Qoruğun adı: “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu
Qoruğun ünvanı: AZ3525, Qazax rayonu, Daşsalahlı kəndi,
Qoruğun yaradılma tarixi: 1989-cu il 22 fevral tarixində Azərbaycan Nazirlər Sovetinin 99 nömrəli Qərarı ilə Qoruq elan edilmişdir
Qoruğun ümumi sahəsi: 3613 hektar
Qoruğun istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Qoruğun iş saatları: 09:00 – 18:00 (qeyri-mövsümdə); 09:00 – 20:00 (mövsümdə)
Qoruğun veb səhifəsi: www.avey-qoruq.az
Facebook səhifəsi: https://www.facebook.com/Avey-...
İnstaqram səhifəsi: https://www.instagram.com/avey...
Qoruğa dair tarixi məlumatlar: Qoruq zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” məbədinin adı ilə adlandırılıb. Qoruğun ərazisində 56 tarixi abidə qeydiyyata alınıb ki, bunlardan 1-i dünya, 31-i ölkə, 24-ü isə yerli əhəmiyyətlidir. Tarixi əhəmiyyətinə görə bu abidələrin 15-i memarlıq, 36-sı arxeoloji, 5-i isə dekorativ-tətbiqi sənət nümunəsidir. “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun nəzdində “Damcılı” (800 ha), “Göyəzən” (30 ha.) və “Yuxarı Əskipara” (3783 ha.) filialları fəaliyyət göstərir. Hal-hazırda Əskipara filialı işğal altındadır.
800 ha. ərazini əhatə edən “Damcılı” filialı Qazax rayonunun Daşsalahlı kəndində yerləşir. Burada dünya əhəmiyyətli qədim Damcılı mağara düşərgəsi və çox sayda mağaralar yerləşir. Ərazidə ilk dəfə 1953–1957-ci illərdə arxeoloji qazıntılar aparılıb və Avey dağında Daş dövrünə aid 30-a yaxın mağara aşkar edilib, iki minə yaxın alət tapılıb. 2015-ci ilin yayında Yaponiyanın Tokio Universitetinin muzeyi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və “Avey” qoruğu arasında memorandum imzalanıb. Sənədə əsasən, yaponiyalı və azərbaycanlı mütəxəssislər bu ərazilərdə arxeoloji tədqiqat işləri aparırlar və hazırda işlər davam etdirilir.
Qoruğun 30 ha. ərazini əhatə edən “Göyəzən” filialı Qazax rayonunun Abbasbəyli kəndində yerləşir. Tarixin müxtəlif mərhələlərində Göyəzən dağının ətəklərində bir çox qalalar, yataq yerləri və s. tikilib. Dağın bir tərəfinə başdan-başa hasar çəkilib. Hasarla dağın arasında bir çox qədim yaşayış evlərinin xarabaları qalıb. Burada Orta əsrlərə aid yeddi bürclü qala divarı və dördkünc bina qalıqları, həmçinin bir neçə mağara aşkar olunub. Dağın şimalında başqa bir Alban qalası var. Onun divarları və bürcü isə nisbətən yaxşı vəziyyətdədir.
“Yuxarı Əskipara” filialının 2783 ha. olan ərazisi eyniadlı kəndi əhatə edir. Kənd 8 iyun 1992-ci il tarixdə Ermənistan ordusu tərəfindən işğal edilib və bütün tarixi mədəniyyət abidələri dağıdılaraq yandırılıb. Təkcə Yuxarı Əskipara kəndində V-VII əsrlərə aid Alban məbədi, XII əsrə aid yeraltı su kəməri, XII əsrdə inşa edilən Qüllə, Türbə, Qatır körpüsü, Kazım körpüsü, Qulucanlı körpüsü, Koroğlu qülləsi və qədim hamam qalıqları, XIV əsrdə salınan yeraltı yol, XVI əsrdə inşa edilən Şəhərgah qalası dağıdılıb.
