Dövlət Xidmətinin məlumatı
2020-2021-ci illərdə134 abidənin bərpa və konservasiyasına 40 milyon manat vəsaitin ayrılması, bu vəsaitin isə 77.3%-nin yalnız bir abidəyə (Gileyli məscidi) xərclənməsi barədə məlumat həqiqəti əks etdirmir!
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (Dövlət Xidməti) öz fəaliyyətini dinamik şəkildə davam etdirir.
2021-ci il ərzində Dövlət Xidməti tərəfindən təşkilati, hüquqi, praktiki istiqamətdə kompleks tədbirlər görülüb, mövcud çağırışlara uyğun çevik idarəetmənin formalaşdırılması məqsədilə yenilənmələrə nail olunub.
Dövlət Xidmətinin strukturu təkmilləşdirilib, 22 oktybar 2019-cu il tarixli AR Prezidentinin Fərmanının icrası təmin edilərək regional idarələr təsis edilib, abidələrin pasportlaşdırılması və mühafizə zonaları ilə bağlı sənədlərin hazırlanması işi davam etdirilib, bir sıra abidələrin layihə-smeta sənədlərinin tərtib edilməsi təmin edilib, 29 oktyabr 2020-ci il tarixli Prezident Fərmanına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə abidələrin ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı monitorinqlər keçirilib, abidələrin elektron xəritələri hazırlanıb.
Dövlət Xidmətinin tabeliyindəki qoruqların Əsasnamələri təsdiqlənib, sıralarında qazilər və şəhid ailəsi nümayəndələri də olmaqla yeni abidə mühafizəçiləri işə götürülüb, struktur islahatları çərçivəsində beynəlxalq əməkdaşlıq, sənəd dövriyyəsi üzrə struktur vahidləri yaradılıb.
Şuşa qoruğunun fəaliyyəti üçün tələb olunan hüquqi və digər sənədlərin layihələri hazırlanaraq təsdiq üçün təqdim olunub. Eləcə də Şuşa şəhərindəki abidələrin inventarlaşdırılması tam başa çatdırılıb, elektron xəritədə yerləşdirilib, kataloqu tərtib edilib. Şuşa şəhəri üzrə bərpa təlimatının hazırlanması təmin edilib.
Həmçinin işğaldan azad edilmiş ərazilərdəki tarix və mədəniyyət abidələri barədə məlumatlar Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə yerləşdirilib.
Bundan əlavə, abidələrin reyestrinin müasir tələblərə uyğun, elektron formada yaradılması üzrə fəaliyyət həyata keçirilməkdədir.
Əlaqələndirmə Qərargahının Mərkəzləşdirilmiş İdarəsi çərçivəsində fəaliyyət göstərən İşçi Qrupları, xüsusilə də Elm, Təhsil və Mədəniyyət və Şəhərsalma üzrə İşçi Qruplarında abidələrin qorunması işinin əlaqələndirilməsi məqsədilə təmsilçilik təmin olunur. Yenidənqurma və şəhərsalma prosesi çərçivəsində Mobil Qruplar formasında abidələrlə bağlı ekspert dəstəyi göstərilir.
2021-ci ilin sentyabr-oktyabr aylarında Hesablama Palatası tərəfindən “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın icrası üzrə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin qiymətləndirilməsi” üzrə Səmərəlilik auditi keçirilib və daha sonra müvafiq hesabat hazırlanıb.
Dövlət Proqramı 2014-2020-ci illəri əhatə edir və müvafiq olaraq səmərəlilik auditi də 2020-ci ilin sonunadək olan müddət ərzində görülmüş işləri ehtiva edib.
Proqramın auditi onun icrasına başlanıldıqdan 7 il sonra, başa çatmasından 1 il ötdükdən sonra həyata keçirilib.
Hesablama Palatasının 2014-2020-ci illəri əhatə edən Dövlət Proqramının icrası ilə bağlı səmərəlilik auditinin Milli Məclisin Mədəniyyət Komitəsinin müzakirəsi üzrə Komitə sədri tərəfindən mətbuatda yayılmış məlumat ilə əlaqədar aşağıdakı bir sıra məqamların dəqiqləşdirilməsini vacib hesab edirik.
