Qoruğun adı: “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu
Qoruğun ünvanı: AZ3520, Şabran və Siyəzən rayonları
Qoruğun yaradılma tarixi: Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2019-cu il tarixli 1498 nömrəli Sərəncamı
Qoruğun ümumi sahəsi: 4442,71 hektar (o cümlədən mühafizə zonası 582,22.ha.)
Qoruğun istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Qoruğun iş saatları: Həftənin beş iş günü, saat 09:00-dan 18:00-a qədər
(Bərpa işləri ilə əlaqədar qoruğun Çıraqqala hissəsinə giriş müvəqqəti məhdudlaşdırılıb)
Qoruğun veb səhifəsi: www.CİRAQQALA.AZ/3/
Facebook.com səhifəsi: https://www.facebook.com/ciraq...
Qoruğa dair tarixi məlumatlar: Şabran (keçmiş Dəvəçi) rayonu ərazisindəki tarixi memarlıq abidələri – müdafiə qalaları, qədim istehkamların qalıqları bu günümüzə qədər gəlib çatıb. Əzəmətli Çıraqqala, Beşbarmaq və yaxud Xızırzində qala-qayası, Gilgilçay səddi, onun üzərindəki Şəhərgah yaşayış məskəni qədim tariximizi özündə yaşadan abidələrdəndir.
Dünya əhəmiyyətli bu nadir abidə – Çıraqqala (ümumi uzunluğu 120 km) divarlarının hündürlüyü bəzi yerlərdə 11 metrə çatan “Uzun divarlar” adlanan Gilgilçay səddi ilə birlikdə IV-V əsrlərdə hündür qaya üzərində inşa edilib.
Çıraqqala, mərkəzi qala da daxil olmaqla, 17 bürcdən ibarətdir. Düzbucaqlı formasında olan qala əsasən yerli daşlardan və bişmiş kərpicdən tikilib. Divarların hündürlüyü təxminən 8-10 metr, qalınlığı 3-4 metrdir. Qala qapısından bir qədər aralıda su anbarı yerləşir. Saxsı borular onu deməyə əsas verir ki, su bu ovdana yaxınlıqdakı dağ çeşmələrindən gətirilib. Qarşıdan görünən hündürlüyü təxminən 150 metr olan sıldırım qayanın zirvəsindəki daş bürc isə müşahidə və siqnal məqsədilə tikilib. Burada dayanan keşikçilər Beşbarmaq dağından şimala doğru təxminən 100 km dəniz sahili ərazisini nəzarətdə saxlaya biliblər. Qalanın özünəməxsus həbsxanası və 80-200 metr aralı şimala doğru qaya döşündə ərzaq saxlamaq üçün buzxana anbarı mövcuddur.
Sovetlər dövründə baxımsızlıq üzündən qala bir neçə yerindən dağıntıya məruz qalıb. Prezident Heydər Əliyevin 23 iyun 2003-cü il tarixli, 1262 №-li sərəncamına əsasən Çıraqqala, 27 sentyabr 2003-cü il tarixli, 1343 №-li sərəncamı ilə isə Şabran qoruqları yaradılıb. Bundan sonra abidələrdə geniş araşdırma işləri aparılıb.
Qoruğa daxil olan Qədim Şabran şəhərinin təqribən 2500 yaşı var. Arxeoloji qazıntılar zamanı ərazidə şüşə emalatxanaları, V əsrə aid çörəkbişirmə, qızıl, mis və digər metallardan pul kəsilən sexlər, şəhərin 8 bürcü, XV əsrdə çəkilmiş 45 kilometrlik su xətti və s. aşkar edilib. Şabran Albaniya dövləti zamanı massagetlərin siyasi paytaxtı, bir müddət Şirvanşahlar dövlətinin mərkəzi olub. Böyük Azərbaycan şairi Əfzələddin Xaqani (XII) Şirvanşah Axsitanın qəzəbinə tuş gələndə Şabran qalasında həbsə salınıb və məşhur “Həbsiyyə” əsərini də burada qələmə alıb.
