Kiçik Mərdəkan qəsri
Abidənin adı: | Kiçik Mərdəkan qəsri |
Abidənin ünvanı: | AZ1076, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şərq küçəsi |
Abidənin əhəmiyyət dərəcəsi: | Dünya əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 4.2 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.495653 Y-koordinat: 50.147169 |
Abidənin tarixi: | Əsr: XIII əsr Tikinti ili: 1203-1204-cü illər |
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Orta əsrlərin bir sıra yazılı qaynaqlarında Səlcuqlar, Elxanilər, Səfəvilər dövründə Azərbaycanın müxtəlif yerlərində dəbdəbəli qəsrlərin tikilməsi haqqında məlumat verilir. Bəzi abidələrin kitabələrindən Abşeron qəsrlərinin XII əsrdən başlayaraq XIV əsrə kimi daha intensiv tikildiyi bəlli olur. Görünür, Şirvanşahlar dövlətində Bakının siyasi-inzibati rolunun XII əsrdə yüksəlməsi təkcə bu şəhər-qalanın müdafiə tikililərinin möhkəmlənməsini deyil, həm də bütün Abşeronda güclü müdafiə sistemi yaradılmasını zəruri etmişdi.
XII yüzillikdə Abşeronun müdafiəsinə böyük diqqət ayrılmasının başlıca səbəblərindən biri yarımadaya şimaldan rus quldur gəmilərinin basqınları idi. Sahilboyu qatarlaşmış müdafiə qalaları yarımadanın içəri kəndlərində nisbətən seyrək yerləşdirilib. Qalalar eyni zamanda siqnal (işarə) rolunu oynayırdı. Araşdırıcıların hesablamalarına görə, bütövlükdə Abşeronda otuzdan artıq belə müdafiə tikilisi olub. Bu abidələrdən biri də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Kiçik Mərdəkan qəsridir. Kiçik Dairəvi qala 1203-1204-cü illərdə qumsal ərazidə tikilib. Lakin qalanın niyə məhz strateji cəhətdən daha əlverişli olan, yaxınlıqdakı qayalıq üzərində inşa olunmaması hələ də sual doğurur. Strateji baxımdan ən əlverişli yerlərdə ucalan qüllələr sistemi yarımadanın hər hansı bir bucağından düşmən təhlükəsi sorağını qısa bir zamanda bütün Abşerona yaya bilirdi.
Qala qapısının üst hissəsində dördbucaqlı böyük bir daş layın üzərində ərəb dilində yazılmış üç epiqrafik kitabə var. Birinci yazının məzmunundan göründüyü kimi, qala Şirvanşah Herşası bin Fərruxzad bin II Məniçöhrün (1204- 1225) dövründə tikilib. İkinci yazıdan məlum olur ki, qalanın sahibi qüdrətli sipehsalar İshak bin Kakuli olub. Bu şəxs Şirvan ordusunun ali sərkərdəsi idi. Həmin bu yazıda qalanın inşa tarixi hicri 600-cü ilin mordəd ayı göstərilir ki, bu da miladi təqvimlə 1203-1204-cü illərə uyğun gəlir. Divarın qərb hissəsinin hörgüsünə quraşdırılmış üçüncü kitabədə qülləni "Məsudun oğlu, memar Abd-al-Məcid tikmişdir” sözləri yazılıb.
Bərpa işləri zamanı abidənin ətrafında aparılan arxeoloji qazıntılar onun digər Abşeron qalaları kimi qala divarları ilə əhatələndiyini və ya tək ucaldılmış qala tipinə aid olduğunu müəyyənləşdirməyə kömək edib. Abidənin bütün üslub
xüsusiyyətləri onu Abşeronun qəsr memarlığına xas olan bir sıra qala tikililəri ilə eyni cərgəyə qoyur.