Qobustan Milli Tarix-Bədii Qoruğu
Qobustan qayaüstü rəsmləri 1939-cu ildə tarixçi alim, arxeoloq, Azərbaycanın qədim dövr tədqiqatçısı İshaq Cəfərzadə tərəfindan aşkar olunub. Elə həmin vaxtdan Qobustanın tədqiq olunması işi başlanıb və hazırda da davam edir. Burada aparılan həmin tədqiqat işlərinin nəticələri əsasında Qobustanın unikal, özunəməxsus landşaftı da nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Sovetinin 503 saylı qərarı ilə, 1966-cı ildə Qobustanın Böyükdaş, Kiçikdaş, Cingirdağ və Yazılıtəpə ərazilərini əhatə edən 4535 hektar ərazi Qobustan Dövlət Tarixi Bədii Qoruğu elan edilib. Qobustan abidələri 29 iyun 2007-ci il tarixində Yeni Zelandiyanın Kristcorc şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin XXXI Sessiyasında “Qobustan Qayaüstü İncəsənəti Mədəni Landşaftı” adı ilə YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmişdir.
Qobustan Milli Tarix-Bədii qoruğunun Böyükdaş, Kiçikdaş, Cingirdağ, Şonqar və Şıxqaya dağları ərazilərində 1100-dən çox qaya üzərində çəkilmiş 7000-dən artıq təsvir dünya əhəmiyyətli abidə kimi dövlət qeydiyyatındadır.
Eyni zamanda aparılan arxeoloji qazıntılar nəticəsində Qobustanda 20 qədim yaşayış məskəni, 40-dan artıq kurqan və 105 000-dən çox maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur. Qayalardakı insan, heyvan, qayıq təsvirləri və abstrakt işarələr Üst Paleolit Dövrünün sonundan başlayaraq Son Orta Əsrlərədək davam edən 20 min il ərzində yaradılmışdır. Oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilmiş təsvirlər müxtəlif tarixi dövrlərdə bu ərazilərdə yaşamış insanların məişəti və dünyagörüşü haqqında təsəvvür yaradır. Bu rəsmlərdə müxtəlif fauna nümunələri, məişət səhnələri, kollektiv rəqslər, ov səhnələri, abstrakt işarələr, o cümlədən günəşi əks etdirən rəmzlər, svastika, digər fəza cisimləri diqqəti cəlb edir. Qədim musiqi aləti hesab olunan “Qavaldaş”, qayalarda təsvir olunan “Yallı” rəqsini xatırladan səhnələr min illər əvvəl qədim cəmiyyətlərin mənəvi aləmi və incəsənət vərdişlərindən xəbər verir.
Böyükdaş dağı ərazisində qeydə alınmış, eramızın 81-96-cı illərinə aid latın kitabəsində Roma imperatoru Domitsianın dövründə XII “Fulminati” legionuna aid mətn qeydə alınmışdır.
Arxeoloji abidə olmaqla yanaşı Qobustan həm də, minillər ərzində yerli əhali tərəfindən müqəddəs ərazi kimi sitayiş məkanı hesab edilmişdir. Qoruq ərazisindəki “Qaraatlı”, “Sofi Həmid”, “Hüri qızlar” və s. pirlər bu gün də yerli əhali tərəfindən ziyarət olunur. Bu abidələrlə bağlı adət-ənənələr, həmçinin ətraf ərazilərdə qorunub saxlanılmış ənənəvi yaylaq-qışlaq maldarlığı təsərrüfat tərzi Azərbaycan xalqının etnoqrafik yaddaşının bir hissəsidir.