16.01.2020

​ “Mədəni sərvətlərin silahlı münaqişələrin və digər fövqəladə halların təsirlərindən qorunması” layihəsinin təqdimatı keçirilib

“Mədəni sərvətlərin silahlı münaqişələrin və digər fövqəladə halların təsirlərindən qorunması” layihəsinin təqdimatı keçirilib

Oktyabrın 24-də Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəni sərvətlərin silahlı münaqişələrin və digər fövqəladə halların mümkün təsirlərindən qorunması” adlı layihənin təqdimatı keçirildi.

Layihə Mədəniyyət Nazirliyinin dəstəyi ilə UNESKO-nun 2018-2019-cu illər üçün İştirak Proqramı çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən reallaşdırılır.

Təqdimat mərasimində layihənin koordinatoru Araz Bağırlı çıxış edərək bildirdi ki, layihənin məqsədi silahlı münaqişələr və fövqəladə hallarda mədəni sərvətlərin qorunması üçün strateji planlaşdırma, preventiv kompleks tədbirlərin keçirilməsi, habelə təhlükəsiz evakuasiyasını təmin etmək üçün müvafiq hədəf auditoriyasını təlimatlandırmaq və bu sahədə mövcud beynəlxalq təcrübəni tətbiq etməkdir.

Qeyd olundu ki, təqdimat mərasimi çərçivəsində UNESKO və Beynəlxalq Muzeylər Şurasından (İCOM) dəvət edilmiş ekspertlərin iştirakı ilə ölkəmizdə ikigünlük seminarın keçirilməsi də planlaşdırılır. Seminar çərçivəsində müxtəlif regionların, həmçinin sərhədyanı bölgələrin muzey əməkdaşlarına fövqəladə hallarda mədəni sərvətlərin düzgün evakuasiyasına dair müvafiq təlimatlar veriləcək.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək layihənin əhəmiyyətindən söz açdı. Bildirdi ki, 74 il öncə, 1945-ci il oktyabrın 24-də ABŞ-ın San-Fransisko şəhərində dünyanın 50 ölkəsinin imzaladığı BMT Nizamnaməsi qüvvəyə minib. Bu tarix bütün dünyada “BMT Günü” kimi qeyd olunur: “Təsadüfi deyil ki, layihənin təqdimatı məhz bu tarixdə keçirilir. Bu layihə UNESKO-nun İştirak Proqramının qrant qalibi seçilib. Layihə 14 may 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyası və ona dair İkinci Protokol (1999) əsasında hazırlanıb. Azərbaycan bu Konvensiyaya 1993-cü ildə, onun İkinci Protokoluna isə 2000-ci ildə qoşulub. UNESKO çərçivəsində ölkəmizin fəal təmsil olunduğu qurumlardan biri də həmin Konvensiya əsasında fəaliyyət göstərən Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitədir. Komitədə təmsil olunduğumuz dövr ərzində Azərbaycanın təşəbbüsü ilə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qərarlar qəbul edilib”.

Nazir müavini həmin konvensiyanın ölkəmiz üçün xüsusi önəm kəsb etdiyini söylədi: “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 22 muzeyimiz işğal altında qalıb, 100 mindən artıq eksponat talan edilib. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi şəhərin bombardmanı zamanı yerlə yeksan olunub, dünya şöhrətli Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin 13 minədək, Laçın Tarix-Diyarşünaslıq Muzeyinin 5 mindən artıq qiymətli və nadir əşyası talan edilərək Ermənistana aparılıb. Onların bəziləri hazırda xarici ölkələrə çıxarılaraq erməni mədəni nümunələri kimi təqdim edilməyə cəhd olunur. Erməni təcavüzkarları Azərbaycanın böyük musiqi xadimləri Üzeyir Hacıbəylinin və Bülbülün, habelə şairə Xurşudbanu Natəvanın heykəllərini Şuşa şəhərindən Ermənistan ərazisinə aparmışlar. Bu abidələr bütün əxlaq normalarına zidd olaraq vəhşicəsinə güllələnmiş və ağır texnika vasitəsilə zədələnib. Həmin abidələr çox çətinliklə əldə edilərək Bakıya gətirilib və hazırda bu muzeydə nümayiş etdirilir”.

Vurğulandı ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən Ermənistan ordusunun dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri hələ də icra olunmamış qalır. Bu qətnamələrin icra olunmaması nəticəsində mədəni sərvətlərimizə təcavüz də davam edir. Dağlıq Qarabağın azərbaycanlı icması öz mədəni hüquqlarından istifadə edə bilmir, oradakı mədəni irs və muzey sərvətləri məhv edilir.

UNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək layihənin önəmi haqqında danışdı.

Çıxış edən digər iştirakçılar da layihə ilə bağlı fikir və mülahizələrini bildirdilər.

Tədbir çərçivəsində protectheritage.az veb-saytının və Azərbaycan dilinə tərcümə olunmuş İCCROM (Mədəni Sərvətlərin Qorunması və Bərpası üzrə Beynəlxalq Tədqiqatlar Mərkəzi) və UNESKO-nun Misir Mədəni İrsinin Qorunması Fondu ilə əməkdaşlığı çərçivəsində nəşr olunmuş “Təhlükədə olan irs və muzey sərvətlərinin təxliyə qaydaları” adlı məlumat kitabının təqdimatı keçirildi.