Qoruğun adı: “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu
Qoruğun ünvanı: AZ0600, Ağsu rayonu, Ağsu şəhəri
Qoruğun yaradılma tarixi: Azərbaycan Respublikası Prezidentinin 22.10.2019 tarixli 1498 nömrəli Sərəncamı ilə yaradılmışdır.
Qoruğun ümumi sahəsi: 104,70 ha
Qoruğun istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Qoruğun iş saatları: 09:00-18:00
Facebook səhifəsi: https://www.facebook.com/aksur...
Instagram səhifəsi: https://www.instagram.com/agsu...
Qoruğa dair tarixi məlumatlar: Orta əsr Ağsu şəhəri XVIII əsrdə əhalisinin sayına və ərazisinə görə Azərbaycanın ən böyük şəhəri idi. 1735-ci ilin mayında Nadir şah tərəfindən Ağsu kəndi yaxınlığında tikdirilən qala uzun müddət bu bölgədə ən əhəmiyyətli iqamətgah olmuşdur. Nadir şahın bölgəyə təyin etdiyi hakimlər - Şirvan xanları bu qalada otururdular. Ağsu qalası Nadir şaha qarşı Şirvan zadəganlarının üsyanlarının mərkəzi də olmuşdur. Bu qalaya Şəkili Hacı Çələbi xan və Məhəmmədhəsən xan, Qubalı Hüseynəli xan, Fətəli xan və Şeyxəli xan, Ağa Məhəmməd şahın sərdarları Mustafa xan Dəvəli və Əliqulu xan, rus sərkərdəsi qraf Valeryan Zubov, Naibüssəltənə Abbas Mirzə hücum etmiş, mühasirədə saxlamış, bəziləri almış, bəziləri isə uğur əldə edə bilməyərək kor-peşman geri qayıtmışlar. XVIII əsrin məşhur səyyahları Samuel Qmelin, Biberşteyn, Bronevski və başqaları bu qala haqqında yazmışlar. Ağsuda iki dəfə taun xəstəliyi yayılmış, xeyli insan bundan vəfat etmişdi. Şirvan xanları dövründə Ağsuda sənətkarlıq, ticarət, mədəniyyət xeyli inkişaf etmişdi.
İş saatı: 09:00-18:00
Abidənin adı: "Buzxana"
Abidənin ünvanı: AZ0600, Ağsu rayonu, Ülgüc kəndi
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi
Inventar: 808/1 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 40.534681
Y-koordinat: 48.394107
Abidənin tikinti tarixi:
Əsr: XVIII əsr
Tikinti ili: 1735-ci il
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Orta əsr Ağsu şəhərində VII qazıntı sahəsi adlandırılan ərazidəki ən çökək yerdə aparılan tədqiqat zamanı buzxana-anbar aşkar edilmişdır. Həmin çökəklik kosmosdan çəkilmiş fotolarda belə aydın izlənilir. Buzxana-anbarın ümumi uzunluğu 30 m, eni 8 m təşkil edir. İçərisində çoxlu miqdarda daş töküntüsü vardır. Onların da hamısı tikintidə istifadə olunmuş, yəni, ən azı bir tərəfi yonulmuş daşlardır. Tədqiqatlar davam etdirilərkən tikintinin şərq divarının içəri tərəfdən gəc məhlulu ilə səliqə ilə suvandığı məlum olmuşdur. Şimal tərəfdə isə binaya girişə aid olan daş pilləkən qalıqları aşkara çıxarılmışdır. Təmizlənmiş pillələrin sayı 20 ədəddir. Pilləkənin eni 1,3 metrdir. Qazıntı işləri davam etdirilərkən qərb və cənub istiqamətlərdə də divar qalıqları aşkar edilmişdir. Diqqət çəkən məqamlardan birisi də odur ki, binanın divarlarının