Qoruğun adı: “Pir Hüseyn Xanəgahı” Tarix - Memarlıq Qoruğu
Qoruğun ünvanı: AZ2420, Hacıqabul rayonu, Qubalı-Baloğlan kəndi
Qoruğun yaradılma tarixi: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 22 yanvar 2004-cü il 19 nömrəli əmri ilə tarix-memarlıq qoruğu yaradılmışdır
Qoruğun ümumi sahəsi: 67 hektar
Kartoqrafik təqdimat:
X- Koordiant: 40.09127
Y- Koordiant: 49.00285
Qoruğun istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur.
Qoruğa iş saatları: Həftənin bütün günləri 09:00-dan 18:00-dək
Web səhifəsi: pir-huseyn.az
Facebook səhifəsi: https://www.facebook.com/profi...
Instagram səhifəsi: https://www.instagram.com/pirh...
Qoruğa dair tarixi məlumatlar: Hacıqabul rayonunun Qubalı Baloğlan kəndi ərazisində yerləşən XI-XII əsrlərə aid Pir Hüseyn xanəgahı ölkə əhəmiyyətli tarix-memarlıq abidəsidir.
Bu abidə kompleksi “Pirsaat xanəgahı”, “Pirsaatçay xanəgahı” da adlandırılır. Xanəgahın içərisində Azərbaycanda islami-fəlsəfi dünyagörüşün formalaşmasında mühüm rol oynamış Pir Hüseyn Rəvan – Şirvaninin (954-1072i) məzarı vardır.
Rus şərqşünası, professor V.A. Kraçkovskaya xanəgahın öyrənilməsini üç dövrə bölür: 1858-1861, 1907 və 1935-1936-cı illər. 1858-ci ildə rus şərqşünası İ.X. Bartolomey xanəgahda olub, abidədəki kitabələr, türbənin və məscidin al-əlvan kaşı bəzəkləri onu heyrətə gətirib.
1956-1965-ci illərdə kompleksdə bir sıra bərpa işləri aparılıb. 2007-ci ildə isə xanəgahda əsaslı təmir işləri həyata keçirilib və abidəyə muzey statusu verilib.
Pirsaatçay üzərindəki xanəgah zəngin memarlıq texnikasına malik qiymətli tarixi memarlıq abidəsidir. Hazırda abidə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında yer alır. “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın tədbirlər planına uyğun olaraq Pir Hüseyn xanəgahında da elmi tədqiqat işləri aparılıb.
Ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan xanəgah kompleksinə türbə, məscid, minarə, ziyarətçilərin qalması üçün bina və yardımçı tikililər həmçinin abidəni əhatə edən qala divarları, karvansara, Orta əsrlərə aid hücrələr və qədim qəbiristanlıq daxildir. Xanəgahın günümüzə nisbətən salamat gəlib çatan hissələri Pir Hüseyn məqbərəsi və minarədir.
Üzərində zərlə yazılmış kitabələr olan kərpiclər çıxarılıb bir qismi Sankt-Peterburqa – Ermitaj Muzeyinə, bir neçəsi Gürcüstan Dövlət Muzeyinə, bir hissəsi də Moskvadakı Şərq Mədəniyyəti Muzeyinə, hətta Luvr (Paris) və Britaniya muzeylərinə aparılıb. Məscidin mehrab hissəsi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində nümayiş etdirilir.
Abidənin bütün tikililəri əhəngdaşıdan inşa edilib. Xanəgahın dörd sətirdən ibarət ərəb dilində yazılmış kitabəsində deyilir ki, bina Əbdül Müzəffəra Fəhriburz bin Kərşasi bin Fərruxzad Maniçöhrün dövründə tikilib və abidənin memarı Şeyx Hacı Məhəmmədin oğlu Şeyxzadə Həbibullahdır. Kitabədə Şirvanşah III Fəhriburzun da adı çəkilir. Minarənin üzərindəki yazıda monqol hökmdarı Munke Buğa xan, eləcə də minarənin 1294-cü ildə Şirvanşah Axsitanın oğlu II Gərşəsbinin göstərişi ilə bərpa edildiyi haqqında məlumat verilir.
Yerli memarlıq ənənələrinə əsasən, başdan-başa daşdan böyük ustalıqla tikilmiş abidənin interyerində bu bölgə üçün səciyyəvi olmayan gəc və çoxrəngli kaşı bəzəyinin nadir örnəklərinin olması ölkənin şimal və cənubu arasında münasibətlərin Elxanilər çağında güclənməsinin nəticəsi kimi xarakterizə olunur.
Məscid və onun yanındakı tikililər dördkünc qala divarının içində yerləşir. Məscidin yolu qalanın şərq divarına bitişik tikilmiş otaqdandır. Məscidin daxili cənub divarı müxtəlif naxışlarla bəzədilib. Mərkəzi hissədə mehrab, onun hər iki tərəfində isə pannolar var. Mehrabın yalnız orta hissəsindəki yazıda mina fraqmentləri qalıb.
