Qoruğun adı: Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu
Qoruğun ünvanı: AZ2000, Gəncə şəhərinin 7-ci km-də Qədim Gəncə xarabalığı
Qoruğun yaradılma tarixi: Azərbaycan SSR Nazirlər Sovetinin “Qədim Gəncə ərazisinin Tarix-Mədəniyyət Qoruğu elan edilməsi haqqında” 18 aprel 1988-ci il tarixli, 136 saylı qərarı ilə yaradılmış, Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2019-cu il tarixli 1498 nömrəli Sərəncamının 4-cü bəndinə əsasən “Nizami Gəncəvi məqbərəsi” kompleksi Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibinə daxil edilib.
Qoruğun ümumi sahəsi: 1486 ha (Gəncə şəhəri ərazisində 1236,62 ha və Samux rayon ərazisində isə 249,42 ha təşkil edir)
Qoruğun istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur.
Qoruğun iş saatları: 09:00 - 18:00
Facebook səhifəsi: https://www.facebook.com/G%C9%...
Qoruğa dair tarixi məlumatlar: Qədim Gəncə xarabalığı dedikdə 1139-cu ildə baş vermiş zəlzələ nəticəsində dağıdılan Gəncə şəhərinin yeri nəzərdə tutulur. Qoruq ərazisi 1988-ci ildə tərtib olunmuş xəritəyə əsasən 1482 ha sahəyə malikdir. Bunun 610 ha. Samux rayonu inzibati ərazisindədir. Qoruq ərazisində xalqımızın müqəddəs ziyarətgah yeri olan İmamzadə kompleksi, Comərdi Qəssab türbəsi, Qədim Gəncənin orta əsrlərə aid qala divarının müxtəlif hissələri, Qala bürclərinin qalıqları, türbələr, Körpü qalıqları, arxeoloji qazıntı yeri var. Qoruq ərazisində aşkar olunmuş arxeoloji abidələr orta əsrlərdə həmin ərazidə yaşayan əhalinin məşguliyyəti, məişəti barədə ətraflı təsəvvür yaratmağa imkan verir.
Nizami Məqbərəsi respublika əhalisinin və xarici qonaqların ziyarətgahıdır. Dünya ədəbiyyatı korifeyi, azərbaycanlı İlyas Yusif oglu Nizami Gəncəvi 1141-ci ildə Gəncədə anadan olmuş, 1209-cu ildə Gəncədə vəfat etmiş, özünün məşhur «Xəmsə»sini yaratmışdır. O, azadlıq, sərbəstlik, müstəqillik və demokratiya ideyalarının yaradıcısı və carçısı kimi məşhurlaşmışdır. Onun qəbri üzərində türbə qədimdən tikilmişdir. İlk türbənin tikintisi XIII-XIV əsrlərə aid edilir. 1947-ci ildə şairin qəbri üzərində yeni məqbərə ucaldılmışdır. Hal-hazırkı məqbərə isə 1990-91-ci illərdə yenidən qurulmuş, qədim arxitektura ənənələri saxlanılmaqla müasirləşdirilmişdir. Mərkəzi xiyabanın uzunluğu 125 m, eni 40 m, məqbərənin hündürlüyü isə 20,9 m-dir. Məqbərə ətrafında şairin «Xəmsə»sinin rəmzi kimi 5 iri fəvvarə tikilmişdir. Burada şairin «Xəmsə»sinə daxil olan əsərlərdən bəhs edən heykəltəraşlıq kompleksi və süni göl vardır. 1991-ci ildən Mədəniyyət Nazirliyinin tabeçiliyindədir. Qoruğun Əsasnaməsi 14.04.2009-cu il tarixində Nazirlik tərəfindən təsdiq edilmişdir.
İş saatı: 09:00 - 18:00
Abidənin adı: Qala bürcü
Abidənin ünvanı: AZ2000, Gəncə şəhəri, Kəpəz rayonu, Qədim Gəncə xarabalığı
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi
İnventar: 182 ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 619563.18
Y-koordinat: 4507474.93
Abidənin tikinti tarixi:
Əsr: XIII əsr
Tikinti ili: Məlum deyil
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur.