möhkəmliyini təmin etmək məqsədilə bir çox yerdə ağac kəmər – kətil işlənmişdir. Sonradan divar suvanarkən həmin kəmər də suvağın altında qalmışdır. Əvvəlcə şimal tərəfdə binanın içərisi döşəməyədək təmizlənib. Təmizləmə işi davam etdirilərkən tikintinin döşəməsinin bişmiş kərpicdən ibarət olduğu üzə çıxıb. Kərpiclərin ölçüsü 22x22x4 sm və 22,5x22,5x4 sm-dir. Tikintinin şimal hissəsində qazıntı davam etdirilərkən kərpic döşəmənin üzərində qalınlığı 70-80 sm olmaqla lil təbəqə qeydə alınıb. Tədqiqatın sonrakı mərhələsində lil təbəqəsinin eyni ilə bütün ərazini əhatə etdiyi müəyyən olunub. Bu o deməkdir ki, XVIII əsrin sonlarında güclü leysan yağışları və ərazini sel basması nəticəsində binanın içərisinə lilli su dolmuşdur. Suyu çəkildikdən sonra isə orada qalın lil təbəqəsindən ibarət çöküntü qalmışdır. Tikintidən və onun ətrafından tapılmış xeyli miqdarda top mərmisi və güllələr binanın rus ordusunun Şirvana hücumu zamanı tamamilə dağıdıldığını düşünməyə əsas verir.
Təbiidir ki, dörd tərəfi möhtəşəm divarlarla əhatə olunan və yer səthindən 7 metr dərində olan sahənin torpağını, tör-töküntü vəziyyətdə olan daş və kərpicləri təmizləmək və onları kənara çıxarmaq ekspedisiya heyəti üçün getdikcə daha artıq çətinlik yaratmışdır. İçərisi tam şəkildə təmizləndikdən sonra anbar-buzxananın ümumi görünüşü və bütün ölçüləri tam şəkildə müəyyən edilmişdir. Binanın ümumi sahəsi 243.3 kv.m, içəridən uzunluğu 30 m, çöldən-çölə uzunluğu 34.6 m, daxildən eni 8 m, çöldən eni 11.7 m, divarlarının qalınlığı 1.9 m-dir. Döşəmədə hər sırada eninə 34, uzununa 127 ədəd kərpic döşəməklə cəmi 4318 ədəd kərpicdən istifadə olunmuşdur. Tikili xanlığın baş buzxana-anbar funksiyasını daşımış, birbaşa şəhər və ya xanlığın rəhbərliyinin sərəncamında olan strateji məhsulların, həm də daha çox ərzaq məhsullarının saxlanılması üçün istifadə edilmişdir. Məlum olduğu kimi, Ağsu kifayət qədər isti iqlimə malik ərazidə yerləşir. Yay aylarında orada hərarət xüsusilə yüksək olur. Belə çətin iqlim şəraiti olan yerdə ərzaq məhsullarının, xüsusən də gündəlik tələb olunan ərzaq məhsullarını saxlamaq olduqca çətindir. Qədim və orta əsrlər dövründə bu qəbildən olan ərzaq məhsullarının saxlanması məqsədilə buna bənzər yeraltı tikili və qurğulardan geniş istifadə olunduğu bəllidir. Ağsuda aşkar edilmiş XVIII əsrə aid buzxana-anbar hələlik Azərbaycan ərazisində elmə məlum olan bu növ tikintilərin demək olar ki, ən nəhəngi və ən mükəmməlidir.
Buzxana-anbarda aşkar olunan tapıntılar içərisində misdən hazırlanmış qazan, satıl, cam, sini, piyalə və dar boğaz bardaq nümunələri xüsusi maraq doğurur. Bu tip əşyalardan buzxana-anbara nəzarət edən insanlar daha çox məhz ölçü qabları kimi istifadə etmişlər. Buzxana-anbarda iki ədəd qızıl və gümüş sikkə dəfinəsi də tapılmışdır.
