Qədim Şəmkir Şəhəri
Abidənin adı: | “Qədim Şəmkir Şəhəri” |
Abidənin ünvanı: | AZ5700, Şəmkir rayonu, Qədimqala kəndinin şimalında |
Abidənin əhəmiyyət dərəcəsi: | Dünya əhəmiyyətli arxeoloji abidə |
İnventar: | 62 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.50703 Y-koordinat: 46.73436 |
Abidənin tarixi: | Əsr: Orta əsrlər |
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Qədim Şəmkir şəhər yeri Şəmkir rayonunun Qədimqala kəndinin şimalında, Şəmkir çayın sahilində yerləşir. Abidə V-VI əsrlərdən XIII əsrin 30-cu illərinədək Şəmkir şəhərinin mövcudluğunu sənədləşdirir, Azərbaycanda müsəlman şəhərinin və şəhərsalma mədəniyyətinin təşəkkül tapması, inkişafı və səciyyəvi xüsusiyyətlərini izləməyə imkan verir.
Yazılı mənbələrdən bəlli olur ki, hələ ərəb fəthləri dövründə Şəmkir şəhəri mövcud idi. IX əsr tarixcisi Əhməd əl-Bəlazuri qeyd edir ki, Salman ibn Rəbiyyə əl-Bahili qədim şəhər hesab olunan Şəmkiri fəth etdi. Böyük İpək Yolu üzərində yerləşən bu şəhər IX əsrin ikinci yarısı- X əsrdə yüksəliş keçirərək məşhur sənətkarlıq və ticarət mərkəzinə çevrilmişdi. XI-XII əsrlərdə Şəmkir çiçəklənmə çağını keçirmiş, Şəddadilər, daha sonra Azərbaycan Atabəyləri dövlətlərinin hərbi-siyasi, iqtisadi və mədəni həyatında layiqli mövqeyə malik olmuşdur. Şəhərin ardıcıl, yüksələn inkişafı monqol işğalı ilə dayandırılmışdır. Monqollar şəhəri zəbt etdikdən sonra onu amansızlıqla dağıtmış, əhalisini qılıncdan keçirmişdir.
Şəhər xarabalıqları planda dördbucağa yaxın formadadır. Abidə üç topoqrafik hissədən - narınqala (içqala), şəhristan (içərişəhər) və rabaddan (bayırşəhərdən) ibarətdir. Qala divarları ilə müdafiə olunan şəhristanın sahəsi 20 hektardan artıqdır. Şəhər sakinlərinin həyat fəaliyyətini əks etdirən mədəni təbəqənin qalınlığı şəhristanda 3 m, Narınqalada isə 5 metrdən artıqdır. Möhtəşəm qala divarları ilə qorunan Narınqala şəhristanın şərqində, Şəmkirçayın sol sahilində yerləşir və 1 hektara yaxın sahəyə malikdir. Narınqalanın 60 % ərazisi arxeoloji qazıntılar nəticəsində açılaraq küçə şəbəkəsi, istehkam tikililəri, dövlət və ictimai binaları, məişət və təsərrüfat tikililəri, mühəndis qurğuları ilə birlikdə kompleks halda tədqiq olunub.
Rabad şəhristanın divarlarından cənuba, şərqə və qərbə genişlənirdi. Vizual arxeoloji tədqiqatlar şəhər məhəllərinin Şəmkir çayın sağ sahilini də əhatə etdiyini göstərir. Rabadın şəhristanın cənub divarından cənubdakı məhəllələrinin qalıqları üzərində müasir Qədimqala kəndi salınıb. Şəhristanın qərb divarından qərbdə arxeoloji tədqiqatlar nəticəsində orta əsrlərə aid kəhriz xətti aşkarlanıb. Şəhristanın şimal divarından şimalda, Şəmkirçayın yüksək sahilində şəhər qəbiristanı yerləşirmiş. Yoxlama qazıntıları zamanı bu ərazidə XI-XII əsrlərə aid müsəlman qəbirləri aşkarlanıb.
Şəmkir çayın yatağında iki körpü qalıqlarından biri, görünür, XI əsrə aiddir və Böyük İpək Yolu ilə bağlıdır. Aran memarlıq məktəbinə xas çaydaşı, bişmiş kərpic və yerli ağ daşdan kombinə hörgü ilə inşa olunmuş həmin körpünün vaxtilə eni 4,5-6m, hündürlüyü 10-12 m, uzunluğu isə 300 metrə yaxın olmuşdur. İkinci körpünün qalıqları daşdan inşa olunub və son orta əsrlərə aiddir. Qalıqlar onun şəhristana deyil, ondan şimala, şəhər qəbiristanlığının yerləşdiyi səmtə istiqamətləndiyini düşünməyə əsas verir.