Məbəd Ləkit

Abidənin adı:

“Məbəd”

Abidənin ünvanı:

AZ3424, Qax rayonu, Ləkit kəndi

Abidənin əhəmiyyət dərəcəsi:

Dünya əhəmiyyətli memarlıq abidəsi

İnventar:

8 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 41.284252

Y-koordinat: 46.505965

Abidənin tarixi:

Əsr: V-VI əsrlər

Tikinti ili: məlum deyil

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Qafqaz Albaniyasının Erkən Orta əsr monumental memarlığının yüksək səviyyəsinin təsdiqi günbəz memarlığıdır. Günbəzlərin ilk yaranma tarixi bəlli deyil, lakin günbəzvarı örtüklərlə sentrik binaların ucaldılmasının dərin yerli ənənəsi iddia etməyə imkan verir ki, günbəz konstruksiyalarının tikilmə texnikasını bölgəmizdə birinci olaraq alban memarları mənimsəmişlər.

Azərbaycan memarlığı tarixində alban memarlığının yüksək nailiyyətlərini və orijinallığını təsdiq edən üç dairəvi məbəd xüsusilə mühüm önəm daşıyır. Qafqaz Albaniyasının bu üç məbədi, bir-birindən memarlıq-planlaşdırma özəllikləri və konstruktiv həlli ilə fərqlənən, dairəvi konfiqurasiya planına, günbəzlə tamamlanan çoxyaruslu kompozisiyaya malikdirlər.

Bu tipli məbədlər arasında daha erkən yaradılmış dünya əhəmiyyətli memarlıq abidəsi olan Ləkit məbədi xüsusi yer tutur. Onun tikilməsi zamanı Albaniyada artıq dairəvi məbədlər məlum idi, onlardan ikisinin – Kilsədağ və Mamrux məbədlərinin xarabalıqları çağımıza kimi gəlib çıxıb. Bunlar 10,40 m və 12,80 m diametrində balaca məbədlər idi. Zaman daha iri dini tikililərin yaradılmasını tələb edirdi. Buna görə də yeni “tetrakonx” adlanan kompozisiya meydana gəldi. Ləkit məbədi bu tipli abidələr arasında ən erkənidir.

Abidə kəndin qırağında, fındıq ağacları əkilmiş hündür sahənin lap kənarında ucalır. Ləkit məbədi az yayılmış memarlıq tipinə – dairəvi dəhlizi olan tetrakonx tipinə aiddir. O, planda dördləçəkli şəklində daxili hissədən və onu əhatə edən halqaşəkilli dövrələmədən ibarətdir. Abidə ilk dəfə rus alimi P.Baranovski tərəfindən tədqiq olunmuş və onun “Qum və Ləkit kəndlərinin abidələri” məqaləsində təsvir edilib.

Qafqaz Albaniyasında və bütün Cənubi Qafqazda tetrakonx tipli ilk məbəd olan Ləkit məbədi V əsrdə tikilib. Məbədi inşa edən memar və ustalar günbəz tikintisi sahəsində alban memarlığının qədim ənənələrindən və daha erkən nümunələrdə toplanan, planda dairəvi çoxqatlı məbədlərin tikilmə təcrübəsindən istifadə edərək gözəl abidə yaratmağa nail olublar.

Abidənin dağılmasının əsas səbəbi onun yarğanın üstündə yerləşməsidir. Buna görə abidənin əsasən şərq hissəsi dağılıb. O cümlədən apsidası və onun cənubunda və şimalında tikilmiş pastoforiyalar aşınmaya məruz qalıb. Şimal pastoforiya daha çox dağılıb, demək olar ki, onun yalnız qərb divarı mövcüddur. Abidənin sütunları müxtəlif vəziyyətdə günümüzə çatıb, onlardan ikisinin (qərb divarına yaxın) qalıqları aşkar edilib.