Abidənin adı: "Şıxməzid xanəgahı"
Abidənin ünvanı: AZ0600, Ağsu rayonu, Ağsu şəhəri, Şəhidlər xiyabanı yaxınlığında
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi
İnventar: Yoxdur (yeni aşkar olunmuş)
Kartoqrafik təqdimat:
X-koordinat: 40.577422
Y-koordinat: 48.385953
Abidənin tikinti tarixi:
Əsr: XIV-XVII əsr
Tikinti ili: 1388-ci il
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: 2012-ci ildə Ağsu arxeoloji ekspedisiyasının rəhbərliyi yerli sakinlərin şifahi məlumatı əsasında Ağsu şəhərinin Şıxməzid məhəlləsindəki türbə yerinə baxış keçirərkən orada orta əsrlərə aid möhtəşəm tikinti qalıqlarının olduğunu aşkar etmişdir. O zaman abidəni xilas etmək məqsədilə orada ilkin arxeoloji kəşfiyyat qazıntıları aparılıb. Beləliklə də orada səliqə ilə yonulmuş iri ölçülü mədən daşlarından istifadə olunmaqla üzü qiblə istiqamətində tikilən düzbucaqlı formasında möhtəşəm bina qalıqları aşkara çıxarılmışdır. Bina təqribən 400 kvadratmetrə qədər sahəni əhatə edən iri zaldan və nisbətən kiçik ölçülü çoxsaylı otaq-hücrələrdən ibarətdir. Qazıntı zamanı aşkar edilən tapıntılar içərisində həndəsi və nəbati elementlərlə bəzədilmiş nəfis kaşı nümunələri üstünlük təşkil edir. Memarlıq xüsusiyyətləri, qiblə istiqamətində tikilməsi, rəngli kaşılarla bəzədilməsi, ətrafında hər birinin içərisində ocaq qalıqları qeydə alınan otaq-hücrələrinin mövcudluğu aşkar olunan binanın daha çox xanəgahın məscid və ya mədrəsə hissəsi olması ehtimalını artırır.
Xatırladaq ki, Əbu Müslimin Azərbaycanda İslamı yaymaq və möhkəmləndirmək fəaliyyəti ilə əlaqələndirilən və VIII əsrə aid edilən məscidlərdən birinin qalıqları hələ 1926-cı ildə Cəmil Aleksandroviç-Nasifi tərəfindən Ağsu rayonu ərazisində aşkarlanıb tədqiq edilmişdir. Mütəxəssislərin gəldiyi qənaətə görə, Şamaxı Cümə məscidi ilə eyni plan quruluşuna malik bu tikili onunla həmdövr olmuş və dəfələrlə təmir edilmişdir. Böyük ehtimal ki, Şıxməzid Ağsu şəhərinin məhəllələrində aşkar olunmuş kompleks ola bilsin ki, elə həmin məscidin qalıqlarıdır.
Bu ərazidə aşkar edilən qəbirlərdə dəfn edilən şəxslər islam qaydası üzrə, yəni sağ çiyini və üzü qibləyə dəfn olunsa da, ortaya daha maraqlı faktlar çıxıb. Maraqlıdır ki, əksər qəbirlərin üzəri 4, 6 və ya 8 ədəd səhənglə örtülüb. Belə dəfn adətinə hələ ki, heç bir müsəlman ölkəsində rast gəlinməyib. Aparılan antropoloji araşdırmalar müsəlmanlara məxsus olduğu şübhə doğurmayan kəllə nümunələrinin yerli azərbaycanlıları təqdim edən “kaspi” antropoloji tipinə aid olduğunu üzə çıxarmışdır (Ölçmələri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Dr. Dimitri Kiriçenko aparmışdır).
