Qoruğun adı: “İlisu” Dövlət Tarix-Mədəniyyət Qoruğu
Qoruğun ünvanı: AZ3417, Qax rayonu, İlisu kəndi
Qoruğun yaradılma tarixi: 2002 -ci il 26 mart tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 100 nömrəli əmri
Qoruğun ümumi sahəsi: 195 kv.km
Qoruğun istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Qoruğun iş saatları: Qeyri mövsümdə: 9.00-18.00, Mövsümdə: 9.00-20.00
Facebook.com səhifəsi: https://www.facebook.com/ilisu...
Qoruğa dair tarixi məlumatlar: İlisu Sultanlığı XIX əsrin əvvəllərindən çar Rusiyasının Qafqaz siyasətinə qarşı çox gərgin mübarizə aparıb. 1844-cü ildən isə Şeyx Şamilin milli azadlıq hərəkatına qoşulub, üç əsrə yaxın bir dövrü əhatə edən, özünəməxsus bir dövlətçilik qurumuna malik olub.
İlisu Sultanlığı mövcud olduğu üç əsrə yaxın müddətdə bəzən İran dövlətinin, bəzən də Osmanlı imperiyasının vassallığını qəbul etsə də, müstəqil idarəçilik üsulunu, demək olar ki, həmişə saxlayıb.
1803-cü ildə İlisu Sultanlığı Rusiyanın tərkibinə daxil edildi. Lakin, bununla belə, öz müstəqil idarə üsulunu saxlaya bildi. 1830-cu ildə İlisu hakimi təyin edilən Danyal Sultan 1844-cu ildə rus hakim dairələri ilə narazılıqdan sonra üsyan edərək sultanlığın əhalisini ruslara qarşı qaldırdı. İlisu kəndi yaxınlığında məğlub olduqdan sonra dağlıların milli-azadlıq hərəkatının rəhbəri Şeyx Şamilin tərəfinə keçdi.
İlisu kəndi özünün tarixi-memarlıq abidələri ilә zәngindir. Tarixin ayrı-ayrı dövrlərinin memarlıq xüsusiyyətlərini әks etdirәn abidәlәrin bir qismi müasir dövrümüzә qәdәr qorunub saxlansa da, onların böyük bir hissәsi isә müharibәlәr vә tәbii aşınmalar nәticәsindә dağılıb.
Hazırda “İlisu” Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan, bu günümüzə qədər gəlib çıxmış Sumuq qala, Ulu körpü, Ulu məscid, Qalaça, Qala kompleksi, Cinli qala vә epiqrafik abidələr İlisunun qəhrəmanlıq tarixinin şanlı sәhifәlәridir. Bu abidələr kəndin ümumi monumentallığı vә bәdii-memarlıq dəyəri ilә seçilir. Onlar sıravi tikililәrlә, təbii landşaftla, kəndin ümumi quruluşu ilә kompozisiya baxımından sıx bağlıdır, buna görә dә onlar birlikdə bədii vəhdət yaradır.
Hazırda Qoruğun ərazisində 13 tarixi abidə qeydiyyata alınıb ki, bunlardan 2-si ölkə, 11-i isə yerli əhəmiyyətlidir.11 abidə tarixi-memarıq abidəsi, 2-si arxeoloji abidədir. Qoruqda əlavə olaraq yeni aşkar olunaraq elmi invertarizasiyadan keçmək üçün təqdim olunmuş 37 abidə də mühafizə olunur.
Ulu məscid (XVII əsr) və Sumuq qala (XVII-XVIII əsrlər) elmi inventarizasiyadan keçmiş ölkə əhəmiyyətli tarixi-memarlıq abidələridir. Yerli əhəmiyyətli tarixi-memarlıq abidələri isə bunlardır: Ulu körpü (XVII-XVIII əsrlər), Bürc qala (XVIII-XIX əsrlər), Qalaça (XVIII-XIX əsrlər), Həsənxan qalası (XVIII-XIX əsrlər), Qala (XVIII-XIX əsrlər), Cinli qala (VII-IX əsrlər), Beşbulaq (1863), Sarıbaş məscidi (XVI-XVII əsrlər), Oğlanqala, Qızqala (XVI-XVII əsrlər).