İş saatı: Həftənin bütün günləri 09:00-dan 18:00-dək
Abidənin adı: "Qala divarları"
Abidənin ünvanı: AZ2420, Hacıqabul rayonu, Qubalı-Baloğlan kəndi
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi
İnventar: 219 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X- Koordinat: 40.91271
Y- Koordinat: 49.002955
Abidənin tikinti tarixi:
Əsr: XIII əsr
Tikinti ili: 1243-cü il
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Pir Hüseyn Xanəgahının qala divarları içərisində necə inkişaf edib formalaşdığını yalnız inşaat kitabələri ilə aydınlaşdırmaq mümkündür. Xanəgahın tarixini əks etdirən ən qədim kitabəsi indi Qala divarlarının giriş qapısı üzərindədir. Altı daş lövhədən yığılan həmin iri kitabədə bu tikintinin miladi 1243- cü ildə (hicri 641-ci il) başa çatdırıldığı bildirilir. Azərbaycan Milli Elmlər Akademiyasının tarix muzeyində saxlanılan başqa bir kitabədə isə bildirilir ki, “bu tikintinin memarı Şeyxzadə Həbubulla ibn Şeyx Hacı Məhəmməddir.” Hələ 1861-ci ildə öz dövrünün görkəmi şərqşünası sayılan B. Dorn bu kitabə haqqında məlumat verərək qeyd etmişdir ki, “Daş kitabə” məscidin girişi önündə düşüb qalıb.
Abidənin adı: "Məscid və Minarə"
Abidənin ünvanı: AZ2420, Hacıqabul rayonu, Qubalı-Baloğlan kəndi
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi
İnventar: 221 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X- Koordinat : 40.91158
Y- Koordinat : 49.002930
Abidənin tikinti tarixi:
Əsr: XIII əsr
Tikinti ili: 1256-1294 –cü illər.
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Xanəgahın ümumi həcmindən yuxarı yüksələn minarə kompleksin funksional fəaliyyətinə müəyyən aydınlıq gətirirdi. Həyətin və bütün kompleksin dominantı olan minarə Şirvan bölgəsində minarə kompozisiyasının yeni mərhələsini əks etdirirdi. Xanəgahın minarəsinin giriş qapısı üzərində XIII əsr üçün səciyyəvi olan süls xətti ilə qoyulmuş böyük bir daş kitabədə bildirilir ki “Ulu Şeyx Pir Hüseynin xanəgahında olan bu minarə tikilisi ədalətli padşah Menku Buqa Xaqanın dövründə ... Arqun ağanın vəsaiti və yardımı ilə ucaldılmışdır”.
Silindrik gövdəli minarənin səkkiz üzlü təməlində giriş qapısından sol tərəfdə onun Şirvanşah II Əxsitanın hakimiyyəti dövründə hicri 654/ miladi 1256-cı ildə ucaldığını bildirən məlumat daş kitabə şəklində minarəyə daxil edilmişdir. Minarə üzərində ki kitabələr göstərir ki, minarənin inşaatı 1256 –cı ildə Şirvanşah II Əxsitanın zamanında başlamış və 1294-cü ildə onun oğlu Gərşasb tərəfindən tamamlanmışdır.
Pir Hüseyn Xanəgahının böyük bədii dəyəri olan gəc oyma naxışlı mehrabı 1940-cı ildə AMEA-nın N,Gəncəvi adına Ədəbiyyat muzeyinə aparılaraq orada divara quraşdırılmışdır. Mehrabın yaşıl kaşı çubuqlarından yığılmış kitabəsində Şirvanşah Əbulfəth Fərruxzad ibn Əxsitanın adı və inşaat tarixi hicri 655 / miladi 1266/67 –ci il həkk olunmuşdur. Hazırda Sant-Peterburqda Dövlət Ermitajında, Gürcüstanda İncəsənət Muzeyində, Bakının Nizami muzeylərində toplanmış xanəgahın kaşıları əsasən dördkünc frizdən və pannonu təşkil edən çoxlu kiçik səkkiz bucaqlı ulduz və xaçvarı hissələrdən ibarətdir. Xanəgahın kaşı bəzəklərinin ən gözəl hissəsini pannonun yuxarısını 11 metr uzunluqda haşiyələnən dörd bucaqlı kaşı hissələri təşkil edir.
