01.04.2022

Azərbaycanlıların soyqırımından 104 il ötür

Azərbaycanlıların soyqırımının 104-cü ildönümü ilə bağlı martın 31-də Quba Soyqırımı Memorial Kompleksində anım mərasimi keçirilib. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təşkil olunan tədbirdə dövlət və hökumət rəsmiləri, diplomatik korpusun və dini konfessiyaların nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.

Sonra Quba Soyqırımı Memorial Kompleksinin ərazisində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olunub, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, ruhlarına dualar oxunub.

Tədbir iştirakçıları Quba Soyqırımı Memorial Kompleksində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən foto və kitab sərgisi ilə tanış olublar. Tədbirin açılışında Quba Uşaq Musiqi məktəbinin şagirdlərindən ibarət xorun ifası dinlənilib.

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdiyi bəşəri cinayətlərdən danışıb. Bildirib ki, ermənilərin soyqırımı cinayətləri təkcə dinc insanları qətlə yetirməklə məhdudlaşmayıb. Mənfur qonşularımız Azərbaycan xalqının əsrləri boyu yaratdığı mədəni irs nümunələrinə qənim kəsiliblər. Soyqırımı hadisəsi zamanı bir çox qədim binalar, o cümlədən Azərbaycan memarlığının incilərindən sayılan İsmailiyyə binası, "Kaspi” qəzetinin redaksiyasını və mətbəəsini, ziyarətgahlar top atəşinə tutularaq dağıdılıb, Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb.

Vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən ermənilərin törətdikləri bu soyqırımı cinayətinin araşdırılması məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradılıb. Lakin 1920-ci ildə Xalq Cümhuriyyətinin süqutu ilə bu proses dayandırılıb, baş verənlərin sonadək araşdırılması və hadisələrə müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Azad Cəfərli həmçinin işğaldan azad olunmuş ərazilərdə yerləşən mədəni irs nümunələrinə qarşı Ermənistan Respublikası tərəfindən həyata keçirilmiş cinayətlərdən danışıb. Bildirib ki, azad olunmuş ərazilərdə indiyədək aparılmış ilkin monitorinqlər zamanı dövlət qeydiyyatında olan 403 tarix-mədəniyyət abidəsinə baxış keçirilib. Bundan əlavə həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 162 obyektin (yeni aşkar olunmuş abidə) monitorinqi aparılıb. Monitorinqlər nəticəsində baxış keçirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətinin işğalçılar tərəfindən tamamilə dağıdılaraq yalnız qalıqlarının qaldığı, müdaxilələrin olunduğu və vandalizmə məruz qaldığı aşkar edilib. Monitorinqlər ilə bağlı məlumatlar Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarını əhatə edir.

Qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılmış, eyni zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli mənəvi dəyərləri təhqir edilmişdir.

Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib ki, 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı kütləvi məzarlığın aşkar olunması ermənilərin xalqımıza qarşı həyata keçirdiyi mart soyqırımının dəhşətlərini bir daha ortaya çıxarıb. Əldə olunan maddi sübutlar və sənədlər 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin törətdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğu sübuta yetirilib.

Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il oktyabrın 30-da imzaladığı müvafiq Sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib. 2013-cü il sentyabrın 18-də dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu kompleksin açılışı olub.

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirinin müavini Tuğba Sarıyönlü soyqırımı qurbanlarından danışaraq, bunun bəşəri cinayət olduğunu qeyd edib.

İki qardaş ölkə əlaqələrinin önəmini vurğulayaraq, Azərbaycan və Türkiyə arasında olan münasibətlərin bölgədə sülhün qorunub saxlanılmasında xüsusi əhəmiyyətə malik olduğunu bildirib.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidov vurğulayıb ki, erməni millətçiləri 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirib. Azərbaycanın Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrində kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirən düşmənin bu vandalizm əməlləri nəticəsində yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.

Sonra Azərbaycanlıların soyqırımına həsr olunmuş sənədli film nümayiş olunub.

Tədbirin sonunda Dövlət Xidmətinin rəisi Azad Cəfərli jurnalistlərin suallarını cavablandırıb.