Qoruğun adı: Qobustan Milli Tarix-Bədii Qoruğu
Qoruğun ünvanı: AZ1084, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi
Qoruğun yaradılma tarixi: 1966-cı il 9 sentyabr tarixində Azərbaycan Nazirlər Sovetinin Qərarı
Qoruğun ümumi sahəsi: 4535 hektar
Qoruğun istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Qoruğun iş saatları: Ziyarətçilər üçün həftənin bütün günləri 10:00-17:00
Qoruğun Veb səhifəsi: www.gobustanrockart.az
Facebook səhifəsi: https://www.facebook.com/gobus...
Instagram səhifəsi: https://www.instagram.com/gobu...
Qoruğa dair tarixi məlumatlar: Qobustan Mezolit dövrü (e.ə. XII-VIII minillik) əhalisinin yaşayış məskəni hesab olunur. Qobustan Böyük Qafqaz dağlarının qurtaracağında, Bakının 65 kilometrliyində, Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən dağlıq sahədir.
Ərazidəki qayaüstü rəsmlər bəşər mədəniyyətinin nadir tarix yadigarlarındandır. Qobustan qaya təsvirləri 1947-ci ildən öyrənilir. Qaya üzərində insan, heyvan təsviri, müxtəlif işarə, damğa, yağış suyu və qurban kəsilən heyvanların qanını toplamaq üçün istifadə olunmuş yalaqlar (qablar) və s. aşkar edilib. Bu rəsmlər içərisində ən çox diqqəti cəlb edən qol-qola tutub rəqs edən adamların «Yallı» rəqs səhnəsidir. Bu rəqslər böyük və kiçikliyinə, çəkilmə tarixinə görə bizim eradan əvvəl VIII minilliklə IV minilliyi əhatə edir.
Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarına əsasən, 1966-cı ildə Qobustanın Böyükdaş, Kiçikdaş, Cingirdağ və Yazılıtəpə əraziləri qoruq elan edilib. Qoruq 4500 hektar ərazini əhatə edir. Burada 6 mindən artıq qayaüstü rəsm və müxtəlif fondlarda 100 mindən artıq arxeoloji material saxlanılır. Arxeoloqlar tərəfindən ərazidə 20 sığınacaq aşkar edilib, 40-a yaxın kurqan qeydə alınıb.
Qoruğun Böyükdaş, Kiçikdaş, Cingirdağ, Şonqar və Şıxqaya dağları ərazilərində 1000-dən çox qaya üzərində çəkilmiş 7000-dən artıq təsvir dünya əhəmiyyətli abidə kimi dövlət qeydiyyatındadır. Qayalardakı insan, heyvan, qayıq təsvirləri və abstrakt işarələr Üst Paleolit dövrünün sonundan başlayaraq Son Orta əsrlərədək davam edən 20 min il ərzində yaradılıb. Oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilmiş təsvirlər müxtəlif tarixi dövrlərdə bu ərazilərdə yaşamış insanların məişəti və dünyagörüşü haqqında təsəvvür yaradır. Qədim musiqi aləti hesab olunan qavaldaş, qayalarda təsvir olunan “Yallı” rəqsini xatırladan səhnələr min illər əvvəl qədim icmaların mənəvi aləmi və incəsənət vərdişlərindən xəbər verir.
Böyükdaş dağı ərazisində qeydə alınmış, eramızın 81-96-cı illərinə aid latın kitabəsində Roma imperatoru Domitsianın dövründə XII “Fulminati” legionuna aid mətn qeydə alınıb. Görkəmli Norveç səyyahı Tur Heyerdal Qobustanda olarkən qayaüstü rəsmləri yüksək qiymətləndirib.
Arxeoloji abidə olmaqla yanaşı Qobustan həm də, minillər ərzində yerli əhali tərəfindən müqəddəs ərazi kimi sitayiş məkanı hesab edilib. Qoruq ərazisindəki “Qaraatlı”, “Sofi Həmid”, “Huri qızlar” və s. pirlər bu gün də yerli əhali tərəfindən ziyarət olunur. Bu abidələrlə bağlı adət-ənənələr, həmçinin ətraf ərazilərdə qorunub saxlanılmış ənənəvi yaylaq-qışlaq maldarlığı təsərrüfat tərzi Azərbaycan xalqının etnoqrafik yaddaşının bir hissəsidir.
