Sınıq körpü

Abidənin adı:

"Sınıq körpü"

Abidənin ünvanı:

AZ3530, Qazax rayonu, II Şıxlı kəndi

Abidənin əhəmiyyət dərəcəsi:

Dünya əhəmiyyətli memarlıq abidəsi

İnventar:

7 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 41.328708

Y-koordinat: 45.073215

Abidənin tarixi:

Əsr: XII əsr

Tikinti ili: məlum deyi

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur


Abidəyə dair tarixi məlumatlar:
XII-XIII əsrlərdə Azərbaycanda bir sıra əzəmətli körpülər tikilib. Onlardan biri də Qazax rayonunda Xram çayı üzərində salınan "Qırmızı körpü"dür. Qədim karvan yolunun üstündə olan bu körpü el arasında "Sınıq körpü" də adlanır. Mənbələrdə körpünün bel hissəsinin sınıq olmasına görə belə adlandırıldığı bildirilir.

Körpünün dəqiq tikilmə tarixi bəlli deyil. Bəzi qaynaqlarda deyilir ki, guya “Sınıq körpü”nün divarında daş kitabələr olub və orada körpünün kim tərəfindən və nə vaxt tikildiyi göstərilibmiş. Lakin sonradan gürcülər abidənin tarixini mənimsəmək məqsədilə bu kitabələri məhv ediblər.

Bəzi tarixçilər körpünün daha qədim dövrlərdə tikildiyini irəli sürürlər. İndiki “Sınıq körpü”nün yaxınlığında başqa bir körpünün qalıqları da var. Onun da tarixi barədə dəqiq məlumat yoxdur. Bir sıra tarixçilər iddia edir ki, “Sınıq körpü"nün qonşuluğundakı qədim körpü üzərindən Makedoniyalı İsgəndərin kəşfiyyat dəstələri indiki Gürcüstan ərazilərinə keçiblər.

Tədqiqatçıların əksəriyyəti, o cümlədən ingilis tarixçisi Poup və sənətşünaslıq doktoru L.Bretanitski körpünün tarixini XI-XII əsrə aid edirlər.

“Sınıq körpü” üslub xüsusiyyətlərinə görə Xudafərin körpüləri ilə oxşardır. Buna görə də “Sınıq körpü”nü eyni məktəbə və təqribən eyni zamana (XII əsrə) aid edirlər. Mütəxəssislər körpünün memarlıq üslubu və tikinti texnikasının Azərbaycan memarlığına məxsus olduğunu qeyd edirlər.

Bəzi mənbələrdə isə tikilinin XVII əsrdə inşa edildiyi bildirilir. Bu fikir əsasən gürcü çarı Rostomun hakimiyyəti dövründə (1632-1658) “Sınıq körpü”nün təmir (1647) olunması ilə bağlıdır.

“Sınıq körpü”nün adı barədə də alimlər arasında yekdil fikir yoxdur. Fransız səyyah-tarixçi Dyübua de Monpere 1824-cü ildə çap edilmiş “Qafqaza səyahət” kitabında yazırdı ki, ruslar onu “Qırmızı körpü”, gürcülər “Qathihili khidi”, tatarlar "Sınıq körpü" adlandırır.

Rusiya Azərbaycanı işğal etdikdən sonra da Qazax camaatı arasında bu körpü öz adını qoruyub saxlayıb. 1801-ci ildə Qazax sultanlığı Rusiyaya birləşdirilib və həmin vaxtdan “Sınıq körpü"yə nəzarət rus qoşununun ixtiyarına verilib. Məhz bu tarixdən sonra Rusiya imperatorluğunun sənədlərində “Sınıq körpü” “Qırmızı körpü” kimi adlandırılmağa başlanıb.

1973-cü ildə körpünün dayaqlarında dəmir-beton konstruksiya ilə möhkəmləndirmə işləri aparılıb. Dünya əhəmiyyətli memarlıq abidəsi olan körpünün tam bərpa layihəsi hazırlanıb və 2018-2020-ci illərdə bərpa işləri həyata keçirilib.