26 APREL ; "Azərbaycanda epiqrafika və Ağsu epiqrafikası"
26 aprel saat 15:00-da "Azərbaycanda epiqrafika və Ağsu epiqrafikası" mövzusunda faydalı, eyni zamanda maraqlı seminar keçiriləcək.
Müzakirəmizdə arxeoloji qazıntılar və epiqrafik abidələrdən Azərbaycanda epiqrafika və Ağsu epiqrafikasına qədər uzun söhbətimiz olacaq.
Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Sabir Khalilli, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru Həbibə Əliyeva seminarımızda öz təcrübəsini sizinlə bölüşəcək.
Seminara qoşulmaq üçün #zoom proqramını yükləyə bilərsiniz.
Meeting ID: 840-4756-0861
Aprelin 26-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və onun "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə "Azərbaycanda epiqrafika və Ağsu epiqrafikası" mövzusunda onlayn seminar keçirilib. Seminarın məruzəçiləri Qoruğun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru Həbibə Əliyeva olub. Fariz Xəlilli qeyd edib ki, Azıx adamının ayı kəllərində cızdığı xətlərlə başlayan informasiya ötürmə Qobustan, Babadərviş, Qaracəmirli, Şahtaxtı təsvirləri ilə piktoqrafik işarələr dövrünə qədəm qoyub. Xocalıda assur dilində mixi yazı, Qobustanda latın yazısı, Şəkidə yunan yazısı və Xarabagilanda arami yazılı kitabələri Mingəçevirdə alban əlifbalı alban yazısı izləyib. Ərəb əlifbasının kufi, süls, nəsx, nəstəliq xətlərində kitabələri daş, saxsı, metal, parça, ağac, şüşə üzərində həkk olunub. Orta əsr Ağsu şəhərində türk, ərəb, fars, holland, ingilis, alman, çin, rus, gürcü dillərində nümunələr üzə çıxıb. Ağsu ekspedisiyasının üzvlərinin Gəgəli yaylağı, Basqal və Avaxılda apardığı tədqiqatlarda da kitabələrə rast gəlinib. Həbibə Əliyeva isə Orta əsr Ağsu şəhəri və Şeyx Dursun türbəsi ətrafında öyrənilən daş kitabələr haqqında danışıb. O, qeyd edib ki, Orta əsr Ağsu şəhəri ətrafında üç qəbristanlıqda 200-dən çox qəbir abidəsi öyrənilib, inventarlaşdırılıb, estampları çıxarılıb, oxunub və nəşrə hazırlanıb. Ağsu Cümə məscidinin həyətində məscidin imamının qəbirinin kitabəsi də üzə çıxarılıb. Şeyx Dursun türbəsi kitabəsinin tarixi dəqiqləşdirilib, ətrafındakı qəbir daşları da inventarlaşdırılıb, estampları çıxarılıb, oxunub və nəşrə hazırlanıb. Müzakirələrdə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin şöbə müdiri Mahir Qəhrəmanov, Quba Soyqırımı Kompleksinin direktoru Dr. Rəxşəndə Bayramova, Trabzon Univeristetinin müəllimi Dr. Kamran Abdullayev, İstanbul Bəylərbəyi Sabancı Yetkinləşmə İnstitutu Restavrasiya və Konservasiya Laboratoriyasının məsul işçisi Dr. Rəqsanə Həsənova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin doktorantı Günel Baxışova, müstəqil tədqiqatçılar Faiq Nəsibov, Üzeyir Mikayıl, Hüseyn Mirzəyev və digər iştirakçılar fəal iştirak ediblər. Qobustan, Quba, Biləsuvar, Qəbələ arxeoloji və epiqrafik abidələri, əlyazmalarla qarşılıqlı müqayisələr, kitabələrin ətraf mühit və bakteriyalardan qorunması vəziyyəti, alban kitabələrinin azlığı və onların oxunması problemləri, daş həkkakları haqqında informasiyalar ətrafında müzakirələr aparılmışdır.
Bütün iştirakçılara dərin təşəkkürümüzü bildirir, növbəti seminarlarımıza qatılmalarını səbirsizliklə gözləyirik.