“Qobustan” Dövlət Tarix-Bədii Qoruğu (“Qobustan Qaya Sənəti Mədəni Landşaftı”) 2006-cı ildə “milli” status alıb. 2007-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.
İş saatı: Ziyarətçilər üçün həftənin bütün günləri 10:00-17:00
Abidənin adı: "Anazağa" düşərgəsi
Abidənin ünvanı: AZ1084, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Böyükdaş dağı, yuxarı səki kolleksiyası
Abidənin əhəmiyyət dərəcəsi: Dünya əhəmiyyətli arxeoloji abidə
İnventar: 26 – 1039 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 40.112036
Y-koordinat: 49.377984
Abidənin tikinti tarixi:
Əsr: Daş dövrü
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: “Anazağa” sığınacağı Böyükdaş dağının yuxarı səki sahəsində, üzərində çoxlu sayda qədim qayaüstü təsvirlər qeydə alınmış 29, 30, 31, 32 nömrəli qayaların arasında yerləşir. Ölçüsünə görə ən böyük qadın təsviri məhz bu mağaranın ön divarını təşkil edən qayanın üzərində yerləşdiyinə görə Qobustan qayaüstü təsvirlərinin tədqiqatçısı Cəfərqulu Rüstəmov tərəfindən düşərgəyə “Anazağa” adı verilmişdir. 1965-ci ildən etibarən təşkil edilmiş qazıntılar zamanı müxtəlif tarixi dövrlərin mədəni təbəqələrinin qalıqları və bu təbəqələrdən isə 30 minədək maddi mədəniyyət nümunələri – daş alətlər və onların qırıqları, 10 mindən artıq parçalanmış və qırılmış heyvan sümükləri, sümük və balıqqulağından hazırlanmış bəzək əşyaları, saxsı materialları və s. aşkar edilmişdir. Heyvan sümüklərinin içərisində gur və ceyranın mətbəx sümüklərinin üstünlük təşkil etməsi ən çox ovlanan heyvanların məhz bunlar olduğunu, suiti və iri nərə balığının sümükləri isə mağara sakinlərinin ovçuluqla yanaşı balıqçılıqla da məşğul olduğunu göstərir. İlk öncə arxeoloqlar sığınacağın qərb divarını təşkil edən qayanın üst hissəsində bir qrup öküz sürüsü təsvirini görmüş, qazıntılar davam etdikcə öküz təsvirlərindən aşağıda ox və kamanla silahlanmış insan təsvirləri üzə çıxarılmışdır. Bu qədim rəsmlər qazıntıdan əvvəl 1.5 metrlik torpaq təbəqəsi ilə örtülü idi.
Arxeoloji qazıntıların nəticələrinə əsasən düşərgədə müəyyən edilmiş mədəni təbəqənin qalınlığı təxminən 4 metrə qədərdir. Alt mədəni təbəqə Üst Paleolitin sonu, orta təbəqə Son Mezolit-Erkən Neolit, Erkən Tunc dövrü, Orta Tunc dövrü, Son Tunc-Erkən Dəmir, Antik dövr müəyyənləşdirilmişdir.
Mağaranın ön hissəsində 150-dən çox təsvir vardır. Bunlara qayıq, öküz, ovçu, bezoar keçi, atlı təsvirləri daxildir. Düşərgədə qədim ocaq yeri də aşkarlanmışdır. Həmin ocaq izindən götürülən kömür və kül qalaqlarının analizi burada şam və palıd ağaclarının mövcudluğunu təsdiq edir. Hal-hazırda da qayalar arasında şam ağacları fəsiləsinə daxil olan ardıc kollarına rast gəlmək mümkündür.