Zəki Vəlidi Toğan Cəmil Aleksandroviç Nasifiyə istinadən Nadir şahın dövründə Şirvanın paytaxtı kimi qəbul olunması ilə əlaqədar adı göstərilən Ağsunun hələ XIV əsrdə monqollar və Teymur zamanında böyük əhəmiyyətə malik olduğunu yazır. Nasifi Ağsunun 1,5 km şimalında olan Şeyx Məzid türbəsinin, əvvəlcə zənn edildiyi kimi, XVII əsrə aid abidə olmayıb daha qədim olduğunu göstərir. Rəvayətə görə, Şeyx Məzid bir təbib-alim imiş. Türbənin qapısında binanı tikən şamaxılı Şeyx Şəmsəddinin kitabəsində verilən yeddi yüz doqsan qeydindən abidənin 1388/89-cu ilə aid olduğu bilinir. Nasifi Ağsudan 3 km şimali-şərqdə alim və müctəhid “Şeyx Dursun ibn Əhməd bəy əl-Gilani”nin, üzərindəki kitabəsindən 806-cı ilin zilqədə ayında (may, 1404) tikildiyi bilinən, türbəsini ziyarət etmişdir. Yəni hər iki abidə Teymurun və Şirvanşah Şeyx İbrahimin dövrünə aiddir. Xatırladaq ki, 1647-ci ildə Ağsuda olan Övliya Çələbi buranın min evli, cameli, karvansara və hamamlı, bağlı-bağçalı abad qəsəbə olduğunu yazır. Övliya Çələbi eyni zamanda Ağsu çayı yanında Fərruxzar adlanan kiçik bir şəhər barədə də məlumat verir.
Narlı pir ziyarətgahı və Şıxməzid türbəsi eyni məkanda yerləşir. Narlı pir qəbristanlığının arxeoloji tədqiqat aparılan sahənin olduğu anlaşılır. Həmin qəbiristanlıq 1930-cu ildən öncə geniş ərazini əhatə etmişdir. Burada Şirvan xan ailəsinin, xüsusilə Şirvan xanı Mustafa xanın bibilərinin ailəsinin fərdləri də dəfn olunmuşdur.
Ehtimal ki, Narlı pir ziyarətgahı xəlvəti şeyxlərindən Şeyx İzzəddin Türkmani ilə əlaqədardır. Əbdürrahman Caminin əsərinə əlavələr edən Lamii Şeyx İzzəddin Türkmaninin qəbrinin üzərində narın bitməsi hekayəsini qeyd etmişdir.
Rayonun yaşlı sakinlərinin dediyinə görə, Şıxməzid məhəlləsindəki xanəgah və türbə ötən əsrin 30-cu illərində sovet rejimi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində dağıdılıb. İlkin tədqiqatlar zamanı üst qatdan aşkar olunan tapıntıların təhlili göstərir ki, Şıxməzid xanəgah kompleksi, Şıxməzid türbəsi, Narlı pir, səhəng örtüklü qəbirlərin məzarlığı XIII-XVII əsrlərə aid olub, qəbirləri dünyada analoqu olmayan abidələr kompleksidir.
Abidənin adı: “Şeyx Dursun türbəsi”
Abidənin ünvanı: AZ0600, Ağsu rayonu, Ağsu şəhəri
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi
İnventar: 205 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 40.575000
Y-koordinat: 48.416935
Abidənin tikinti tarixi:
Əsr: XV əsr
Tikili tarixi: 1457-ci il
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Şeyx Dursun türbəsi Ağsu şəhər qəbiristanlığında yerləşir. Əslində, şəhər qəbiristanlığı bu türbənin ətrafında salınıb. Yerüstü axtarışlar və vizual müşahidələr zamanı türbənin ətrafında tikili qalıqları aşkar edilib. Yerli sakinlər və qəbirqazanlarla söhbətlər zamanı yerin təkindən şirli və şirsiz saxsı qab parçaları, daş və bişmiş kərpicdən divar qalıqları, dulus kürələrinin qalıqları üzə çıxdığı qeydə alınıb.