Müxtəlif məsamələrdə (qabarıq, batıq) verilən nəbati ornament motivləri və ərəb əlifbasının nəsx xətti ilə yazılmış yazılar bu kaşıların əsas bəzək xüsusiyyətlərini təşkil edir. Ağ, yaşıl, firuzəyi və mavi rənglərlə boyanmış bu kaşıların üzərindəki nəbati naxışlar, yarpaq, gül, çiçək və qıvrım budaqlardan təşkil edilmiş yazılarda isə şer və Qurandan götürülmüş bəzi dini sözlər verilmişdir. Şərqşünaslar kaşılarda rast gəlinən sözlərin Xaqani Şirvaniyə və Cəlaləddin Rumiyə məxsus olduqlarını qeyd edirlər.
Pir Hüseyn Xanəgahının kiçik hərfli kaşıları da bəzək baxımından diqqəti cəlb edir. Bunların içərisində səkkiz bucaqlı kaşılar xüsusi ilə bəzəklidir, çünki mavi boyalı xaçvarı kaşılar vaxtı ilə Pir Hüseyn Xanəgahının divarında fon rolunu oynamışdır. Bundan əlavə bu kaşılar üzərində qiymətli mənbə sayılan bir mənbə vardır. Bu kaşıların qurulduğu ili bildirən 684 hicri (1285 ) tarixidir. Məscid orijinal üsullu qəbul zalı ilə tamamlanır.
Abidənin adı: "Karvansara"
Abidənin ünvanı: AZ2420, Hacıqabul rayonu, Qubalı-Baloğlan kəndi
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi
İnventar: 222 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X- Koordinat: 40.91228
Y- Koordinat: 49.002929
Abidənin tikinti tarixi:
Əsr: XIII əsr
Tikinti ili: Məlum deyil.
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Pir Hüseyn Xanəgahı Şirvanşahlar tərəfindən müxtəlif vaxtlarda ucaldılmış bir sıra binalardan ibarət olub. Bunlardan biri də XIII əsrə aid edilən karvansara və tövlələrdir. Pir Hüseyn Xanəgahı Şirvanın əhəmiyyətli (fəlsəfi, ədəbi, dini) mərkəzi idi. Ona görə də karvansaranın xanəgah üçün xüsusi əhəmiyyəti vardır. Onun gəlirlərinə də xanəgah şeyxləri nəzarət edirdilər. Hacıqabul ərazisində, Hacıqabul gölünün şərq sahilində, Atbulaq kəndi ərazisində karvansaraların mövcud olması bizə məlumdur. Onların qalıqları dövrümüzə qədər gəlib çatmışdır. Bu Hacıqabulun Böyük İpək Yolu üzərində yerləşən əhəmiyyətli məntəqə olmasını sübut edir. Karvansaralar adətən bir at mənzilində inşa edilirdi. Orta əsrlərdə həcc ziyarətinə gedən Şirvan zəvvarları əvvəlcə Pir Hüseyn Xanəgahını ziyarət edər, sonra Hacıqabul gölü kənarındakı karvansaradan həcc ziyarətinə yola düşərdilər. Həcc ziyarətindən sonra həmin karvansarada onlara mübarəkbadlıq edilər və “həccin qəbul” geyərdilər. Ehtimal ki, Hacıqabul sözünün mənşəyi də oradan götürülmüşdür.
Abidənin adı: "Köməkçi otaqlar"
Abidənin ünvanı: AZ2420, Hacıqabul rayonu, Qubalı-Baloğlan kəndi
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi
İnventar: 223 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X- Koordinat: 40.91286
Y- Koordinat: 49.002890
Abidənin tikinti tarixi:
Əsr: XIV əsr
Tikinti ili: Məlum deyil.
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Xanəgahın dövrələyən qala divarları içərisində o qədər iri olmayan, həcmli baş tağ şəkilində həll edilmiş giriş qapısı mürəkkəb konfiqurasiyalı, daş döşəməli iç həyətə açılır. Onunla üz-üzə məscidin giriş qapısı yerləşir. Həyəti dövrələyən bina və yerləşgələrin hamısı tağbəndlə örtülü olub, yastı damlarının müxtəlif səviyyələri ilə maraqlı həcm quruluşu yaradırdı. Yalnız sərdabəsi qalan qülləvarı türbənin prizmavari qülləsi bu tip tikililər üçün səciyyəvi olan piramidalı günbəzlə tamamlanmışdır.
Xanəgahdan Bakı Şirvanşahlar sarayına aparılmış iki sətirlik daş kitabədə süls xətti ilə bildirilir ki, “bu imarətin sahibi Əmir Dövlət bin Gəryüqlu. Hicri 702-ci il (miladi1303) tarixdə ustad Mahmud İbrahim oğlunun əməlidir”. Görünür, bu kitabə xanəgah komplekslərindəki uçulmuş binalardan birinin üzərində olub və həmin binanı da minarənin ustası Mahmud İbrahim oğlu inşa edibmiş. akademik B. Dornun Pir Hüseyn Xanəgahında qeydə aldığı kitabələrdən ən sonuncuları miladi 1639-cu illərə (hicri 823-cü il) aiddir. Qəbirüstü yazı olan ikinci kitabədə Şeyx Camaləddinin adı olmuşdur. Ola bilsin ki, həmin kitabə kompleksin tərkibində olan səkkizüzlü qülləvarı türbəyə aid imiş. Bu kitabələrin harada olması bəlli deyil. Xanəgahın həyətində türbənin yanında iki yanaşı su quyusu vardır. Bu quyuların suyu həmişə eyni səviyyədə qalır. Suları şirin və yüngüldür.