Abidəyə dair tarixi məlumatlar: Gəncə şəhərini əhatə edən qala divarları bir-birinin yaxınlığında yerləşən yarımdairəvi bürclərlə möhkəmləndirilib. Belə ki, qala divarlarının üzərində müşahidə və müdafiə qurğuları sayılan dairəvi bürclər tikilmişdir. Qala divarının üzərindəki bürclər də qala divarları kimi çaydaşı və əhəng məhlulundan inşa edilmişdir.
Abidənin adı: 1, 2 (beş tağlı) və 3 (yeddi tağlı) nömrəli körpülər tağlı körpü qalıqları
Abidənin ünvanı: AZ2000, Gəncə şəhəri, Qədim Gəncə xarabalığı
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi
İnventar: 190, 191 və 192 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 619398.53
Y-koordinat: 4507370.58
Abidənin tikinti tarixi:
Əsr: XI-XII əsrlər
Tikinti ili: Məlum deyil
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur.
Abidəyə dair tarixi məlumatlar: Şəhərin sağ və sol sahil hissələri üç ədəd tağlı körpü vasitəsilə əlaqələndirilmişdir. Həmin körpülərdən biri bu günümüzə qədər gəlib çatan 5 və 7 tağlı körpülərin qalığıdır. 2 nömrəli körpü 5 sütundan və 3 nömrəli körpü isə 7 sütundan ibarət olduğu üçün “5 tağlı” və “7 tağlı” adlandırılır. Həmin körpülərin qalığı hazırda Qədim Gəncə xarabalığı ərazisindən axan Gəncə çayının içərisində yerləşir və yalnız körpünün kənarlara birləşən hissəsi bu günümüzə gəlib çatıbdır. Körpülər istifadəyə yararsız vəziyyətdədir.
Abidənin adı: "İmamzadə kompleksi"
Abidənin ünvanı: AZ2000, Gəncə şəhəri, Köhnə Gəncə, İmamzadə qəbiristanlığı
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi
İnventar: 193 ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 40.714677
Y-koordinat: 46.424799
Abidənin tikinti tarixi:
Əsr: XVII-XIX əsrlər
Tikinti ili: Məlum deyil
Abidənin istifadəsi: Ziyarətgah və nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: "İmamzadә" vә ya "Göy imam" kimi tanınan dini-memarlıq kompleksi Gәncәçayın sağ sahilindә yerlәşir. Müxtəlif dövrlәrdә әtrafında müxtəlif tikililər inşa edildiyi üçün abidə memarlıq kompleksinә çevrilib.
Kompleksә bağlı tikililәrin sırasında memarlıq baxımından әn dәyәrlisi İmamzadә İbrahimin türbәsi vә hәyәtin darvazasıdır. İbrahim VIII әsrdә vəfat etsə də, tədqiqatçılar memarlıq quruluşuna görə türbәni XVII-XVIII әsrlərә – Sәfәvilәr dövrünә aid edirlər. Türbәnin kaşılı günbәzi vә barabanı isə XIX әsrdә Yadigarzadә adlı şəxs tərəfindən әlavә olunub.
İmamzadә türbәsi Azәrbaycanın XVI-XIX әsrlәr memarlığının tәdqiqində xüsusi әhәmiyyәt kəsb edir. Burada Tәbriz vә Aran memarlıq mәktәblәrinin әlaqәsindәn gәlәn sintez mövcuddur. Türbәnin içində olan kitabәdən aydın olur ki, oradakı qәbir beşinci imam Mәhәmmәd Bağırın oğlu hicri 120-ci ildә (miladi 738) vәfat etmiş İbrahimә aiddir.