Abidənin adı: Qaval daşı
Abidənin ünvanı: AZ1084, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Cingirdağın şimal ətəyi və Yazılıtəpə, 114 nömrəli daş
Abidənin əhəmiyyət dərəcəsi: Dünya əhəmiyyətli arxeoloji abidə
İnventar: 26 – 944 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 40.113237
Y-koordinat 49.387047
Abidənin tarixi:
Əsr: Məlum deyil
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Qaval daşının qədim Qobustan sakinləri tərəfindən musiqi aləti kimi istifadə edildiyi təxmin edilir. İlk baxışdan bu daşlar ətrafdakı digər adi əhəngdaşı parçalarından fərqlənmir. Lakin onların üzərində uzunmüddətli istifadənin izlərini aydın görmək mümkündür.
Bəs niyə yalnız onların cingiltili səs çıxarması məsələsinə gəldikdə isə “Qaval daşının sirri” çox sadədir: özündən altdakı daş və ya qaya parçasına bir neçə nöqtədə toxunaraq bir növ havada qalır. Beləliklə bu məsaməli əhəngdaşına kiçik daşla zərbə vurduqda müxtəlif ahəngli səslər əldə etmək mümkündür. Daşın bu xüsusiyyətini müşahidə edən qədim Qobustan sakinləri ondan musiqi aləti kimi istifadə etmişlər.
Abidənin adı: Qədim Roma yazısı
Abidənin ünvanı: AZ1084, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Böyükdaş dağının aşağı səki hissəsi
Abidənin əhəmiyyət dərəcəsi: Dünya əhəmiyyətli arxeoloji abidə
İnventar: 26 – 231 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)
Kartoqrafik təqdimat:
X-koordinat: 40.102400
Y-koordinat: 49.387283
Abidənin tarixi:
Əsr: 84-96-cı illər arası
Abidənin istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Abidəyə dair tarixi məlumatlar: Latın qrafikası ilə yazılmış bu kitabə 1948-ci ildə arxeoloq İ. Cəfərzadə tərəfindən Böyükdaş dağının cənub-şərq ətəyində qeydə alınmışdır. Kitabə eramızın 84-96-cı illərində imperator Domitsianın hakimiyyəti dövründə Roma legionunun və ya onun senturiyasının (80-dən 120 nəfərə qədər sayda qoşun bölməsi) Qobustan ərazisində olduğunu göstərir. Kitabənin dövrü onun mətnindən aydın olur. 6 sətirlik kitabənin oxunuşu belədir: “İmperator Domitsiano Sezar Avqust Germanicus. Lutsius Yulius Maksimus. XII İldırımsürətli Legion”. Kitabə 84-cü ildən əvvəl yazıla bilməzdi, çünki burada Domisianın ləqəbi – Germanikus sözü işlədilib. Tarixdən məlumdur ki, Domitsian bu ləqəbi 84-cü ildə qal tayfaları üzərindəki qələbədən sonra almışdır. Kitabə 96-cı ildən sonra da yazıla bilməzdi, çünki Flavilər sülaləsinin son nümayəndəsi olan Roma imoeratoru Tit Flavi Domitsian 96-cı ildə azad edilmiş qulların əli ilə öldürülmüş və onun adının hər yerdən silinməsi haqqında qərar çıxarılmışdır. Bu baxımdan ölümündən sonra onun adının kitabədə çəkilməsi mümkünsüz idi. Burada Domitsianın adının saxlanması isə, görünür onunla bağlıdır ki, Domitsianın ölümündən sonra romalılar bu yerlərə gəlməmişdir.
Maddi dəlillərin, digər yazılı mənbələrin olmaması səbəbi ilə Roma qoşunlarının sayı və gəlmə məqsədləri haqqında qəti söz demək çətindir. Ehtimal olunur ki, Roma qoşunları az müddətə də olsa burada dincəlmək üçün dayanıblar. Tədqiqatlar göstərir ki, bu kitabə yazıldığı vaxt Böyükdaş dağının cənub və şərq tərəfinin cənub hissəsində qaynar həyat olmuşdur.
Kitabə dünyada Roma mədəni irsinə aid Latın qrafikalı abidələrdən ən şərqdəkidir.