Gilgilçay səddi Dərbənd keçidində tikilmiş müdafiə istehkamlarından ən əhəmiyyətlisidir. Sədd 4 hissədən ibarətdir. Hər 30-35 metr məsafədə bürc və ya qüllə ucaldılıb. Səddə ən uca bürcün hündürlüyü 4,7 metr, eni isə 7,2 metrdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 oktyabr 2019-cu il tarixli sərəncamı ilə “Çıraqqala Tarixi Qoruğu” və “Şabran şəhəri Tarixi Qoruğu” birləşdirilərək “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.
“Çıraqqala-Şabran” Qoruğu 7 tarixi abidəni özündə birləşdirir. Onlardan 3-ü dünya əhəmiyyətlidir. Dünya əhəmiyyətli abidələrdən ikisi memarlıq (Çıraqqala və Gilgilçay səddi), biri isə arxeoloji (Qədim Şabran şəhəri) abidədir.
Çıraqqala abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinin görülməsi məqsədilə dövlət başçısının 2019-cu il 15 yanvar tarixli sərəncamı ilə vəsait ayrılıb. Həmin ilin may ayından abidədə möhkəmləndirmə və bərpa-konservasiya işlərinə başlanılıb və bu istiqamətdə işlər davam etdirilir.
İş saatı: Həftənin beş iş günü, saat 09:00-dan 18:00-a qədər
Abidənin ünvanı: AZ1700, Şabran rayonu, Çarağ kəndi
Abidənin əhəmiyyət dərəcəsi: Dünya əhəmiyyətli memarlıq abidəsi
İnventar: 4.7 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 41.05140
Y-koordinat: 48.55545
Abidənin tikinti tarixi:
Əsr: V-VI əsrlər
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Şabran rayonu ərazisindəki tarixi memarlıq abidələri – müdafiə qalaları, qədim istehkamların qalıqları bu günümüzə qədər gəlib çatıb. Əzəmətli Çıraqqala, Beşbarmaq və yaxud Xızırzində qala-qayası, Gilgilçay səddi, onun üzərindəki Şəhərgah yaşayış məskəni qədim tariximizi özündə yaşadan abidələrdəndir.
Dünya əhəmiyyətli nadir yerüstü abidələrdən olan Çıraqqalanın ümumi uzunluğu 120 km, divarlarının hündürlüyü bəzi yerlərdə 11 metrə çatan “Uzun divarlar” adlanan Gilgilçay səddi ilə birlikdə IV-V əsrlərdə hündür qaya üzərində inşa edilib.
Çıraqqala, mərkəzi qala da daxil olmaqla, 17 bürcdən ibarətdir. Düzbucaqlı formasında olan qala əsasən yerli daşlardan və bişmiş kərpicdən tikilib. Divarların hündürlüyü təxminən 8-10 metr, qalınlığı 3-4 metrdir. Qala qapısından bir qədər aralıda su anbarı yerləşir. Saxsı borular onu deməyə əsas verir ki, su bu ovdana yaxınlıqdakı dağ çeşmələrindən gətirilib. Qarşıdan görünən hündürlüyü təxminən 150 metr olan sıldırım qayanın zirvəsindəki daş bürc isə müşahidə və siqnal məqsədilə tikilib. Burada dayanan keşikçilər Beşbarmaq dağından şimala doğru təxminən 100 km dəniz sahili ərazisini nəzarətdə saxlaya biliblər.
Qalanın özünəməxsus həbsxanası və 80-200 metr aralı şimala doğru qaya döşündə ərzaq saxlamaq üçün buzxana anbarı mövcuddur.
Qalanın baş bürcü bir tərəfdən girdə, o biri tərəfdən düzbucaq şəklidə silindrik gövdə başdan-başa üfüqi zolaqlarla örtülüb. Növbə ilə daş və kərpic hörgülü zolaqlar onun monumentallığını daha da artırır. Bakıdakı məşhur Qız qalası da bu üslubda tikilib. Bu da onu deməyə əsas verir ki, belə bir fənd çox güman ki, eyni konstruktiv möhkəmlik üçündür. Mütəxəssislərin dediyinə görə, siluet və tektonika effekti baxımından baş bürcün həm forma kamilliyinə, həm də miqyas ölçülərinin tənasübünə söz ola bilməz.
