Qoruğun adı: Qəbələ Dövlət Tarix-Bədii Qoruğu
Qoruğun ünvanı: AZ3613, Qəbələ rayon, Çuxur Qəbələ kəndi
Qoruğun yaranma tarixi: Azərbaycan SSR Nazirlər Sovetinin 27 mart 1978-ci il 101-5pc nömrəli Qərarı
Qoruğun ümumi sahəsi: 420 hektar
Kartoqrafik təqdimat:
X- Koordiant: 40.532075
Y- Koordiant: 47.423050
Qoruğun istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Qoruğa iş saatları: Həftənin bütün günləri 9:00-dan 18:00-dək
Facebook səhifəsi: 175055816667973/?ti=as
İnstaqram səhifəsi: qebeledtbq?igshid=1x696ckwnchw2
Qoruğa dair tarixi məlumatlar: Qəbələ öz tarixi-mədəni zənginlikləri ilə Azərbaycanın Antik və Orta əsrlər dövrü mədəniyyətində məxsusi yer tutur. Bu bölgənin bir sıra abidələrinin yer aldığı Qəbələ Dövlət Tarix-Bədii Qoruğu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərir.
Qədim Qəbələ şəhərinin qalıqları Qəbələ rayon mərkəzindən təxminən 18 km cənub-qərbdə indiki Çuxur Qəbələ və Tövlə kəndləri ərazisində yerləşir. Qəbələ eramızdan əvvəl 4-3-cü əsrlərdə yaranmış Qafqaz Albaniyasının paytaxtı olub. Qəbələ haqqında ilk yazılı məlumat eramızın I əsrinə aid Roma alimi Böyük Plininin “Təbii tarix” əsərində Kabalaka (Cabalaca) kimi qeyd edilib. Eramızın II əsrində yaşamış yunan alimi Klavdi Ptolomey isə Qəbələni Xabala kimi verib.
Antik və Orta əsrlər dövrünə aid Qəbələ şəhəri qalıqları geniş ərazini əhatə etməklə, bunlardan 3 mühüm tarixi-arxeoloji hissə Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisinə daxildir.
Bunlardan biri sahəsi 50 hektar olan Antik şəhər yeri (el arasında Çaqqallı, Güllü tala kimi tanınır) Qaraçay və Qoçalan çayları arasında yerləşir. E.ə. IV əsrdən eramızın I əsrinədək olan dövrdə Qəbələnin əsas mərkəzi hesab edilir. Son illər aparılmış tədqiqatlar nəticəsində Antik şəhər yerinin Erkən Dəmir dövrü yaşayış yeri üzərində salındığı məlum olub.
Ərazisi 13 hektar olan Səlbir ərazisi Qaraçay və Covurlu çayın arasında hündür yaylada qərar tutub. Eramızın I əsrindən XII əsrədək olan dövrü əhatə edir. Son illər aparılan arxeoloji tədqiqatlar nəticəsində bəlli olub ki, Səlbirin cənub və cənub-qərb hissələrində eramızın XV əsrinə qədər yaşayış varmış.
Qala ərazisinin sahəsi 12 hektardır. Eramızın I əsrindən XVIII əsrədək olan dövrü əhatə edir. Səlbir və Qala əraziləri bir yayladan ibarət olmaqla, eramızın XI əsrində xəndək vasitəsilə iki hissəyə ayrılıb.
Ümumilikdə qoruq 420 hektar ərazini əhatə edir ki, bura yuxarıda qeyd olunan sahələrdən əlavə Şəhidlər, Kamaltəpə, Xurşidtəpə və digər arxeoloji ərazilər də daxildir. 2005-ci ildən qoruq ərazisində SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları, 2009-cu ildən isə Cənubi Koreyadan olan arxeoloqlar arxeoloji qazıntılar aparırlar. Tədqiqatlar nəticəsində müxtəlif mədəni təbəqələrə aid tikili qalıqları və istehsalat ocaqları müəyyən edilib. Bundan əlavə, Antik şəhər yerində oval planlı yeni bina qalıqları aşkar edilərək bu tip tikililərin sayı 5-ə çatdırılıb.
2018-2019-cu illərdə Antik və İlk Orta əsrlər Qəbələ arxeoloji ekspedisiyası tərəfindən Səlbir ərazisində, həmçinin qoruq ərazi xaricində Antik dövrə aid qəbir abidələri və yaşayış yerləri tədqiq olunub.
Qoruq ərazisində aparılmış arxeoloji qazıntıların üzəri konservasiya olunub. Məlumat lövhələri və göstərici nişanlar quraşdırılıb. Qoruğun yaxınlığında müasir tələblərə cavab verən Qəbələ Arxeoloji Mərkəzi tikilib istifadəyə verilib.