Yerli əhəmiyyətli arxeoloji abidələr isə Səngər yeri (Orta əsrlər) və XIV-XVII əsrlərə aid kilsə qalıqlarıdır.
İş saatı: Qeyri mövsümdə: 9.00-18.00, Mövsümdə: 9.00-20.00
Abidənin adı: “Ulu məscid”
Abidənin ünvanı: AZ3717, Qax rayonu İlisu kəndi, İlisu kəndinin mərkəzində
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi
İnventar: 284 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 41.28120
Y-koordinat: 47.23448
Abidənin tikinti tarixi:
Əsr: XVII əsr
Tikinti ili: 1617-1618-ci illər
Abidənin istifadəsi: İlkin təyinatı üzrə və nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: “İlisu” Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələrinin biri də Ulu məsciddir. İlisu kəndinin mərkəzində yerləşən tikiliyə onun böyüklüyünə və qədimliyinə görə el arasında “Ulu məscid” adı verilib.
Abidənin divarlarında çaylaq daşı üzərində həkk edilmiş kitabələrə əsasən, demək olar ki, məscid hələ 1617-1618-ci illərdə mövcud imiş. Məscidin tikintisində çaylaq daşından, bişmiş kərpicdən və əhəng məhlulundan istifadə olunub, üstü kirəmitlə örtülüb. Düzbucaqlı plana malik binanın əsas kompozisiya oxu şimal-cənub istiqamətindədir.
Məscidin içərisi sütunlarla uzununa istiqamətdə üç bərabər hissəyə bölünüb. İbadət salonu məscidin yan divarlarındakı sivri tağlı pəncərələr vasitəsilə işıqlanır. Pəncərələri “Cəfəri” tipli şəbəkə ilə tərtib olunmuş yan divarlar, eləcə də interyer sadə görünüşlüdür. Bununla belə, memarlıq formalarının, sivri tağlar sisteminin ahəngdar biçimi interyeri xeyli canlı göstərir.
Məscidin girəcəyində, qapının üstündən və yanlarında çaylaq daşı üzərində həkk edilmiş kitabələr hörülüb. Kitabələrin üzərində bu tikilinin inşasına sərəncam vermiş şəxslər, onu inşa etmiş ustalar və nəhayət, məscidin inşa tarixi haqqında müfəssəl məlumatlar vardır. Kitabələr ərəb dilindədir və süls xətti ilə qabartma üslubunda həkk olunub.
Kitabələrə əsasən, müəyyən olunub ki, məscidin inşasına sərəncam verən İlisu sultanı Əli sultan, məscidi tikənlər isə Məhəmməd, Əli ağa və Baba adlı ustalardır.
Kitabələrdən eləcə də aydın olur ki, Ulu məscid 1700-1701-ci illərdə əsaslı sürətdə bərpa edilib. Məscidi bərpa edən və onu genişləndirən ustaların Məhəmməd Vəli, “Canay” təxəllüslü Məhəmmədxan, Yəşkəri Kurkulu Molla Həsən, Saxurbu dərviş, usta Məhəmməd Künaluy, Saxur Əbdül Vəli və ilisulu usta Übeydulla olduğu kitabələrin birində öz əksini tapıb. Digər bir kitabədə məscidin yenidən 1734-cü ildən Əli sultanın oğlu Xəlil sultanın sərəncamına əsasən, genişləndirilməsi və təmiri haqqında məlumat verilir.
1844-cü il iyun ayının 21-də İlisunu ələ keçirmiş rus qoşunları bütün kəndi dağıdıb talan etsələr də, Ulu məscid salamat qalıb. Hazırda məscid binası bərpa olunub və dindarlar tərəfindən istifadə olunur.