Orta Asiyadan İtil çayı sahillərindən tutmuş Qafqaza kimi geniş bir ərazidə ağalıq etmiş Şiraqlar Qafqazın ictimai-siyasi həyatında görkəmli yer tutmuşlar. Siraqın adına, bu adlı qəbilə birləşməsinə eramızdan əvvəl VII-VIII əsrlərdə yunan qaynaqlarında Orxon-Yenisey və başqa abidələrdə də rast gəlmək olar.
Deməli, öz kökü ilə türkdilli olan “Siraq”, “Şiraq”, “Çıraq” sözü “işıq buraxan”, “şüa buraxan” deməkdir.
Təbii dağıntılar Abidənin 17 bürcündən 4-ü qalmışdır. Qala divarları tədricən dağılır. Bəzi hissələrdə ancaq bünövrə səviyyəsində izləri bilinir, digərlərində isə torpaq və kolların altında qalaraq tamamilə itib.
Sovetlər dövründə baxımsız qalan qala bir neçə yerindən dağıntıya məruz qalıb. Azərbaycan Respublikası Prezidentinin “Çıraqqala” tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında 23 iyun 2003-cü il tarixli sərəncamından sonra qalada geniş araşdırma aparılıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda abidənin aid olduğu dövr V-VI əsrlər qeyd olunsa da, mənbələr üzrə araşdırmalar abidənin IV-VI əsrlər tikilisi olduğunu göstərir.
“Çıraqqala” abidəsində möhkəmləndirmə və bərpa – konservasiya işlərinin görülməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamına əsasən vəsait ayrılmışdır . 01 may 2019-cu il tarixdən isə həmin Sərəncama əsasən “Çıraqqala” abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinə başlanılmışdır. Hal-hazırda “Çıraqqala”da bərpa konservasiya işləri davam etməkdədir.
Abidənin ünvanı: AZ1725, Şabran rayonu, Şahnəzərli kəndi, yol kənarında
Abidənin əhəmiyyət dərəcəsi: Dünya əhəmiyyətli arxeoloji abidə
İnventar: 63 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 44.41017
Y-koordinat: 55.480 52
Abidənin tikinti tarixi:
Dövr: orta əsr
Əsr: V-VI əsrlər
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Tarixi mənbələrin verdiyi məlumata əsasən və qazıntıların nəticələrinə görə, Şabran şəhəri V-VI əsrlərdə yaranıb. Şəhərin əsasının qoyulması I Xosrov Ənuşirəvanın adı ilə bağlıdır.
Məşhur türk alimi Mahmud Kaşğari (XI əsr) şəhərin yaranmasını türk Sabir tayfaları ilə bağlayır. Şəhər XVIII əsrin ortalarına qədər fəaliyyət göstərib. Aparılan qazıntılar göstərir ki, Böyük İpək Yolu üzərində yerləşən bu şəhər iqtisadi, ticarət və mədəni mərkəz kimi daim diqqət mərkəzində olub. Tədricən iqtisadi çətinliklərlə qarşılaşan və tez-tez yadellilərin basqınlarına məruz qalan Şabran XVIII əsrin ortalarında tarix səhnəsindən silinib.
Keçən əsrin 30-cu illərindən başlayaraq həyata keçirilən elmi tədqiqatlar və 5000 kvadratmetrdən çox ərazidə aparılan arxeoloji qazıntılar xalqımızın maddi və mənəvi mədəniyyətini əks etdirən zəngin arxeoloji materiallar əldə etməyə imkan verib. 1980-ci ildə yenidən qədim Şabran şəhərinin öyrənilməsinə başlanılıb və ərazidə 6 metr zəngin arxeoloji təbəqə aşkar edilib. Təbəqə əsasən üç tikinti layından ibarətdir. Birinci tikinti dövrü IV-XVIII, ikinci IX-XII və üçüncü XIII-XVIII əsrləri əhatə edir. Qazıntı işləri zamanı çiy və bişmiş kərpicdən, çay daşından, əhəng tərkibli ağ daşlardan tikilmiş müxtəlif binaların qalıqları, istehsalat ocaqları aşkar olunub. İctimai binaların əksəriyyətinin döşəməsi daş və kərpiclə örtülüb.