Türbәnin xalq arasında işlәnәn digәr adı isә “Göy imam”dır. Bu isә XIX әsrdә tәmir edilmiş günbәzin firuzәyi rәngi ilə bağlıdır. Mütəxəssislər abidəni qüllәvarı türbәlәr sinfinә aid edirlər. Qeyd olunur ki, öncә düzbucaqlı korpus inşa edilib, sonralar ona üç tәrәfdәn divar әlavә olunaraq qalereya yaradılıb. Türbәnin tektonik quruluşunda Azәrbaycanda çox az rast gәlinәn altıbucaqlı günbәzaltı konstruksiyadan istifadә olunub. Daxili vә xarici günbәz qatları arasındakı fәza XIV-XV әsrlər Orta Asiya türbәlәri ilә eynilәşdirilir və hәmin dövrdә tikildiyi ehtimal edilir.
Mənbələrdə abidənin inşa tarixinin XII əsrin sonu – XIII əsrin əvvəllərinə aid olduğu da bildirilir. Hücrələr məhz bəhs edilən dövrlərdə – XIII-XIV əsrlərdə artıq yenidən bərpa olunub. Gəncə İmamzadəsi ərazisində əsas türbə də daxil olmaqla yeni tikililərin ucaldılması XIV-XV əsrlərdə köhnə abidənin yenidən qurulması nəticəsində həyata keçirilib. XIX әsrin sonu – XX әsrin әvvәllәrindә türbәnin nәinki tәyinatı, hәtta ilkin kompozisiyası dәyişdirilib, abidə әtrafında tikinti işlәri aparılıb vә ziyarәtgah qismәn məscidә çevrilib.
Türbәnin interyerindә sonradan aparılan tәmir zamanı divar qatları öyrәnilib və abidənin VIII әsrdә tikilmәsi sübuta yetirilib.
Müxtəlif vaxtlarda dağıntılara məruz qalan ziyarətgah 1946-cı ildən “İmamzadə” piri kimi fəaliyyət göstərib. 1970-ci illərdə idarə olunması Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin tabeliyinə verilib.
Prezident İlham Əliyevin 1 mart 2010-cu ildə imzaladığı sərəncama əsasən, kompleksdə təmir-bərpa işləri aparılıb, 2016-cı ildə açılışı olub.
Abidənin adı: “Comərd Qəssab türbəsi”
Abidənin ünvanı: AZ2000, Gəncə şəhəri, Qədim Gəncə
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi
İnventar: 375 (Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 02 aprel tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 40.4210
Y-koordinat: 46.2433
Abidənin tikinti tarixi:
Əsr: XVII əsr
Tikinti ili: Məlum deyil
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur.
Abidəyə dair tarixi məlumatlar: Comərd Qəssab türbəsi Gəncə çayının sağ sahilində, “İmamzadə” dini kompleksinin cənub istiqamətindən 1500 metr aralı məsafədə yerləşir. Türbədə dəfn olunmuş şəxsin barəsində dəqiq məlumatlar olmasa da mənbələrdə göstərilən tarixi rəvayətlərdən məlum olmuşdur ki, həmin şəxs ilk vaxtlarda İslam dinini qəbul etmiş, hətta Gəncənin ilk müsəlmanı kimi İslam qoşunları şəhərə daxil olmamış, o, əhali arasında İslamın yayılması ilə məşğul olmuşdur. Eyni zamanda Gəncə sakinləri arasında yayılan rəvayətə görə, Comərd Gəncənin qədim məhəllələrindən birində qəssablıq etmiş, əhaliyə ət satarkən heç bir tərəzidən istifadə etmədən əti dəqiq və düzgün ayırarmış. Adı tarixə məlum olmayan həmin şəxs igidliyi, mərdliyi, qoçaqlığı ilə el arasında böyük nüfuza malik olduğu üçün Comərd deyə çağırılarmış. Bu səbəbdən də həmin şəxs qəssablıqla məşğul olduğu üçün Comərd Qəssab kimi tanınmışdır.