Arxeoloji mərkəz iki sərgi salonu (muzey), bərpa laboratoriyası, konfrans zalı, kitabxana, arxeoloji fond və s. ibarətdir.
İş saatı: Həftənin bütün günləri 9:00-dan 18:00-dək
Abidənin adı: "Qədim Qəbələ şəhəri, Səlbir qala”
Abidənin ünvanı: AZ3635, Qəbələ rayonu, Çuxur Qəbələ kəndinin şərqində
Abidənin əhəmiyyət dərəcəsi: Dünya əhəmiyyətli arxeoloji abidə
İnventar: 54 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 40.52716
Y-koordinat: 48.304885
Abidənin tikinti tarixi:
Əsr: Antik dövr-orta əsrlər
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Antik və Orta Əsrlər dövrünə aid Qəbələ şəhərinin qalıqları geniş ərazini əhatə etməklə, Antik Şəhər yeri, Səlbir və Qala əraziləri kimi 3 mühüm tarixi-arxeoloji hissəni özündə birləşdirir.
Qədim Qəbələ şəhəri Səlbir, Qala əraziləri Qəbələ rayon Çuxur Qəbələ kəndinin şərqində, Qaraçayla (Qəbələ çayı) Covurlu (Tövlə çayı) arasındakı yüksəklikdə yerləşir. Şəhərin xarabalıqları 25 hektardır. Zamanında çəkilmiş xəndək ərazini iki hissəyə ayırır. Xəndəyin uzunluğu 350 metr, dərinliyi təxminən 11 metr, eni isə 8 - 30 metr arasında dəyişir. Yerli əhali tərəfindən şimal tərəf Səlbir, cənub tərəf Qala adlanır. Hər iki tərəf Qala-Səlbir, Govurqala bəzən də, təkcə Qala adlandırılıb. Ümumilikdə Qala – Səlbir şəhərinin iç qalasını təşkil etmişdir.
Səlbir - Səlbir şəhəri b. e I-XI əsrlərini əhatə edir, ərazisi 12 hektardır. Quruluşuna görə mərkəz qərb və şərqdən hündür, şimal qərb hissəsi isə çökəkdir. Torpaq altında olan bürc və qalıqlardan aşkar olunur ki, onun divarları coğrafi mövqeyinə görə inşa edilmişdir. Ərazi şimaldan 30 metrlikdə geniş sahəli dərədir. Dərənin şərq tərəfi Covurlu çay (Tövlə çayı) qərb tərəfi isə Qara çay (Qəbələ çayı) ilə əhatə olunur. Əl Bəlazurinin məlumatına görə VI əsrdə (552) I Xosurov Ənişiravan 10 000 sabirləri (yəni xəzərləri) Qəbələyə köçürür. Yəqin ki, buna görə də səlbir adı sabirlərə görə çəkilir. Səlbirdə 2 böyük 1 kiçik darvaza vardır. Arxeoloji ekspedisiya 1959-1990-cı illərədək davam etmiş, uzun müddət fasilədən sonra 2005-ci ildən başlayaraq bu ərazidə demək olar ki, hər il geniş miqyaslı qazıntılar aparılır. Qazıntı işləri aparılan ərazidən müdafiə divarları, qala bürcləri, su quyuları, su kəməri, su təchizatı, şəhərin çirkab su xətləri, şüşə əşyaları, əmək alətləri, təndirlər və emalatxanaların qalıqları tapılmışdır.
Qala - B.e I əsrdən başlayaraq b.e XVIII əsrlərini əhatə edir. Ərazisi 13 hektara yaxındır. Qərb tərəfinin yarıdan çoxu yüksəklikdir. Qalanın cənub tərəfindəki beş əzəmətli bürc bu günədək yaxşı qalmışdır. Onun hündürlüyü 3-7, eni 5, darvaza yeri isə 4,8 metrdir. Şərq tərəfdən Covurlu çayı (Tövlə çayı) divar və bürc yerlərini yuyub aparmış, qərb tərəfində isə yaxşı qalmışdır. Bütün tikililərin hamısı yerin quruluşuna görə inşa edilmişdir. Bu ərazidə isə arxeoloji ekspedisiya tərəfindən 1961-1990-cı, 2008-2011-ci və 2018-2019-cu illərdə arxeoloji qazıntı işləri aparılmışdır. Qazıntılar zamanı çaxır anbarı, sikkələr (tək-tək və dəfinə şəklində), antropoloji materiallar, bir-birinin üstündə yerləşən su təchizatı (XIII-XIV əsrlər), qala divarları (I əsr) və s. eksponatlar tapılmışdır.