XIX əsrdə və XX əsrin ikinci yarısında tanınmış alimlər Şeyx Dursun türbəsi haqqında məlumat veriblər. Abidənin üzərindəki süls xətlə yazılmış kitabədən aydın olub ki, “övliyaların qütbü, şəhidlərin sədri” Şeyx Dursun 1457-ci ilin sonlarında vəfat edib. Onun qəbri üzərində türbə tikilib. Türbə səkkizguşəli olub, xəlvətilik sufi məktəbinə məxsus digər şeyxlərin qəbirləri üzərindəki türbələrlə eyniyyət təşkil edir.
Təəssüf ki, sovet dövründə aparılan bərpa işləri türbədə ciddi fəsadlar yaradıb, sement qatışıqlı məhlulların və Xəzər dənizi qumunun istifadə edilməsi abidənin zərər görməsinə, duzların yaranmasına, bakteriyaların fəallaşmasına və daxildən deqradasiyanın güclənməsinə səbəb olub.
2018-ci ildə İtaliyanın Beynəlxalq “YOCOCU” Assosiasiyası bərpaçılarının iştirakı ilə türbədə konservasiya və konsolidasiya işləri aparılıb. Şeyx Dursun türbəsində daş divarların konservasiyasının düzgün aparılması üçün materiallar və alətlər İtaliyadan gətirilib. Konservasiya zamanı deqradasiyanın formaları, deqradasiya mexanizmləri və ətraf mühit faktorları nəzərə alınıb. Görülən işlər nəticəsində türbənin xarici səthində bakteriyalar, bitki və mamırlar təmizlənib, sement qatışıqlı suvaqlar kənarlaşdırılıb, daşın cinsindən məhlullar hazırlanaraq dərinlik və səthə çəkilib. Türbənin daxilində günbəz və divarlarda qalın təbəqə əmələ gətirmiş duzlar mexaniki və kimyəvi üsullarla təmizlənib, sovet dövründə kobud bərpanın nəticələri aradan qaldırılıb.
Layihə həyata keçirilərkən “Mədəni irsə dair konservasiya materialları və metodlarının öyrədilməsi” mədəni irsin bərpası üzrə kurs da təşkil olunub.
Abidənin adı: Yeni Şamaxı qalıqları (Orta əsr Ağsu şəhəri)
Abidənin ünvanı: AZ0600, Ağsu rayonu, Ağsu şəhərindən 5 km. aralı
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli arxeoloji abidə
İnventar: 808 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür )
Kartoqrafik təqdimat:
X-koordinat 40.3215
Y-koordinat 48.2336
Abidənin tarixi:
Əsr: Orta əsr
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: XVIII əsrdə əhalisinin sayına və ərazisinə görə Azərbaycanın ən böyük yaşayış məntəqəsi Orta əsr Ağsu şəhəri idi. 1735-ci ilin mayında Nadir şah tərəfindən Ağsu kəndi yaxınlığında inşa etdirilən qala-şəhər uzun müddət şahın bölgəyə təyin etdiyi hakimlər - Şirvan xanlarının iqamətgahı olub. Ağsu qalası Nadir şaha qarşı Şirvan zadəganlarının üsyanlarının da mərkəzi hesab edilir.
Müxtəlif vaxtlarda şəkili Hacı Çələbi xan və Məhəmmədhəsən xan, qubalı Hüseynəli xan, Fətəli xan və Şeyxəli xan, Ağa Məhəmməd şahın sərdarları Mustafa xan Dəvəli və Əliqulu xan, rus sərkərdəsi qraf Valeryan Zubov, Naibüssəltənə Abbas Mirzə bu qalaya hücum edib, mühasirədə saxlayıb, bəziləri hətta ələ də keçirib.
XVIII əsrin məşhur səyyahları Samuel Qmelin, Biberşteyn, Bronevski və başqaları bu qala haqqında məlumat veriblər. Şirvan xanları dövründə Ağsuda sənətkarlıq, ticarət, mədəniyyət yüksək səviyyədə inkişaf etmişdi.