Türbə planda səkkizguşəli formaya malikdir. Səkkiz guşənin küncləri həm daxildən, həm də xaricdən çıxıntılarla işlənmişdir. Türbənin tikintisi zamanı kvadrat formalı bişmiş kərpic və əhəng məhlulu qarışından istifadə olunmuşdur. 1139-cu ildə baş vermiş Gəncə zəlzələsi zamanı Qədim Gəncə ərazisindəki əksər tikililər kimi, Comərd Qəssab türbəsi də ciddi dağıntıya məruz qalmışdır. 1940-cı ildə ilk dəfə arxeoloji tədqiqatlar aparan İsaq Cəfərzadə VII əsrə aid tapıntılar sırasında Comərd Qəssabın qəbrini də aşkar edərək üzə çıxartmışdır. XX əsrin 60-ci illərində türbə dağıdılmış, uzun müddət uçulmuş və baxımsız vəziyyətdə qalsa da 2004-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Comərd Qəssabın məzarını və məzarüstü türbəsinin bərpa işləri həyata keçirilmişdir. Abidənin bərpası zamanı Naxçıvan şəhərindən gətirilmiş qədim dövrün kərpiclərindən istifadə olunmuşdur.
Abidənin adı: Qala divarının qalıqları
Abidənin ünvanı: AZ2000, Gəncə şəhəri, Qədim Gəncə xarabalığı
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi
İnventar: 189 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 619427.11
Y-koordinat: 4507393.69
Abidənin tikinti tarixi:
Əsr: XI əsr
Tikinti ili: Məlum deyil
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur.
Abidəyə dair tarixi məlumatlar: Gəncə şəhərini əhatə edən üç qatlı müdafiə sədləri şəhərin düşmən hücumundan müdafiə olunması üçün nəzərdə tutulubdur. Qala divarlarının dəqiq inşa edilmə tarixi bilinməsə də məlumdur ki, Gəncə Şəddadilər dövlətinin paytaxtı olarkən (971-1088) artıq şəhər qala divarı ilə əhatə edilmişdir. 1139-cu ildə baş vermiş Gəncə zəlzələsi zamanı qala divarlarına ciddi zədə dəysə də, onlar sonradan bərpa olunmuş və 1235-ci ildə monqol işğalçıları tərəfindən dağıdılana kimi şəhəri müdafiə etmişdir. Qala şəhərin sol sahil hissəsində daşlarla üzlənmiş qala divarları və dərin xəndəklərlə əhatə olunmuşdur. Qala divarları ilə əhatə olunmuş ərazi düzgün olmayan dördbucaqlı formasına və 600x750m ölçüyə malikdir. Şəhər ərazisi əvvəlcə daxili, daha sonra ikinci, sonradan isə üçüncü qat divarlarla əhatə edilmişdir.
Qala divarlarının yer üstündə olan hissəsindən görünür ki, qala divarları çaydaşı və əhəng məhlulu qarışığından inşa edilmişdir. Qala divarlarının inşasında kərpic və çaydaşı ilə yanaşı 75x75x40 sm ölçüyə malik tuf daşlarından da istifadə olunmuşdur. Divarda onlar bloklar şəklində tətbiq edilməklə kərpic yuvaların içində yerləşdirilmişdir. Tuf daşı ətrafındakı kərpiclər yanlardan vertikal, üst və altdan isə horizontal şəkildə hörülmüşdür. Qala divarlarının qalıqlarına əsasən müəyyən edilmişdir ki, bu cür daş-kərpic hörgüsü bütün divar boyunca sıralanmış və bir növ naxış xarakteri daşımışdır. Qala divarları arasındakı dərin xəndək Gəncəçayından gələn su ilə doldurulurdu. Bəzi yerlərdə divarın hündürlüyü 3 metrə yaxındır.
XVII əsrdə şəhər ərazisi I Şah Abbas tərəfindən köçürülənə kimi Gəncə qalası yerli əhali ilə məskunlaşmışdır. Həmin qala divarının qalıqları hazırda Gəncə çayının sol sahilini əhatə edir.
Abidənin adı: Türbələr
Abidənin ünvanı: AZ2000, Samux rayonu, Qədim Gəncə xarabalığı
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi
İnventar: 198 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 620322.74
Y-koordinat: 4508033.04
Abidənin tikinti tarixi:
Əsr: XVII-XIX əsrlər
Tikinti ili: Məlum deyil
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur.