Abidənin adı: "Türbə"
Abidənin ünvanı: AZ2420, Hacıqabul rayonu, Qubalı-Baloğlan kəndinin qəbiristanlığında
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli memarlıq abidəsi
İnventar: 4273 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X- Koordinat: 40.91573
Y- Koordinat: 49.003091
Abidənin tikinti tarixi:
Əsr: XV əsr
Tikinti ili: Məlum deyil
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Xanəgahın şimalındakı təpə üstündə kvadrat planlı bu türbənin bərpası, əvvəllər çəkilmiş rəsm və fotolar əsasında mümkün olmuşdur. Yaxşı yonulan daşdan ucaldılmış bu kiçik türbənin kubvarı tutumu piramidavarı günbəzlə örtülü olmuşdur. Son zamanlar arxeoloji qazıntılar zamanı türbənin ön hissəsində qoşa qəbir aşkarlanmışdır. Türbə divarlarının aşağı hissəsi kaşı bəzəyi ilə örtülü olmuşdur.
V. Sisoyevin araşdırmalarına görə əvvəllər türbə divarları, hətta giriş qapısının divarı 160 sm hündürlüyündə kaşı bəzəkləri ilə örtülü olmuşdur.1683-1684-cü ilin qışında 77 gün Azərbaycanda olmuş səyyah Engelbert Kempfer Pir Hüseyn Xanəgahını səyahət etmiş, xanəgahın rəsmini çəkmiş və bu abidə haqqında xeyli məlumat vermişdir. E. Kempfer əlyazmalarında ətrafda olan hər şeyi təsvir etmiş və bu xanəgahın çox önəmli abidələrdən olduğunu qeyd etmişdir.
Abidənin adı: "Köhnə qəbiristanlıq"
Abidənin ünvanı: AZ2420, Hacıqabul rayonu, Qubalı-Baloğlan kəndi
Abidənin əhəmiyyət dərəcəsi: Yerli əhəmiyyətli arxeoloji abidə
İnventar: 5817 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X- Koordinat: 40.91487
Y- Koordinat: 49.004077
Abidənin tikinti tarixi:
Əsr: Orta əsr
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Köhnə qəbiristanlıq Xanəgahdan 300-500 metr şərqdə yerləşir və bu ərazidə olmuş yaşayışın nişanəsidir. Ümumilikdə qəbiristanlıqda 183 ədəd qəbir qeydiyyata alınmışdır. XX əsrin 50-ci illərində müəllifi erməni layihə əsasında xanəgahın yaxınlığında Pirsaat su anbarı tikilmişdir. Su anbarının tikintisi zamanı qəbiristanlığın böyük bir hissəsi məhv edilmiş və torpağı daşınaraq anbarın tikintisində istifadə edilmişdir.
Abidənin adı: "Sərdabə"
Abidənin ünvanı: AZ2420, Hacıqabul rayonu, Qubalı-Baloğlan kəndi
Abidənin əhəmiyyət dərəcəsi: Ölkə əhəmiyyətli memarlıq abidəsi
İnventar: 220 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X- Koordinat: 40.91319
Y- Koordinat: 49.002832
Abidənin tikinti tarixi:
Əsr: XI əsr
Tikinti ili: Məlum deyil
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Böyük sufi şeyxi, görkəmli alim, filosof, Azərbaycanda elmi fəlsəfi fikir tarixində, islam- fəlsəfi dünyagörüşünün formalaşmasında, mühüm rol oynamış Pir Hüseyn Şirvaninin məzarı üzərində tikilmiş sərdabənin tikilmə tarixi məlum deyil.
Pir Hüseyn Şirvani 954-cü ildə anadan olmuş,1072-ci ildə vəfat etmişdir. Pir Hüseyn Şirvani yaşadığı dövrün dahi diplomatı, islam nəzəriyyəçisi olmuşdur. Pir Hüseyn Şirvani VI Kafiyəddin Ömər Osman oğlundan 136 il, Xəqani Şirvanidən 167 il, Nizami Gəncəvidən 187 il əvvəl doğulmuşdur. Pir Hüseynin vəfatından 170 il sonra Şirvan şahı III Fəribürz ibn Gərşasb ibn Fərruxzad, 244 il sonra isə I Keykavuş ibn Əxistanın dövründə abidələr tikilmişdir.