Gilgilçay kompleksi

Abidənin adı:

“Gilgilçay İstehkamlar Kompleksi”

Abidənin ünvanı:

AZ1700, Şabran və Siyəzən rayonları

Abidənin əhəmiyyət dərəcəsi:

Dünya əhəmiyyətli arxeoloji abidə

İnventar:

65 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 41.147903

Y-koordinat: 49.064851

Abidənin tarixi:

Əsr: Orta əsrlər

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Sasani imperiyası Qafqaz Albaniyasını işğal etdikcə özünün şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək, habelə şimal xalqlarının hücumlarından qorunmaq üçün beş müdafiə səddi inşa edib. Tarixi mənbələrdə Sasani imperiyası ərazisində müdafiə sədlərinin tikilməsinə IV əsrin ikinci yarısından etibarən başlanılması qeyd olunur. Xüsusən Sasani şahı II Yezdəgirdin (437-457) Cənubi Qafqaz ölkələrini özünə tabe etməsinə əsaslanaraq Beşbarmaq və Gilgilçay sədlərinin II Yezdəgirdin dövründə tikildiyini söyləmək olar.

Gilgilçay səddi Dərbənd keçidində tikilmiş “Uzun divarlar” adlanan müdafiə istehkamlarından ən əhəmiyyətlisi hesab olunur. Gilgilçay səddi tikinti mürəkkəbliyinə və üslubuna görə bu qəbildən olan digər tikililərdən fərqlənir. Sədd Xəzər dənizinin qərb hissəsindən başlayaraq Siyəzən və Şabran rayonlarındakı Kolanı, Gilgilçay, Yenikənd, Eynibulaq, Çalğan, Qalaaltı, Çarax, Hacıiskəndər, Təkiyə, Ugah, Çinarlar, Nohurlar və s. kəndlərin ərazisindən keçərək Baba dağınadək davam edir. Sədd Böyük Qafqaz dağlarındakı keçid yerləri əhatə etməklə, Quba, Zaqatala ərazisindən keçərək Qara dənizin şərq sahillərinədək davam edir.

Bu tikili bəzən məşhur Çin səddi ilə müqayisə olunur. Çin səddinin hündürlüyü 10 metr, eni 5-6 metr olduğu halda, Gilgilçay səddinin bəzi yerlərdə hündürlüyü 15 metr, divarlarının eni isə 7 metrdən artıqdır.

Sədd tikilərkən onun plan quruluşu yerin relyefinə uyğunlaşdırılıb, müdafiə məqsədləri üçün təbii maneələrdən maksimum istifadə edilib. Səddin əhatə etdiyi ərazinin dörd yerində iri qala, qəsr, müdafiə məntəqəsi, habelə beş yerdə qədim yaşayış yeri qeydə alınıb. Müəyyən edilib ki, düzənlik hissədə bürclərarası minimal məsafə 29,5 m, maksimum məsafə 60 m, vahid qanunauyğunluğa əsaslanaraq orta ölçü isə 40 m-dir.

M.Kalankaytuklu “Alban tarixi” əsərində yerli əhalinin II Yezdəgirdə qarşı üsyan qaldırdığını qarşıdurmanın qalada baş verdiyini və Sasanilərin zorla qalanı tutaraq dağıtdığını qeyd edir. M.Kalankaytuklunun göstərdiyi qala, şübhəsiz, Beşbarmaq qalası və ona paralel sədd olması ehtimal olunur.

Bu müdafiə tikililəri ilə əlaqədar A.Bakıxanov “Gülüstani-İrəm” əsərində yazır: “Babi-Alan səddini İsfəndiyar tikdirib. Nuşirəvan isə yenidən bərpa etdirib. Həmin səddin hasarı, darvazanın yeri və şəhərin xarabası Qubanın Şabran mahalında Gilgilçayın kənarında bir təpə üzərində indi də mövcuddur”. Lakin səddin Nuşirəvan tərəfindən bərpa edilməsi fikri mübahisəlidir. Mənbələrdə qeyd olunur ki, bu sədd IX əsrdə bərpa edilib.