İş saatı: 09:00 – 18:00 (qeyri-mövsümdə); 09:00 – 20:00 (mövsümdə)
Abidənin adı: Göyəzən dağı
Abidənin ünvanı: AZ3530, Qazax rayonu, Abbasbəyli kəndi
İnventar: Göyəzən dağı qeydiyyata salınmamışdır. Üzərindəki abidələr ayrı-ayrılıqda dövlət qeydiyyatına götürülmüşdür.
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu ərazisində yerləşən Göyəzən dağı Qazax rayonu Abbasbəyli kəndində yerləşir. Heç bir dağa söykənməyən bu əzəmətli vulkanik mənşəli dağın hündürlüyü dəniz səviyyəsindən 800 metrdən çoxdur. Qəribə bir görünüşə malik olan vulkanik sütunun hündürlüyü isə əvvəllər 500 metrə yaxın olsa da, zaman keçdikcə təbii aşınmalar nəticəsində 250 metr olmuşdur. Göyəzən dağının zirvəsi dik deyil, meydança şəklindədir. Bu meydançada uçub-dağılmış hansısa bir tikili qalıqlarının bünövrəsi vardır. Zirvədən 5 metr aşağıda dağın zirvəsini yarımqurşaq şəklində sarmış, əl ilə bu şəkilə salındığı ehtimal olunan başqa bir meydança da var ki, burada azı 500 adam ayaq üstə dura bilər. Bu dağa çıxmaq nə qədər çətindirsə, enmək ondan da çətindir.
Arxeoloqlar topladıqları yerüstü materiallara istinadən bildirirlər ki, bu dağ və gövdəsindəki mağara və sığınacaqlar əvvəlcə ilk insanların məskəni olub. Amma dağın ətəyindəki bu istehkam qalasının qalıqları, bürclər çox sonrakı dövrlərdə salınmışdır.
Qoruğun əməkdaşları tərəfindən dağın ətrafında aşkar edilmiş üstü naxışlı qəbir daşı onun ətrafında olan sinə daşları bu ərazidə vaxtı ilə qəbiristanlıq olduğunu sübut edir. Bu qəbir daşının dövrünü, mənsubiyyətini müəyyənləşdirmək üçün “Avey” qoruğu tərəfindən AMEA-nın Memarlıq və İncəsənət İnstitutundan mütəxəssislər dəvət edilmiş və yazılı şəkildə rəy alınmışdır ki, bu rəyə əsasən üzərində xaç və ornamentlər həkk olunmuş məzar daşı Qafqaz Albaniyası dövrünə aiddir. Xaçın qollarındakı üçləçək “Humay” ilahəsinə aid olmaqla Oğuz türklərinə mənsubdur. Məzar daşları XII-XV əsrlərə aid edilir. Nəticədə belə qənaətə gəlinmişdir ki, “Göyəzən” filialının ərazisi qədim yaşayış məskəni olmuşdur. Ərazidə tapılan və verilən mütəxəssis rəyləri ilə də qədim Alban abidəsi olduğunu sübut edən bu qəbir daşını aşınmalardan, kənar təsirlərdən qorumaq məqsədilə abidənin üzəri şəffaf materialla örtülmüş, ətrafı dəmir hasarla hasarlanmışdır.
Abidənin adı: Damcılı bulağı
Abidənin ünvanı: AZ3530, Qazax rayonu, Daş Salahlı kəndi
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli memarlıq abidəsi
İnventar: 4511 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-
ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 41.83069
Y-koordinat: 45.135616
Abidənin tarixi: Məlum deyil
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Qazax rayonunun Daş Salahlı kəndində olan, Avey dağının aşağısında yerləşən Damcılı bulağı çox mənzərəli yerdədir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Dəniz səviyyəsindən hündürlüyü
900 metr olan nəhəng qayalardan süzülən saf və duru, buz kimi soyuq su damcı-damcı tökülür, aşağıdakı ovucda yığılıb bulaq olur. Bu bulaqdan kənd camaatı və gələn qonaqlar gündəlik istifadə etsələr də su davamlı olaraq gəldiyi üçün hər zaman buradan su götürmək olur.