Dünya əhəmiyyətli arxeoloji abidə olan Şabranda çirkab suların axıdılması üçün IX əsrə aid kanalizasiya sistemi aşkar edilib. Şəhərə təqribən 14 km aralıda yerləşən bulaqdan isə xüsusi sağsı tünglər vasitəsilə su xətti çəkilib. Qazıntılar zamanı çoxlu şirli və şirsiz keramika, fayans qablar, metal və şüşə məmulatı, qızıl, gümüş və başqa bəzək əşyaları tapılıb.
Şabran şəhərinin tarixi mənbələrdə göstərilən 12 qalasından ikisi, atəşpərəstlər məbədi, zərbxana, həbsxana, XI-XIV əsrlərə aid küçələr, sənətkarlıq məhəllələri, 3000-ə qədər numizmatika nümunəsi, arxeoloji ədəbiyyatda analoqu əks etdirilməyən yeni arxeoloji tapıntılar üzə çıxarılıb. Burada tapılan gil qab, bişirilən küpə Orta əsrlər üçün nadir tapıntılardan hesab olunur. Şabran öz çörəyi, düyüsü və digər məhsulları ilə məşhur olub.
Azərbaycan Respublikası Prezidentinin 2003-cü ildə imzaladığı sərəncamla “Şabran şəhəri” tarix-mədəniyyət abidəsi qoruq elan edilib. Dövlət başçısı tərəfindən 2019-cu ildə imzalanan sərəncamla “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi birləşdirilərək “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.
Abidənin adı: “Gilgilçay İstehkamlar Kompleksi”
Abidənin ünvanı: AZ1700, Şabran və Siyəzən rayonları
Abidənin əhəmiyyət dərəcəsi: Dünya əhəmiyyətli arxeoloji abidə
İnventar: 65 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 41.147903
Y-koordinat: 49.064851
Abidənin tarixi:
Əsr: Orta əsrlər
Tikinti ili: Məlum deyil
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Sasani imperiyası Qafqaz Albaniyasını işğal etdikcə özünün şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək, habelə şimal xalqlarının hücumlarından qorunmaq üçün beş müdafiə səddi inşa edib. Tarixi mənbələrdə Sasani imperiyası ərazisində müdafiə sədlərinin tikilməsinə IV əsrin ikinci yarısından etibarən başlanılması qeyd olunur. Xüsusən Sasani şahı II Yezdəgirdin (437-457) Cənubi Qafqaz ölkələrini özünə tabe etməsinə əsaslanaraq Beşbarmaq və Gilgilçay sədlərinin II Yezdəgirdin dövründə tikildiyini söyləmək olar.
Gilgilçay səddi Dərbənd keçidində tikilmiş “Uzun divarlar” adlanan müdafiə istehkamlarından ən əhəmiyyətlisi hesab olunur. Gilgilçay səddi tikinti mürəkkəbliyinə və üslubuna görə bu qəbildən olan digər tikililərdən fərqlənir. Sədd Xəzər dənizinin qərb hissəsindən başlayaraq Siyəzən və Şabran rayonlarındakı Kolanı, Gilgilçay, Yenikənd, Eynibulaq, Çalğan, Qalaaltı, Çarax, Hacıiskəndər, Təkiyə, Ugah, Çinarlar, Nohurlar və s. kəndlərin ərazisindən keçərək Baba dağınadək davam edir. Sədd Böyük Qafqaz dağlarındakı keçid yerləri əhatə etməklə, Quba, Zaqatala ərazisindən keçərək Qara dənizin şərq sahillərinədək davam edir.
Bu tikili bəzən məşhur Çin səddi ilə müqayisə olunur. Çin səddinin hündürlüyü 10 metr, eni 5-6 metr olduğu halda, Gilgilçay səddinin bəzi yerlərdə hündürlüyü 15 metr, divarlarının eni isə 7 metrdən artıqdır.
Sədd tikilərkən onun plan quruluşu yerin relyefinə uyğunlaşdırılıb, müdafiə məqsədləri üçün təbii maneələrdən maksimum istifadə edilib. Səddin əhatə etdiyi ərazinin dörd yerində iri qala, qəsr, müdafiə məntəqəsi, habelə beş yerdə qədim yaşayış yeri qeydə alınıb. Müəyyən edilib ki, düzənlik hissədə bürclərarası minimal məsafə 29,5 m, maksimum məsafə 60 m, vahid qanunauyğunluğa əsaslanaraq orta ölçü isə 40 m-dir.