Abidəyə dair tarixi məlumatlar: Gəncə şəhərinin təqribən 7 kilometrliyində, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən İmamzadə dini kompleksinin ətrafında inşa olunmuş türbə tarixi qədimliyini özündə əks etdirir. Türbə kərpicdən tikilmiş, türbənin kümbəzinə mavi kaşıdan üzlük çəkilmiş və türbənin daxili divarlarında isə ərəb hərfləri ilə dini ayələr həkk olunmuşdur.
Abidənin adı: "Nizami Gəncəvinin türbəsi"
Abidənin ünvanı: AZ2000, Gəncə şəhərinin 7 kilometrliyində, Gəncə-Yevlax şosesinin sol tərəfində
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi
İnventar: 472 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 40.41772
Y-koordinat: 46.255683
Abidənin tarixi:
Əsr: XX əsr
Tikinti ili: 1947-ci il
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Bəşəriyyətin bədii söz salnaməsində özünəməxsus yeri olan, dünya ədəbiyyatının günəşi hesab edilən dahi şair, mütəfəkkir Nizami Gəncəvi (1141-1209) səkkiz əsrdir dəyərli əsərləri ilə özündən söz etdirir. Görkəmli söz ustadının beş poemadan ibarət “Xəmsə”si müdriklik xəzinəsidir.
Nizami Gəncəvinin bənzərsiz yaradıcılığı əsrlərdir söz, sənət bilicilərinin diqqətini cəlb edir, onun ədəbi irsi yüksək qiymətləndirilir. XIII əsrin əvvəllərində şairin Gəncədə qəbri üzərində ucaldılmış sərdabəsi inşa olunduğu vaxtdan elm və irfan əhlinin ziyarətgahına çevrilib. Bu məkan əsrlər boyu təkcə yerli əhalinin deyil, həm də Şərqin görkəmli mütəfəkkirlərinin, həmçinin Nizamisevərlərin müqəddəs bildiyi ünvan olub.
1606-cı ildə I Şah Abbasın, 1752-ci ildə Hacı Çələbinin, 1826-cı ildə Gəncə xanlığının Şıx düzündə apardığı müharibələr nəticəsində sərdabə qismən dağılıb.
1922-ci ildə dahi şairin Gəncə şəhərinin 7 kilometrliyində, Gəncə-Yevlax şosesinin sol tərəfində yerləşən məzarı yerli ziyalılar tərəfindən bərpa olunub.
Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar Şıx düzündə arxeoloji qazıntı aparılıb və məqbərənin qədim qalıqları üzə çıxarılıb. Arxeoloji qazıntılar nəticəsində müəyyən edilib ki, Nizaminin türbəsi XIII əsrdə tikilib, ümumi sahəsi 101,12 m² təşkil edib, divarlarının qalınlığı isə 172 sm, hündürlüyü 5,2 m olub. 1947-ci ildə böyük şairin məzarı üzərində abidə ucaldılıb.
1981-ci ildə Azərbaycan SSR-in rəhbəri Heydər Əliyev tərəfindən “Azərbaycanın böyük şair və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında” qərarlar imzalanıb. Bununla da “Xəmsə” ingilis, rus, alman və fransız dillərinə tərcümə və nəşr edilərək dünya xalqlarına çatdırılıb.
1981-ci ildə şairin 840 illik yubileyi dünyanın ən böyük şərqşünas və nizamişünas alimləri, eləcə də dövlət xadimlərinin iştirakı ilə söz ustadının doğma yurdu Gəncə şəhərində böyük təntənə ilə qeyd olunub.
UNESCO-nun təşəbbüsü ilə 1991-ci ildə Nizami Gəncəvinin anadan olmasının 850 illik yubileyi dünya miqyasında qeyd olunub. Ölkəmiz ağır müharibə və siyasi böhran şəraitində yaşamasına baxmayaraq, Ukraynadan gətirilmiş qırmızı qranit daşlar və yerli tikinti materiallarından istifadə edilməklə ölkə əhəmiyyətli memarlıq abidəsi olan səkkizguşəli əzəmətli məqbərə yenidən qurulub.