Ramana qəsri

Abidənin adı:

"Ramana qəsri"

Abidənin ünvanı:

AZ1037, Bakı şəhəri, Ramana qəsəbəsi, Baba Babazadə küçəsi

Abidənin əhəmiyyət dərəcəsi:

Dünya əhəmiyyətli memarlıq abidəsi

İnventar:

4.3 ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.456198

Y-koordinat: 49.980143

Abidənin tarixi:

Əsr: XII-XIV əsrlər

Tikinti ili: Məlum deyil

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Abşeron qəsrləri Avropa və Şərq mədəniyyətində hərbi memarlığın unikal örnəklərindən hesab olunur. Abşeronun əlverişli şəraiti, təbii sərvətləri qonşu dövlətlərin diqqətini özünə cəlb edirdi. Buna görə də, bəzi alimlər hesab edir ki, qəsrlər yerli feodallar tərəfindən basqınçılardan qorunmaq məqsədilə tikilib. Digərlərinin fikrincə, Abşeron qəsrləri Dərbənddən başlayıb İran ərazisində bitən yeganə müdafiə sisteminə daxil idi. Abşeron qəsrləri bir-birindən uzaq olmayan məsafədə, əsasən yarımadanın şimal-şərq sahilində tikilib. Basqın zamanı hər qəsrin üstündə yanan od və ya tüstü ilə müdafiəçilər qonşu kəndə işarə edərək hadisə barədə xəbərdarlıq ediblər.

Abşeron qəsrləri bir çox səyyahları və alimləri maraqlandırıb, onlara həsr olunmuş kitab və məqalələr yazılıb. Şimali Azərbaycana xarici müdaxilənin qarşısını almaq məqsədilə tikilmiş Abşeron qəsrləri memarlıq həllinə görə daha özünəməxsusdur. Dairəvi və ya prizma formalı donjonlar ətrafına əzəmətli hasar çəkilib, kiçik, dördbucaqlı həyətlərin mərkəzində inşa edilib. Abşeronda qəsrlər bir-birinə yaxın yerləşirdilər. Onlar əsasən XII-XIV əsrlərdə tikilib.

Abşeronda yerləşən bu tipli qalalardan biri də XIII-XIV əsrlərdə feodalın tipik istehkamı olan paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsindəki qəsrdir. Tikili qorunmuş vəziyyətdə dövrümüzə qədər gəlib çıxıb. Ağ daşdan tikilən qalanın dəqiq inşa tarixi bəlli deyil. Güman ki, müdafiə məqsədilə tikilib və Şirvanşahlar dövləti dövründə qəsr kimi istifadə olunub.

Tarixçilər Ramana qalasından Qız qalasına vaxtilə yeraltı yolun olduğunu qeyd ediblər. Böyük inkişaf yolu keçmiş Şirvan-Abşeron memarlıq abidələri üçün daş konstruksiyalar, tikililərin həcm-məkan həllinin lakonikliyi, daş üzərində oyma, bitki ornamentləri səciyyəvidir.

Dünya əhəmiyyətli memarlıq abidəsi Ramana qəsri bu məktəbin ən yaxşı nümunələri sırasına daxildir.

İş saatı: 10.00 - 18.00