30.09.2026

Milli Azərbaycan Tarixi Muzeyində “Mavi günbəzin sirri” sərgisinin açılışı olub

Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının “Həzrəti Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu tərəfindən hazırlanmış “Mavi günbəzin sirri” adlı beynəlxalq sərginin açılışı keçirilib.

Sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə mədəni-humanitar əməkdaşlığın inkişafı və türk xalqlarının ortaq irsinin təbliği məqsədilə təşkil edilib.

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı, “Həzrəti Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun direktoru Yerlan Dakenov, eləcə də Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri Leyla Həsənova və Maksat Arqınbekov belə layihələrin Azərbaycan və Qazaxıstan arasında, eləcə də bütövlükdə Türk dünyasında mədəni əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətini vurğulayıblar.

Sərgi ziyarətçiləri qədim Türküstanın zəngin tarixi-mədəni irsi, Xoca Əhməd Yəsəvi məqbərəsinin memarlıq xüsusiyyətləri və epiqrafik nümunələri ilə tanış edir. Ekspozisiyada XII əsrə aid orijinal terrakota plitələri, XIV əsrə aid şirli kaşı fraqmentləri, mayolika və mozaika elementləri, həmçinin kufi yazıları və ərəb xəttatlığı nümunələrinin fotoşəkilləri təqdim olunur.