Ərazidə ilk arxeoloji kəşfiyyat işləri 1983-cü ildə Ağsu-İsmayıllı ekspedisiyası tərəfindən aparılıb. Müstəqillik illərində – 2010-cu ildən 2012-ci ilədək isə ağsulu ziyalıların yaxından dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə Ağsu arxeoloji ekspedisiyası Orta əsr Ağsu şəhərində tədqiqat işləri həyata keçirib və burada müasir turizm kompleksi yaradılıb.
Qısa müddətdə tikilməsinə baxmayaraq, dövrünün ən mükəmməl şəhər planlaşdırması tətbiq edilib. Qazıntılar zamanı, daş döşənmiş küçə və yollar, su və kanalizasiya xətləri, sənətkarlıq emalatxanaları və s. öz dövrü üçün müasir mütərəqqi şəhər mədəniyyətindən xəbər verir. Evlərin iç və çöl divarları, döşəməsi, damı, habelə təndir və ocaqları Şirvanda xüsusi süxurdan alınan və “şirə” adlandırılan məhlulla boyanıb. Bu boyaq məhlulu evlərə gözəllik verməklə yanaşı, onları yağışdan qorumaq funksiyasını da yerinə yetirib.
Şəhər yerində ən maraqlı emalatxanalardan biri boyaqçı dükanıdır. Buradan aşkar olunan boyaq tozları Türkiyənin Mərmərə Universitetinin əməkdaşı tərəfindən öyrənilib. Bəlli olub ki, həmin boyaq maddəsi boyaqotundan (latınca “Rubia Tinctorium L”) əldə edilib. Boyaqotu istehsalı və ixracı XVIII əsrin əsas hadisələrindən olduğu üçün bəzən həmin tarixi dövrü “Boyaqotu əsri” də adlandırırlar.
Araşdırmalar zamanı ərazidə maraqlı memarlıq həlli olan iri ictimai binalar –yeraltı hamam, Cümə məscidi və buzxana da üzə çıxarılıb. Şəhərin 3 tərəfində böyük qəbiristanlıq qalığı mövcuddur.
Abidənin adı: "Cümə məscidi"
Abidənin ünvanı: AZ0600, Ağsu rayonu, Ülgüc kəndi
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi
İnventar: 808/2 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür )
Kartoqrafik təqdimat:
X-koordinat: 40.535248
Y-koordinat: 48.392914
Abidənin tikinti tarixi:
Əsr: XVIII əsr
Tikinti ili: 1735-ci il
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Orta əsr Ağsu şəhərinin V qazıntı sahəsində aşkar olunan və şərti olaraq şəhərin Cümə məscidi adlandırılan nisbətən iri ölçülü binanın ümumi sahəsi 576 kvadratmetr (36x16 m) təşkil edir. Bu, hələlik Ağsuda aşkar edilən ən möhtəşəm tikinti qalığıdır. Məscidin divarlarının bünövrə hissəsi çay daşından, divarları isə çiy kərpicdən inşa edilmişdir. Tikintidə istifadə olunan çiy kərpiclərin ölçüsü 20x20x5 sm-dir. Məscidin tikintisində həmçinin çoxlu sayda ağac materialdan da istifadə olunmuşdur. Axtarışlar zamanı məscidin ağac sütunlarının, qapı altlıqlarının, kətillərin qalıqlarından ibarət olan çoxsaylı ağac materiallarının qalıqları qeydə alınmışdır. Ağac materiallar bir-birinə əsasən iri dəmir mismar və qarmaqlar vasitəsilə bərkidilmişdir. Məscid binası möhtəşəm divarlarla yanaşı, həm də bir-birindən 2,5 m məsafədə yerləşən ağac sütunlar üzərində ucaldılıb. Bunu məscidin içərisində aşkar olunmuş daş sütun altlıqları da təsdiq edir. Xatırladaq ki, orada mədən daşından səliqə ilə yonulmuş 56 ədəd sütun altlığı aşkar olunmuşdur. Sütun altlıqları əsas hissə, ağac sütunun bütün dairəsi boyunca oturduğu hamar hissə