Belə ki, 2020 və 2021-ci illərdə abidələrin pasportlaşdırılması prosesi yüksələn xətlə davam edib. 15-i işğaldan azad olunmuş ərazilərdəki abidələr olmaqla 110 pasport layihəsi 2021-ci ildə təsdiq edilib. Hazırda isə 155 abidənin pasportu və 108 abidənin mühafizə zonası üzrə sənədlərin təsdiqlənməsi ilə bağlı müvafiq işlər (Pasportlaşmaya münasibətdə Azərbaycan Milli Elmlər Akademiyası ilə razılaşma, mühafizə zonalarına münasibətdə rayon/şəhər icra hakimiyyətləri, Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşma) görülür. Bu pasportlardan 42-si və mühafizə zonalarına dair sənədlərdən 10-u işğaldan azad olunmuş ərazilərdəki abidələrin payına düşür.
Pasportlaşma dövlət əsaslı vəsait qoyuluşu hesabına edilir. İllər ərzində formalaşmış təcrübəyə əsasən qeyd edilməlidir ki, pasportlaşma təhlili, tədqiqatı və sxematik/plan sənədlərinin tərtibatını, iş həcmi və maliyyə ehtiyatları, o cümlədən işin keyfiyyəti baxımından dəqiqliyi tələb edən prosesdir. 2012-2020-ci illər ərzində yekunlaşdırılması mümkün olmayan 4000-dən çox abidənin pasportlaşması qısamüddətli hədəf qismində çıxış edə bilməz. Bu abidələrin bir çoxu dağlıq ərazilərdə, uçurumlarda və dağ aşırımlarında, habelə ucqar nöqtələrdə yerləşir, hazırkı vəziyyətini ilkin görünüşü ilə müqayisə etmək üçün geniş arxiv təhlillərini tələb edir. Müasir tələblər çərçivəsində dron çəkilişlərinin aparılması, 3d proyeksiyalarının formalaşdırlması da zəruri şərtlər sırasındadır. Məhz buna görə də pasportlaşma davamlı, ehtiyaclara mütənasib bir proses kimi icra olunmalıdır.
Həmçinin, bir il üçün 134 abidənin bərpa və konservasiya edilməsinin nəzərdə tutulması, 2020-2021-ci illərdə bu işə 40 milyon manat vəsaitin ayrılması, bu vəsaitin isə 77.3%-nin (başqa sözlə, təxminən 31 milyon manatın) yalnız bir abidəyə (Gileyli məscidi) xərclənməsi barədə məlumat həqiqəti əks etdirmir.
Bir il ərzində 134 abidənin bərpa və konservasiyası mümkün deyildir və belə bir qeyd hər hansı sənəddə əks olunmayıb. 2020-2021-ci illərdə 40 milyon manat vəsaitin Dövlət Xidməti üçün ayrılması da doğru məlumat deyildir. Eyni zamanda, Gileyli məscidi 2018-ci ildə bərpa edilib. Müvafiq sənədlərə uyğun olaraq, məscidin minarəsinin bərpa-gücləndirmə və həmin ərazidə çay yatağının bərkidilmə işlərinə 31 milyon manat deyil, 1099707,34 manat dəyərində vəsait istifadə olunub.
Hesablama Palatası tərəfindən tərtib edilmiş hesabatda olan 134 rəqəmi düzgün anlaşılmamışdır. Belə ki, həmin rəqəm investisiya siyahısına daxil edilmiş, lakin bərpası üçün əvvəlki illərdə büdcədən pul ayrılmayan abidələrin sayıdır.
Abidələrin bərpasına tələb olunan vəsait onun həcmindən, memarlıq xüsusiyyətlərindən, texniki vəziyyətindən, yerləşdiyi ərazidən, aid olduğu dövrdən və s. asılı olaraq dəyişir. Mövcud təcrübə və qiymətləndirmə göstərir ki, orta hesabla 4-5 abidənin bərpa-konservasiyası 600 min manatdan çox vəsait tələb edir.
Mədəniyyət Komitəsində Hesablama Palatasının audit hesabatının müzakirəsinin 2014-2020-ci illər ərzində bir neçə dəfə (optimal olaraq, ildə 1 dəfə), icra müddəti başa çatmadan keçirilməsi real, effektiv nəticə verə bilərdi. Bu isə audit hesabatının 2014-cü ildən icra olunmağa başlayan Proqramın başa çatmasından sonra 2022-ci ildə Komitəyə təqdim edilməsi ilə bağlıdır.
Müzakirə zamanı müvafiq dövlət orqanının (Dövlət Xidməti) Hesablama Palatasına ünvanladığı dəqiqləşdirmə məqsədli cavabı ilə də tanış olmaq və bu dövlət orqanının rəhbəri və ya səlahiyyətli nümayəndəsini müzakirədə iştiraka dəvət etmək məsələ barədə düzgün və dolğun fikir formalaşdırmağa xidmət edə bilərdi.