Böyük Mərdəkan

Abidənin adı:

"Böyük Mərdəkan qəsri"

Abidənin ünvanı:

AZ1076, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rafael Cəfərov küçəsi ilə Kolxozçu küçəsinin kəsişməsi

Abidənin əhəmiyyət dərəcəsi:

Dünya əhəmiyyətli memarlıq abidəsi

İnventar:

4.1 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.492028

Y-koordinat: 50.140673

Abidənin tarixi:

Əsr: XII əsr

Tikinti ili: 1187-1188-ci illər

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Abşeron yarımadası dünya əhəmiyyətli memarlıq abidələri ilə zəngindir. Onlardan biri də Bakının Xəzər rayonunda yerləşən Böyük Mərdəkan qəsridir.

Mərdəkan qəsəbəsində qərar tutan abidədə aşkar olunmuş epiqrafik lövhələrdə Şirvanşah Axsitan bin Manuçöhrün adı qeyd edilib. XIX əsrin birinci yarısında burada olmuş rus alimi İ.Berezin darvazanı hələ salamat halda görmüşdü və onun üstündə kitabənin olduğunu qeyd etmişdi. 1940-cı ildə burada aparılmış təmizləmə işləri zamanı həmin yazı aşkar edilir. Kitabədə yazılıb: “Bu qalanı Əmir Əbu Nəsr İzz-Əl-Mülk Əbu Əli b.Bakir ucaltmışdır”. Kitabədə göstərilən bu şəxsin Şirvan ordusunun hərbi sərkərdəsi olması güman edilir.

Vaxtilə qalanın üzərində daha bir kitabə olub. Hazırda bu iki daş layının üzərində (1,94 x 0,58 x 0,61 m) həkk olunmuş kitabə Sankt-Peterburqun Ermitaj muzeyində (Rusiya) saxlanılır. Kitabə 1853-cü ildə qalanın yanından tapılıb və Peterburqa göndərilib. Ərəb dilində olan kitabədə bu sözlər yazılıb: "...Dünyanın, islamın hökmdarı Şirvanşah Əhistan ibn Mönüçöhr. Beş yüz həştad üçüncü ildə...". Yəni hicri 583, miladi 1187-1188-ci il. Bu qeyd qalanın inşa tarixini açıq-aydın göstərir.

Bu qəsr aktiv mühafizə yeri, hücum zamanı ətrafda yaşayan əhali üçün sığınacaq, eyni zamanda mayak və ya minarə, yəni müşahidə məntəqəsi idi.

Şirvanşahlar dövlətinin hökmdarı I Axsitanın (II Manuçöhrün oğlu) hakimiyyəti dövründə Bakı limanında böyük donanma yaradılmışdı. 1175-ci ildə 73 gəmi ilə Bakıya hücum edən rusların qarşısı məhz bu donanma tərəfindən alınmışdı. 1191-ci ildə Şirvanşah I Axsitan öz malikanəsini Şamaxıdan Bakı şəhərinə köçürür və beləliklə də Bakı ilk dəfə Şirvanşahlar dövlətinin mərkəzi olur.

Abidənin 1976-cı ildə tərtib olunan pasportunda qəsrin bərpasının 1955-ci ildə həyata keçirildiyi bildirilir. Tiklinin mövcud fotoşəkillərinə əsasən qala divarlarının hündürlüyünü müəyyən etmək və onları tamamlayan hissəni bərpa etmək mümkün olub. Bürcü əhatələyən, hündürlüyü 8 metr olan qala divarının dağılan hissələri bərpa edilib.

Arxeoloji qazıntıların köməyi ilə bu divarların şərq tərəfində cənub-qərbə istiqamətlənmiş qəsr girişi aşkar edilib. Donjonun yuxarı hissəsində qalmış kronşteynlərə əsasən dağılmış hissələr və onu tamamlayan maşikullar bərpa olunub. Donjonun beş qata bölünən daxili məkanında ancaq birinci qatın tağvari örtük konstruksiyası salamat qalıb. Qalan səviyyələrdə isə divarda olan yuvalar onların düzbucaqlı ağac konstruksiyası ilə örtüldüyündən xəbər verir.