31 Mart Azərbaycanlıların soyqırımından 107 il ötür
Azərbaycanlılara qarşı ermənilər tərəfindən 1918-ci il mart-aprel aylarında törədilmiş soyqırımından 107 il ötür.
1918-ci ilin mart ayından etibarən silahlı daşnak-bolşevik dəstələri, erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qırğına məruz qalıb, insanlar diri-diri yandırılıb, nadir tarixi və mədəniyyət abidələri, xəstəxanalar, məktəblər, məscidlər və qəbiristanlıqlar dağıdılıb.
1918-ci il 31 mart və 1-2 aprel tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda törədilən qırğınlar kütləvi şəkil alıb, erməni dəstələri minlərlə dinc sakini amansızcasına qətlə yetiriblər. Bu zaman bir çox qədim binalar, o cümlədən Azərbaycan memarlığının incilərindən sayılan İsmailiyyə binası, "Kaspi” qəzetinin redaksiyasını və mətbəəsini, ziyarətgahlar top atəşinə tutularaq dağıdılıb, Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb.
Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görülmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır.
31 mart qanlı hadisələrindən yalnız 80 il sonra – 26 mart 1998-ci il tarixdə ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında həmin dəhşətli hadisələrə siyasi qiymət verilib, 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib və hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur.
Ermənilərin Azərbaycanlılara qarşı törətdiyi vəhşiliyin əyani sübutu olan Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib.
Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan kompleksin 18 sentyabr 2013-cü il tarixində açılışı olub.
31 mart 2025-ci il tarixində Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"ndə soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.