və sütunların çıxıntısının oturduğu kiçik yuvacıqdan ibarətdir. Mütəxəssislərin təyinatına əsasən məscidin sütunlarının palıd ağacından olduğu müəyyən edilib. Şirvan bölgəsində elə indinin özündə də sakinlər fərdi evlər inşa edərkən sütun kimi daha çox palıd materialından istifadə edirlər. Məscidin döşəməsinin torpağı yaxşıca döyülmüş, səliqə ilə suvanmışdır. Məscidin cənub divarları boyunca olmaqla mehrab yeri aşkar edilmişdir. Məscidin pəncərələri tağvari formada olub, əsasən bişmiş kərpic və gəclə tikilmişdir. Qazıntılar davam etdirilərkən tikintinin xarici divarları boyunca çoxlu miqdarda kirəmit qalıqları aşkar olunub. Kirəmitlərin hamısı novvari formalıdır. Kirəmitlər məscid dağılarkən binanın ətrafına tökülmüşdür. Aşkar olunan bütöv kirəmit nümunələri azlıq təşkil etsə də, sınıq vəziyyətdə olan nümunələrin sayı minlərlədir. Kirəmitlərin çəkisi orta hesabla 800-950 qram, uzunluğu 30 sm, eni enli hissədə 12, dar hissədə 8 sm, qalınlığı isə 2 sm-dir. Qeyd edək ki, məscid binası hələlik Ağsu şəhər yerində tapılan və üstü kirəmitlə örtülmüş olan ilk binadır. Təqribi hesablamalara görə Ağsu cümə məscidinin üstünün örtülməsi məqsədilə təqribən 60 min ədəddən çox kirəmit istifadə olunmuşdur. Bu isə təqribən 50 tona yaxın yük deməkdir. Göründüyü kimi, belə bir möhtəşəm tikintini inşa etmək mühəndis-texniki baxımından o qədər də asan bir iş deyildir. Əlbəttə, belə bir tikintinin mövcudluğu XVIII əsrdə Ağsuda tikinti mədəniyyətinin mühəndis-texniki həllinin kifayət qədər yüksək səviyyədə olduğundan xəbər verir.
V sahədə qazıntı davam etdirilərkən məscidin şimala açılan geniş həyəti aşkar olunub. Maraqlıdır ki, həyət çox yerdə əhəngdaşından yonulan iri həcmli plitələrlə döşənmişdir. Məscidin həyəti qərb tərəfdə əhəngdaşı və bişmiş kərpiclə, şərq və şimal tərəfdə isə çaydaşı ilə hörülmüş hasarla əhatə edilmişdir. Həyətin ortasında məscidə gələnlərin dəstəmaz almaları üçün xüsusi su quyusu olduğu müəyyənləşdirilmişdir. Məsciddən bir qədər şimal tərəfdə məscidin mollasına məxsus qəbir daşı aşkarlanmışdır. Onun ətrafında isə bir neçə uşaq qəbiri qeydə alınmışdır.
Abidənin adı: "Sənətkarlıq məhəlləsi"
Abidənin ünvanı: AZ0600, Ağsu rayonu, Ülgüc kəndi
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi
İnventar: 808/3 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 40.537082
Y-koordinat: 48.393080
Abidənin tikinti tarixi:
Əsr: XVIII əsr
Tikinti ili: 1735-ci il
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Orta əsr Ağsu şəhərinin bütün yolları çaydaşı ilə döşənmişdir. Yollar şərq-qərb istiqamətində bir-birinə paralel çəkilmişdir. Bir yerdə şimal-cənub istiqamətində iri küçə qeydə alınmışdır. Küçələrlə yanaşı kiçik və böyük olmaqla çaydaşı ilə döşənmiş meydanlar da üzə çıxmışdır. III qazıntı sahəsində boyaqçı dükanı qarşısında, IV qazıntı sahəsində hamam yaxınlığında, V qazıntı sahəsində Cümə məscidinin yanında meydanlar açılmışdır. Meydanlarda bir zamanlar əkilmiş və indi kökü belə qalmayan ağacların çuxurları da müəyyən edilmişdir.
