Allah Allah türbəsi

Abidənin adı:

"Allah-Allah" türbəsi və ya “Nüşabə” qalası

Abidənin ünvanı:

AZ0900, Bərdə şəhəri, Nüşabə küçəsi

Abidənin əhəmiyyət dərəcəsi:

Dünya əhəmiyyətli memarlıq abidəsi

İnventar:

6 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.383079

Y-koordinat: 47.127824

Abidənin tarixi:

Əsr: XIV əsrlər

Tikinti ili: 1322-ci il

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Qədim tarixə, zəngin mədəniyyətə malik Bərdə şəhəri həm də abidələr diyarıdır. Bərdənin qədim abidələrindən biri də "Allah-Allah" türbəsi və ya “Nüşabə” qalasıdır. "Allah-Allah" türbəsi dövrümüzə nisbətən qeyri-kafi vəziyyətdə gəlib çatıb. 1958-1963-cü illərdə abidədə tədqiqat və təmir-bərpa işləri aparılıb. Türbə Naxçıvan memarlıq məktəbinin xarakterik nümunələrindən hesab olunur.

“Allah-Allah” türbəsi 1322-ci ildə memar Əhməd ibn Əyyub əl-Hafiz Albannai ən-Naxçıvani tərəfindən inşa edilib. Bu barədə türbənin şimal portalı üzərindəki yazılarda məlumat verilir. Bu mənbə eyni zamanda sübut edir ki, hələ XIV əsrdə Naxçıvan memarlarını başqa bölgələrə də sifarişlə iş görməyə dəvət edirmişlər. Onlar da Naxçıvan memarlıq məktəbinin ənənələrini öz əsərlərində yaşadıblar. Təəssüf ki, dairəvi Bərdə türbəsinin kim tərəfindən sifariş edilməsi barədə dövrümüzə dəqiq məlumat gəlib çatmayıb. Türbənin üzərində də bu barədə məlumat yoxdur. Çox güman ki, türbənin sifarişçisi barədə məlumat abidənin üzərində varmış. Çünki türbənin üzərində yazıların bir hissəsi məhv edilib. Belə bir fərziyyə var ki, türbə Elxanilər nəslinin nümayəndəsi üçün inşa olunub. Abidənin geniş sahədə yerləşməsi, hasara alınması da bu tikiliyə xüsusi diqqətin olmasına sübutdur. Türbənin əsl günbəzi zəmanəmizə gəlib çatmayıb.

Abidənin "Allah-Allah" adı ilə tanınması onun üzərində kaşı ilə "Allah" kəlməsinin dəfələrlə təkrarlanmasından irəli gəlir. El arasında isə abidəyə “Nüşabə” qalası da deyilir. Memar məqbərənin kaşı ilə bəzədilməsinə xüsusi diqqət verib. Divar üzərində çoxsaylı kufi ornamentlər və yazılar var. Özbək memarlarının fikrincə, Azərbaycanda Bərdə və Qarabağlar türbələrində “mayolik” mozaika ən mükəmməl şəkildə təmsil olunur. Bu bədii texnika Özbəkistana və Azərbaycana İrandan gəlib. XII əsrdə Əcəmi tərəfindən Möminə xatın türbəsinin inşasından sonra, kaşı işləmələrlə qülləvarı türbələr Şərqdə geniş yayılıb.

Mədəniyyət Nazirliyi tərəfindən 2018-ci ildə Bərdə türbəsində və Torpaqqala kompleksində bərpa işləri aparılıb. Abidənin betondan quraşdırılmış qəzalı günbəzi tam sökülərək yenidən hörülüb və kaşılı kərpiclə üzlənib. Burada 427 kvadratmetr sadə və mürəkkəb formalı kaşı elementləri hazırlanaraq tətbiq edilib. Sərdabənin pilləkəni şüşə örtüklə bağlanıb və burada mərmər sənduqə quraşdırılıb. Türbənin yerləşdiyi iki hektar ərazini əhatə edən Torpaqqala divarları da bərpa olunub.