Qoruğun adı: “Soyqırımı Memorial Kompleksi”
Qoruğun ünvanı: AZ4000, Quba rayonu, Nəriman Nərimanov küçəsi 1A
Qoruğun yaradılma tarixi: Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2009-cu il tarixli 673 nömrəli Sərəncamı
Qoruğun ümumi sahəsi: 3.5 ha
Qoruğun istifadəsi: Nümayiş obyekti kimi istifadə olunur
Qoruğun iş günləri və saatları: Həftənin hər günü 09.00-17:00
Veb səhifəsi: www.soyqirim.az
Facebook səhifəsi: https://www.facebook.com/quba....
Instagram səhifəsi: https://www.instagram.com/geno...
Qoruğa dair tarixi məlumatlar: Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Həmin ilin iyul ayından etibarən ümumi sahəsi 514 m2 olan ərazidə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən tədqiqat işlərinə başlanılıb. Arxeoloji qazıntılar nəticəsində insan sümükləri ilə doldurulmuş 2 quyu və 2 arx (kanal) aşkar edilib. 2008-ci ilin sentyabrında tədqiqat işləri başa çatdırılıb və məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
30 dekabr 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında sərəncam imzalanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə Qudyalçayın sol sahilində memorial kompleks inşa edilib və 2013-cü il sentyabrın 18-də açılışı keçirilib.
Ümumi sahəsi 3,5 hektar olan kompleks 5 hissədən ibarətdir: xatirə abidə, simvolik məzarlıq, Soyqırımı muzeyi, Bayraq meydanı və İnformasiya mərkəzi.
Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar nümayiş olunur. Buradakı xüsusi bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı fotolar yer alıb. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə respublikamızın müxtəlif bölgələrində xalqımıza qarşı həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada ümummilli lider Heydər Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər, bu məqsədlə imzaladığı sərəncamların nümayiş olunduğu guşə də yaradılıb. Həmçinin Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzaları barədə məlumatların və bu qəzalarda ermənilərin törətdiyi vəhşiliklər haqqında dolğun məlumatlar vardır. Bu guşələrdə həm də qəzaların əhalisi, müdafiəçiləri, müsəlman soyqırımları barədə Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının məlumatları və sənədləri yer alıb. Kompleksdə həmçinin Azərbaycan, İran, Böyük Britaniya və digər ölkələrin ictimai, siyasi, dövlət və hərbi xadimlərinin ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı barədə sənədlər nümayiş olunur.
Quba Soyqırımı Memorial Kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinin Paris Sülh Konfransında (1919) iştirakı ilə bağlı fotoşəkillər və sənədlər də saxlanılır. Bundan əlavə, ölkəmizin, xüsusilə Bakının daşnak-bolşevik silahlı quldur dəstələrindən təmizlənməsi üçün Osmanlı dövlətindən köməyə gəlmiş Qafqaz İslam Ordusunun və Azərbaycan hərbçilərinin fotoları da kompleksin maraqlı eksponatlarındandır.