Abidənin adı: “Damcılı mağara düşərgəsi”
Abidənin ünvanı: AZ3530, Qazax rayonu, Daş Salahlı kəndi
Abidənin əhəmiyyət dərəcəsi: Dünya əhəmiyyətli arxeoloji abidə
İnventar: 24 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci
il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 41.82990
Y-koordinat: 45.135590
Abidənin tarixi:
Əsr: Paleolit dövrü
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Qazax rayonu ərazisindəki üç dünya əhəmiyyətli abidədən biri də Daş Salahlı kəndindəki Damcılı mağara düşərgəsidir. Mağara həm arxeoloji, həm də təbiət abidəsi hesab edilir.
Avey dağının cənub-şərqində yerləşən Damcılı mağarası Paleolit dövrünə aiddir. Mağara yarımdairəvi şəkildədir və qabaq hissəsi açıqdır. Əhəng qayalığının altındadır. Təbii çatlardan süzülən su damcılarına görə “Damcılı mağara” adlanır. Ərazidə ilk dəfə 1953–1957-ci illərdə arxeoloji qazıntı aparılıb, Avey dağında Daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara və iki minə yaxın alət tapılıb. Daş dövrü adamlarının müxtəlif cinsli daşlardan alətləri və ovladıqları heyvanların yarı yandırılmış sümüklərinin qalıqları, ocaq külləri, kömür qırıntıları və s. Damcılı mağarada təxminən 80-100 min il bundan əvvəl neandertal tipli ibtidai insanların burada məskən saldıqlarını sübut edən əyani dəlillərdir.
2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin mütəxəssisləri Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarış aparmaq və dünya əhəmiyyətli arxeoloji irsi kompleks tədqiq etmək üçün nazirlik tərəfindən “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya tərəfindən Tokio Universiteti Universitet Muzeyi arasında memorandum imzalanıb.
İlkin tədqiqatlar zamanı kəşfiyyat xarakterli 10-a yaxın müxtəlif istiqamətlərdə qazıntı işləri aparılıb. Yaponiyalı və yerli arxeoloqların birgə işlədiyi ərazinin 4 metr dərinliyində Orta əsrlərə, Tunc dövrünün sonuna aid, daha dərində isə Neolit dövrünə aid qalıqlar – ocaq yerləri, fauna nümunələri (sümüklər), təxminən yarım metr dərində lal təbəqədən aşağıda isə Orta Paleolit dövrünün son mərhələsini əks etdirən qəlpə, nüvə tullantıları və alət nümunələri əldə olunub.
Hazırda Damcılı mağara düşərgəsində araşdırmalar davam etdirilir.
Abidənin adı: “Alban məbədi”
Abidənin ünvanı: AZ3530, Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağının dəniz səviyyəsindən 922 metr hündürlüyündə
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi
İnventar: 283 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 41.147617
Y-koordinat: 45.220261
Abidənin tarixi:
Əsr: VI əsr
Tikinti ili: Məlum deyil
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Azərbaycanın qərb qapısı sayılan Qazax rayonu ərazisi qədim tarixi abidələrlə zəngindir. Rayonun Daş Salahlı kəndində – Avey dağının cənub zirvəsinin ən uca nöqtəsində yerləşən alban məbədi də Qafqaz Albaniyasının zəmanəmizə gəlib çatan qədim tarix yadigarlarındandır.
Dəniz səviyyəsindən 922 metr hündürlükdə olan tarixi məkan “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən mühafizə edilir.
Məbəd əvvəllər aya sitayiş etmiş bütpərəstlər tərəfindən inşa edilib və “Ay məbədi” adlandırılıb. Bunu mütəxəssislər tərəfindən arxeoloji qazıntılar zamanı tapılan küplərin üzərində əks edilmiş ay, aya sitayiş edən insan şəkillərinə əsasən söyləmək mümkündür.
