Qədim Şamaxı şəhəri

Abidənin adı:

Qədim Şamaxı şəhəri”

Abidənin ünvanı:

AZ 5600, Şamaxı şəhəri

Abidənin əhəmiyyət dərəcəsi:

Dünya əhəmiyyətli arxeoloji abidə

İnventar:

55 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.385602

Y-koordinat: 48.375485

Abidənin tikinti tarixi:

Əsr: antik dövr-orta əsrlər

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Azərbaycanın tarix mədəniyyət salnaməsində Şamaxının xüsusi yeri var. Rayon ərazisi qədim tariximizin yadigarları ilə zəngindir. Qədim Şamaxı – Xınıslı müasir Şamaxı şəhərinin içərisində Xınıslı məhəlləsində qədim yaşayış məskəni və qəbiristanlıqdır.

Yaşayış məskəni müxtəlif təbii və siyasi hadisələrlə əlaqədar dəfələrlə öz yerini dəyişib. Mədəni təbəqənin alt qatları İlk Tunc dövrünə, Kür-Araz mədəniyyətinə aiddir. Gil qablar, daş və sümükdən alətlər, silahlar buranın böyük yaşayış yeri olduğunu göstərir.

E.ə. VI-V əsrlərdə Xınıslı iri yaşayış məskəninə çevrilib, e.ə. IV əsrdən isə şəhər kimi formalaşıb. Müxtəlif formalı zövqlə bəzədilmiş saxsı məmulatı, incə şüşə qablar, metal məmulatı şəhərdə sənətkarlığın Ön Asiya, Roma və qonşu ölkələrdən gətirilmiş bəzək əşyaları, şüşə qablar və s. isə geniş iqtisadi və mədəni əlaqələrin inkişafını sübut edir. VI əsrdə Sasanilərin şimala hərbi yürüşləri zamanı Xınıslı şəhəri də dağıdılıb.

Qəbiristanda xeyli daş qutu qəbir tədqiq edilib, sasani və yerli alban sikkələri, möhürlər, şüşə, gümüş, saxsı qablar tapılıb. Maddi-mədəniyyət nümunələri Xınıslını yunan coğrafiyaşünası Ptolomeyin Qafqaz Albaniyasının yaşayış məntəqələri sırasında adını çəkdiyi Kemaxa və Memaxiya ilə eyniləşdirməyə imkan verir.

Xınıslı dəfinəsi 1958-ci ildə üzüm plantasiyaları salmaq məqsədilə təpəlik sahədə təsərrüfat işləri aparılarkən Xınıslı yaşayış yeri ilə birlikdə aşkar edilib. 300-dən çox gümüş sikkə tədqiq olunub. Külli miqdarda bənzətmə alban sikkələri ilk dəfə Xınıslı dəfinəsində aşkar edilib. Bu sikkələr əsasında əvvəllər ayrı-ayrı yerlərdən tapılmış naməlum pulları müəyyənləşdirmək mümkün olub. Xınıslı dəfinəsi hələ eramızdan əvvəl Azərbaycanda yerli sikkələrdən kəsildiyini, geniş pul əmtəə tədavülünün olduğunu göstərir.

Daş dövründən başlayaraq Azərbaycanda daş alətlərin və sənətkarlıq nümunələrinin hazırlandığı məlumdur. Daş işləmə texnologiyasını öyrənən yerli ustalar çaydaşı, çaxmaqdaşı, dəvəgözü, bazalt, tuf kimi daş növlərindən əmək alətləri, məişət əşyaları, silahlar hazırlayıblar. Şamaxı ətrafında əhəngdaşı və çaydaşı geniş yayıldığı üçün yerli ustalar daha çox belə daşlarla işləyiblər. Şamaxıda ilk dəfə daş heykəl Xınıslı yaşayış yerindən aşkar olunub. Böyüklüyü və möhtəşəmliyi ilə seçilən həmin daş heykəlin baş hissəsi qədim dövrdə sındırılıb. Azərbaycanda ən çox daş heykəlin aşkar olunduğu nekropol da Şamaxıda, Çıraqlı kəndindədir. Ata, əcdad kultu ilə izah olunan belə heykəllər I-IV əsrlərdə Şamaxı ətrafında geniş yayılıb. Bu, Şamaxı çevrəsində Şimali Qafqaz və Orta Asiyada məskunlaşan köçəri türk tayfalarının mədəniyyəti ilə sıx bağlıdır.