə su xətti çəkilmişdir. Qazıntılar zamanı çoxlu şirli və şirsiz keramika, fayans qablar, metal və şüşə məmulatı, qızıl, gümüş və başqa bəzək əşyaları tapılmışdır.
Şabran şəhərinin tarixi mənbələrdə gostərilən 12 qalasından ikisi, atəşpərəstlər məbədi, zərbxana, həbsxana, XI-XIV əsrlərə aid küçələr, sənətkarlıq məhəllələri, 3000-ə qədər numizmatika nümunəsi, arxeoloji ədəbiyyatda analoqu əks etdirilməyən yeni arxeoloji tapıntılar üzə çıxarılmışdır. Şabranda tapılan gil qab, bişirilən küpə orta əsrlər üçün nadir tapıntılardan hesab olunur. Şabran öz çörəyi, düyüsü və digər məhsulları ilə məşhur olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 27.09.2003-cü il 1343 №-li Sərəncamı ilə “Şabran şəhəri” tarix-mədəniyyət abidəsi qoruq elan edilmişdir. Ərazidə 1 arxeoloji abidə mövcuddur –(“Şabran şəhəri” Tarixi Qoruğu), dəniz səviyyəsindən 54 metr yüksəklikdə yerləşir.