Məbəd kompleksi iki tikilidən – birincisi şimal-cənub istiqamətində yerləşən düzbucaq formalı əsas böyük abidə və ikinci kiçik yardımçı tikilidən ibarətdir. Əsas tikili ikipilləli özül üzərində, qədim ay məbədinin üzərində inşa edilib. Daha doğrusu, bütpərəst məbədi xristianlığın qəbulu ilə dövrün dini tələblərinə uyğun olaraq sökülərək onun yerində xristian məbədi tikilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda abidənin aid olduğu dövr VII əsr qeyd olunsa da abidənin daxili quruluşu, onun oxşar abidələrlə müqayisəsi, buradan əldə edilmiş arxeoloji materialların təhlili onun VI əsrdə inşa olunduğunu deməyə əsas verir.
Məbədin aşağı hissəsində yerləşən, iç-içə keçərək bir neçə otaqdan ibarət olan mağaralar öz görünüşü və unikallığı ilə fərqlənir. Ölkə əhəmiyyətli memarlıq abidəsi olan məbəd qədim xristian alban əhalisinə xidmət edib.
Abidənin adı: “Bərkin ağzı” kurqanları
Abidənin ünvanı: AZ3530, Qazax rayonu, Daş Salahlı kəndindən İncə dərəsinə gedən yolun hər iki tərəfində və Əli Bayramlı kəndindən (indiki adı Aslanbəyli kəndi) Yuxarı Salahlı kəndinə gedən yolun sol tərəfində, kənddən təxminən 5 km aralıda
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli arxeoloji abidəsi
İnventar: 1246 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-
ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 41.84661
Y-koordinat: 45.163104
Abidənin tarixi:
Əsr: Tunc dövrü
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Tunc dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidədir. Qazax rayonunun Daş Salahlıdan İncə dərəsinə gedən yolun hər iki tərəfində, 10 km-ə qədər bir ərazidə səpələnmişdir. Əli Bayramlı kəndindən (indiki adı Aslanbəyli kəndi) Yuxarı Salahlı kəndinə gedən yolun sol tərəfində, kənddən təxminən 5 km aralıda da 5 kurqan vardır. Kəndin ərazisində “Bərkin ağzı” adlanan ərazidə yerləşən abidələr kompleksidir. Onların diametri 5-15 m., hündürlüyü 0,5-2 metrdir. Buradakı kurqanlar bir-birinə çox yaxındır. 1961-cı ildə Qazax arxeoloji ekspedisiyası kurqanlar haqqında məlumat əldə etmək üçün onlardan birini qazmışdır. Bu kurqan Daş Salahlıdan İncə dərəsinə gedən torpaq yoldan solda düzülmüş kurqanlardan dördüncüsüdür. Kurqan oval şəkilli olub, diametri 6,6 və 7,4 metr, yer səthindən hündürlüyü 0,6 metrdir. Kurqan çoxlu daş və qara torpaq töküntüsündən ibarətdir.
Kurqanın üstü açılan zaman məlum olmuşdur ki, mərkəz nöqtədən 40 sm. cənubda tökülmüş kurqan daşları torpaqla birlikdə aşağı çöküb yer səthindən 30sm.-ə qədər dərinə enir. Daşlar təmizləndikdən sonra burada tünd sarı rəngli bərk xam torpaqda şərq-qərb istiqamətində qazılmış qəbir aşkar edilmişdir. Qəbrin uzunluğu 1,8 m., eni 1,3 metr, dərinliyi isə 1,2 metrdir. Məlum olmuşdur ki, qəbirdəki skelet yaşlı adama aiddir. Qəbirdən 5 ədəd gil qab tapılmışdır. Qablardan biri qara rəngli küpə, 3 ədədi eyni formalı çölmək və 1-i isə qonur rəngli kiçik piyalə formalı qabdır.