M.Kalankaytuklu “Alban tarixi” əsərində yerli əhalinin II Yezdəgirdə qarşı üsyan qaldırdığını qarşıdurmanın qalada baş verdiyini və Sasanilərin zorla qalanı tutaraq dağıtdığını qeyd edir. M. Kalankaytuklunun göstərdiyi qala, şübhəsiz, Beşbarmaq qalası və ona paralel sədd olması ehtimal olunur.
Bu müdafiə tikililəri ilə əlaqədar A. Bakıxanov “Gülüstani-İrəm” əsərində yazır: “Babi-Alan səddini İsfəndiyar tikdirib. Nuşirəvan isə yenidən bərpa etdirib. Həmin səddin hasarı, darvazanın yeri və şəhərin xarabası Qubanın Şabran mahalında Gilgilçayın kənarında bir təpə üzərində indi də mövcuddur”. Lakin səddin Nuşirəvan tərəfindən bərpa edilməsi fikri mübahisəlidir. Mənbələrdə qeyd olunur ki, bu sədd IX əsrdə bərpa edilib.
Abidənin adı: “Xəlil türbəsi”
Abidənin ünvanı: AZ5315, Siyəzən rayonu, Gilgilçay qəsəbəsi
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli memarlıq abidəsi
İnventar: 4957 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 41.08213
Y-koordinat: 49.05060
Abidənin tikinti tarixi:
Əsr: XVIII əsr
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Gilgilçay qəsəbəsində təpəlikdə yerləşən bu türbə XVIII əsr Azərbaycan memarlığının maraqlı münunələrindəndir. Bu türbədə dənf edilən Pir Xəlil babanın şəxsiyyəti haqqında ətraflı məlumat azdır. Yalnız ədəbi mənbələrdən belə məlum olur ki, Pir Xəlil baba XVII əsrin məşhur sufi dərvişlərindən olub. Yerli cammat müxtəlif göz ağrıları səbəbindən bu pirin üstünə gəlir və bu pirin divarlarına əski parçaları bağlayıblar. Tarixçi alim Məşədixanım Nemət 1992-ci ildə Azərnəşirdə çap olunan “Azərbaycanda pirlər” kitabında yazır ki, “Nadi Əliyyən” duası Qızılburun yarımadasının VII kilometrliyində yerləşən “Pir Xəlil Baba” piri türbəsinin kitabəsində yazılmışdır. “Bəkdaşiyyə”, “Baba Sammit dərvişləri” cəmiyyətləri ilə əlaqələndirilən “Nadi Əliyyən” – “Əlini çağır” duasında deyilir: “Ya Mədəd Əli! Bizim məshəbimizdə haqq sözü Əlini çağırmaqdır. Möcüzələr yaradan Əlini çağır! Sən onda bəlalardan xilaskarını taparsan. Ya Məhəmməd! Sənin peyğənbərliyin və ya Əli! Ya Əli! Ya Əli, sənin vəliliyinin köməyi ilə bütün qüssə və kədərlər keçib gedər,"
Pir Xəlil babada “Bektaşiyyə” və yaxud “Baba Sammit dərvişləri” cəmiyyətlərinin üzvü imiş. Bu cəmiyyət sufi təşkilatı idi. “Bektaşiyyə” cəmiyyətinin üzvləri geniş xalq kütlələri ilə sıx əlaqədə idilər.
Məşədixanım Nemət adı çəkilən kitabında göstərir ki, “Səfəvilər özlərinə düşmən olan sünni təriqətli qonşu ərazilərdə - Türkiyədə, Şirvanda və digər ərazilərdə Sufi təşkilatları yaradırdılar. Bunlardan uzun müddət fəaliyyət göstərən “Bektaşiyyə” və onun qolu olan “Baba Sammit dərvişləri “cəmiyyətlərini göstərmək olar.
Pir Xəlil baba da bu cəmiyyətlərin ən tanınmış münayəndələrindən biri idi ki, Şirvan torpağında fəaliyyət göstərmiş və vəfat etdikdən sonra da pirə çevrilmişdir.