Abidənin adı: “Sumuq qala”
Abidənin ünvanı: AZ3717, Qax rayonu İlisu kəndi, İlisu kəndinin “Bucaq məhəllə” adlanan ərazisində
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi
İnventar: 285 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 41.275125
Y-koordinat: 47.3289
Abidənin tikinti tarixi:
Əsr: XVIII əsr
Tikinti ili: Məlum deyil
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: İlisu kəndində yerləşən ölkə əhəmiyyətli abidələrdən biri inşa tarixi XVII-XVIII əsrlərə aid edilən, yerli əhali arasında “Sumu qala” adı ilə tanınan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 №-li, 02.08.2001-ci il tarixli Qərarı ilə 285 invertar nömrəsi ilə qeydə alınan “Sumuq qala” tarixi-memarlıq abidəsidir.
“Sumuq qala”müdafiə qülləsidir.
“Sumuq qala “müdafiə qülləsi İlisu kəndinin “Bucaq məhəllə” adlanan ərazisində, Kürmük çayının sol sahilində yerləşir. Qüllənin inşasında çay daşından, əhəng məhlulundan və bişmiş kərpucdən istifadə olunmuşdur.
“Sumuq qala” plan quruluşuna görə kvadrat (6.22x6.02m) biçimdədir. Dörtmərtəbəli qüllənin iki mərtəbəsinin hər divarında 1 pəncərə və 2 mazğal qoyulmuşdur. Qüllənin 4-cü mərtəbəsi isə digər mərtəbələrdən fərqli olaraq daha iri ölçülü pəncərələrlə əhatələnmişdir.
Rəvayətə görə, qüllə Sumu və ya Ucmi xan adlı bir İlisu hakimi tərəfindən inşa edilmişdir.
İlk dövrdə sırf müdafiə qurğusu olan qüllə, həmdə yaşayış üçün istifadə olunmuşdur. İri ölçülü pəncərə gözləri bunu təsdiq edir. Güman ki, “Sumuq qala” İlisu kəndi sultanlığın mərkəzinə çevrildikdən sonra tikilmişdir. Qafqaz müharibələri dövründə belə müdafiə qüllələrinin hesabına yerli əhali düşmənə müqavimət göstərə bilmişdir.
Hal-hazırda “Sumuq qala” dövlət tərəfindən əsaslı şəkildə bərpa olunmuşdur. Bərpa zamanı onun torpaq altında qalan hissəsi təmizlənmiş, yarımuculu vəziyyətdə olan axırıncı mərtəbəsi və dam örtüyü təmir olunmuşdur.Sel sularından mühafizəsi üçün ətrafında kanal qazılmışdır.Ətrafına çaylaq daşlarından salbənd döşənmişdir
Hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən ”İlisu” Dövlət tarix-mədəniyyət qoruğuna aid tarixi-memarlıq abidəsi kimi qorunur.
Abidənin adı: “Ulu körpü”
Abidənin ünvanı: AZ3717, Qax rayonu İlisu kəndi, Qax-İlisu yolunda
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli memarlıq abidəsi
İnventar: 4552 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 41.273056
Y-koordinat: 47.012196
Abidənin tikinti tarixi:
Əsr: XVII əsr
Tikinti ili: naməlum
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur.
Abidəyə dair tarixi məlumatlar: Qax rayonu ərazisində orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələrindən biri də Ulu körpüdür. “İlisu” Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan körpü İlisu kəndinə gedən yolda, Kürmük çayının üzərində salınıb.
Tarixi mənbələrə əsasən körpünün inşasını təxminən XVII-XVIII əsrlərə aid etmək olar. Yəqin ki, körpü İlisu kəndi sultanlığın mərkəzinə çevrildikdən sonra tikilib. Körpünün tikintisində çay daşından, əhəng məhlulundan və əsasən bişmiş kərpicdən istifadə olunub. Kənd ağsaqqallarının dediklərinə görə, körpü xalq sənətkarı usta Ömər tərəfindən tikilib.
Körpünün yan divarları daşdandır. Burada müxtəlif dövrlərdə aparılmış təmir işlərinin izlərini görmək mümkündür. Kərpic tağbəndin üzərində kəsmə çaylaq daşından səliqə ilə hörülmüş divarın qalıqları nəzərə çarpır. Görünür, həmin hissə ilkin dövrə aiddir.