Bu kurqanlar dəmir dövrünə və son tunc dövrünə aiddir.
Abidənin adı: “Göyəzən qalası”
Abidənin ünvanı: AZ3530, Qazax rayonu, Abbasbəyli kəndi, Göyəzən dağının ətəkləri
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli memarlıq abidəsi
İnventar: 4534 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-
ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 41.51948
Y-koordinat: 45.11549
Abidənin tarixi:
Əsr: XIV əsr
Tikinti ili: Məlum deyil
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Göyəsən dağının ətəklərində bir çox qalalar, hörgülər,
tikililər və yataq yerləri tikilmişdir. Həmin tikililərin qalıqları indi də mövcuddur. Dağın bir tərəfindən başdan – başa hasar çəkilmişdir. Burada yeddi burclu qala divarı və dördkünc qala bina qalıqları, həmçinin bir neçə mağara aşkar olunmuşdur. IX- XII yüzilliklərə aid edilən qədim tikili qalıqları öz möhtəşəmliyi ilə buranın bir qala - şəhər olduğunu söyləməyə imkan verir. Göyəzən dağında erkən orta əsirlərdə Alban xristian məbədi yerləşirdi. Onun qalıqları indidə qalmaqdadır.
Abidənin adı: “Börgin ağzı” yaşayış yeri
Abidənin ünvanı: AZ3530, Qazax rayonu, Börgin ağzı adlanan dərənin şimal yamacında, Daşsalahlı kəndindən Əli Bayramlı kəndinə (İndiki Aslanbəyli kəndi) gedən yolun 500 metr qərbində yerləşir
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli arxeoloji abidə
İnventar: 1240 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-
ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 41.112493
Y-koordinat: 45.135761
Abidənin tarixi:
Əsr: Son tunc dövrü
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Yaşayış yeri Son tunc dövrünə aid edilib. 1961-cı ildə Qazax arxeoloji ekspedisiyanın çöl tədqiqat işləri zamanı qeydə aldığı tunc dövrünə aid yaşayış yeri və çoxlu daş-torpaq kurqanlarından ibarət abidələr kompleksi xüsusi əhəmiyyətə malikdir. Tədqiqat işləri zamanı tunc dövrünə aid olan bir neçə yaşayış yeri aşkar edilmişdir. Bu yaşayış yerlərindən biri də ”Börgin ağzı” yaşayış yeridir.
Yaşayış yerində aparılan axtarış nəticəsində boz və qırmızı rəngli, üzəri boyalı gil qab qalıqları, dəvəgözü daşından ox ucları və qəlpələr əldə edilmişdir. Yerüstü tapıntılar əsasən yaşayış yerinin cənub tərəfində, daş hasar olan ərazidə əldə edilmişdir.
Yaşayış yerinin bu hissəsi eniş olduğundan mədəni təbəqə həmişə yuyulmuş, nəticədə çoxlu dəvəgözü daşı qəlpələri və gil qab qırıntıları üzə çıxmışdır.
Ekspedisiya yaşayış yerində mədəni təbəqəni öyrənmək üçün şimal- cənub istiqamətində qazıntı işi aparmışdır. Qazıntı nəticəsində mədəni təbəqədən boz rəngli gil qab qırıqları, dəvəgözü daşı qəlpələri və sümük qırıqları aşkar edilmişdir.
Börgin ağzındakı qədim yaşayış yeri haqqında ümumi təsəvvür yaratmaq üçün toplanmış yerüstü materiallar da xüsusi əhəmiyyətə malikdir. Bunların bir qrupunu dəvəgözü daşından hazırlanmış ox ucları və qəlpələr təşkil edir. Dəvəgözündən və çaxmaqdaşından hazırlanmış gəzli ox ucları ümumiyyətlə tunc dövründə geniş yayılmış və onlara həmin dövr abidələrində tez-tez təsadüf olunur.