Şəhərin bütün evlərinin bünövrəsi çaydaşından, divarları çiy kərpicdən tikilmişdir. Evlərin bir küncündə və ortasında kürsülər və ya ocaqlar aşkar edilmişdir. Şimal qala divarına bitişik iki otaqlı evin otaqlarının birində kürsünün bütün konturları aydın şəkildə müəyyən olunmuşdur. Digər otağın tən ortasından isə ərzaq saxlandığı ehtimal edilən və 6 metr dərinliyi olan quyu üzə çıxmışdır. Quyunun divarlarının və otaqların döşəməsinin torpaqla möhkəmcə döyüldüyü bəlli olmuşdur. Bütün evlərin damı ağac və qarğıların köməyi ilə bağlanmış, onların da üzərinə qalın torpaq qatı verilmişdir. Torpaq damı ilin müxtəlif fəsillərində daş diyircəklər vasitəsilə döymüşlər. Qazıntılar zamanı həmin diyircəklərdən bir neçəsi üzə çıxmışdır. Evlərin istər iç və çöl divarları, istər döşəməsi, istər damı, istərsə də təndir və ocaqları Şirvanda xüsusi süxurdan alınan və şirə adlandırılan məhlulla boyanmışdır. Nisbətən boz rəngə çalan bu boyaq məhlulu evlərə xüsusi gözəllik verməklə yanaşı, onları yağışdan qorumaq üçün təbəqə də yaratmışdır. İçərisi bəzədilmiş evlərdən birinin şimal divarında bu boyaq məhlulu aydın şəkildə izlənmişdir.
Sənətkarlıq dükanları əsasən evlər formasında tikilmiş, bəzən çardaqları da olmuşdur. Belə çardaqlardan biri III qazıntı sahəsində dəmirçi emalatxanasında müəyyən edilmişdir. Həmin emalatxanada xeyli sobalar, ocaqlar və daş dəzgahlar aşkar olunmuşdur. Bu qurğularla yanaşı, qazıntı sahəsində 150 kq-dan çox dəmir çıxarlar toplanmışdır. Bu həmin emalatxananın necə intensiv fəaliyyət göstərdiyini göstərir. Bu iri dəmirçi emalatxanasının yanında kiçik misgər emalatxanası və sümük sexi üzə çıxmışdır. Misgərlərin əşyalarla yanaşı, hətta mis pullar üçün qəlpələr hazırladıqları da müəyyən edilmişdir. Sümük işləyən ustalar isə əsasən iribuynuzlu heyvanların lülə sümüklərini, ceyran və maral buynuzlarını istifadə etdikləri bəlli olmuşdur. Sümükdən daraq, bıçaq və xəncər dəstəyi, bəzək əşyaları, düymələr və s. hazırlanmışdır. Ən maraqlı emalatxanalardan biri boyaqçının dükanıdır. Bu tapıntı şəhər əhalisinin verdiyi verginin əsasən boyaqçılıqdan gəldiyini qeyd edən yazılı vergi sənədlərini də təsdiqləyir. Aşkar olunan boyaq küpləri və ətrafına səpələnmiş boyaq tozları analiz üçün Mərmərə Universitetinin professoru Rəcəb Qaradağa göndərilmişdir. Analiz nəticəsində bəlli olmuşdur ki, həmin boyaq təbii bitki mənşəli olub, boyaqotudur (latın dilində Rubia Tinctorium L.) Boyaqotu istehsalı və ixracı XVIII əsrin əsas hadisələrindəndir, bəzən həmin əsri bu səbəbdən Boyaqotu əsri də adlandırırlar.