Yerli əhəmiyyətli memarlıq abidəsi olan Ulu körpü ilə əlaqədar bir tarixi fakt xüsusilə maraqlıdır. 1884-cü ildə rus qoşunlarının İlisuya hücumu zamanı sonuncu İlisu hakimi Daniyal sultan Ulu körpünü dağıtmaq fikrindən vaz keçib. Körpünün dağıdılması rus qoşunlarının uğursuzluğuna gətirib çıxara bilərdi. Daniyal sultanın həmin qərarını indi də qiymətləndirmək çətindir. Lakin bir şey məlumdur ki, onun həmin qərarı olsaydı, körpü uçurular, kənd əhli və sonrakı nəsillər çətinə düşərdilər.
Abidənin adı: “Qala” (Qalaça)
Abidənin ünvanı: AZ3717, Qax rayonu İlisu kəndi, Yezlidağın zirvəsində
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli memarlıq abidəsi
İnventar: 4551 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 41.275571
Y-koordinat: 47.3.2071
Abidənin tikinti tarixi:
Əsr: XIX əsr
Tikinti ili: Məlum deyil
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Bu abidə İlisu kəndini əhatə edən dağlardan birinin, Yezlidağın (Yazlıq) üstündə tikilib. Dağın belində vüqarla yüksələn Qala (Qalaça) bütün kəndin, dərin dərələrin və gizli dağ cığırlarının üzərində hakim kəsilmişdir. Oradan ətraf ərazinin yaxşı müşahidə edilməsi qalanın nümunəvi keşikçi məntəqəsi olduğunu göstərir. Strateji baxımdan çox əlverişli mövqedə yerləşən qala, demək olar ki, əlçatmazdır. Onu tutmaq üçün qaladakı keşikçilərin gözləri önündə dağın yamacı ilə yuxarıya doğru qalxmaq lazım idi. Qaladan atılan atəş altında dik yoxuşu qalxmaq demək olar ki, mümkün deyildi.
Qalanın diametri 9,2 metr olan bürc şəklindədir. İkimərtəbəlidir. Tikintisində çay daşı və əhəng məhlulundan istifadə olunmuşdur. Qalaçanın ətrafı boyunca atəş açmaq və müşahidə aparmaq üçün mazğallar vardır.
Qala rus hakim dairələrinin göstərişi ilə tikilmişdir. 1805-ci ildə Əli Sultan hakimiyyətindən salınır, onun yerinə Əhməd xan keçir. Onun hakimiyyəti dövründə (1805-1830) sultanlıq ilə Car-Balakən camaatlığı arasında münasibətlər gərginləşir. Bunun əsas səbəbi Əhməd xan Sultanın apardığı ruspərəst siyasət idi. Bundan narazı qalan Car-Balakən camaatlığı getdikcə İlisu sultanlığının daxili işlərinə qarışır və onun sərhəd kəndlərinə sahib olmağa çalışırdı. Belə bir şəraitdə Əhməd xan İlisu sultanlığının ərazi bütövlüyünü qoruyub saxlamaq üçün Rusiyanın köməyinə bel bağlayırdı. O, ilk növbədə 1807-ci ildə Tiflisə gedir, oğlu Alxas bəyi əmanət verərək, imperator I Aleksandra tabe olduğunu və ona sadiq qalacağını bildirir. Bundan sonra Çar hökuməti İlisuda öz qoşunlarını yerləşdirir və qalalar tikdirir. Güman olunur ki, “Qala” və digər iki müdafiə tikilisi o dövrdə inşa edilmişdir. Qaladan İlisuya gələn bütün yolları müşahidə etmək, eləcə də nəzarətdə saxlamaq mümkündür.
Qala tikilərkən dağın həmin hissəsində tikinti materialları olmadığından yüzlərlə rus əsgəri dağ cığırı boyunca sıraya düzülərək kəndin yaxınlığından axan Kürmüyün yatağından çay daşlarını bir-birinə ötürərək dağın üstünə çatdırmışdır. Kənddən Qalaya araba yolu salınmışdır.