"Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
Martın 14-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir. Tədbirdə bir sıra ölkələrdən elm adamları, tədqiqatçılar, ekspertlər, eləcə də qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak edirlər. Əvvəlcə tədbir iştirakçıları Azərbaycan ərazisindəki qədim yaşayış məskənlərindən aşkar edilmiş eksponatlardan ibarət sərgi ilə tanış olublar. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxış edərək iştirakçıları salamlayıb.
Bildirib ki, konfransın məqsədi mədəni irsin ən qədim nümunələrinin qorunması, təbliği, tədqiqi və tanıdılması üçün yeni ideyaların və həll yollarının müzakirə edilməsidir. Eyni zamanda tədbir vasitəsilə beynəlxalq və regional əməkdaşlığı gücləndirmək, mədəni irsin qorunması üçün yeni strategiyalar hazırlamaq və onların tətbiqinə dair mexanizmlər yaratmaq da qarşıya məqsəd qoyulub. Nazir bildirib ki, Azərbaycanın zəngin mədəni irsinin ən qiymətli elementini ölkəmizdə yerləşən tarixəqədərki insan məskənləri təşkil edir. Belə ki, ibtidai insanların yaşadıqları çoxsaylı qədim məskənlər, xüsusilə də Azıx, Tağlar və Damcılı kimi mağara düşərgələri, həmçinin Qobustan qayaüstü rəsmləri bəşər sivilizasiyasının inkişaf mərhələlərinin öyrənilməsində mühüm rol oynayır. Bu abidələr sivilizasiya və mədəniyyətin beşiyi hesab edilməklə yanaşı, insanların fiziki və mənəvi inkişaf mərhələlərinin, kamilləşmə yolunun, əmək vərdişləri və yaşam tərzlərinin, həmçinin onların miqrasiya yollarının tədqiqi baxımından müstəsna əhəmiyyət kəsb edir. Qədim insan məskənləri həm də xalqların mədəni irslərinin ilk rüşeymlərinin formalaşdığı və çiçəkləndiyi məkanlar kimi tarix, arxeologiya və etnoqrafiya ilə yanaşı, kulturologiya sahəsində də elmi tədqiqatlar üçün qiymətli mənbələrdir.
Adil Kərimli deyib ki, Mədəniyyət Nazirliyi bu cür tarixi-mədəni abidələrdə birgə elmi ekspedisiyaların aparılması, nəticələrin beynəlxalq səviyyədə müzakirəsi və daha da vacibi tədqiqat nəticələrinin həm elmi, həm də kütləvi mənbələrdə dərc olunaraq geniş ictimaiyyət arasında təbliğinə, gələcək nəsillərə çatdırılmasına töhfə verməyə hazırdır: “Eyni zamanda bu istiqamətdə beynəlxalq tərəfdaşlarla, aparıcı xarici elmi dairələrlə işləməkdə maraqlıyıq. Bu da təsadüfi deyil, çünki cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən milli mədəniyyət siyasəti qayəsində ölkə ərazisində yerləşən bütün mədəni irsimiz, o cümlədən tarixi və mədəni abidələr etnik və dini mənsubiyyətindən asılı olmayaraq dövlət tərəfindən mühafizə, bərpa və təbliğ edilməsi dayanır. Dövlət başçısının çıxışlarında qeyd etdiyi kimi, “Multikultralizm Azərbaycan xalqının həyat tərzidir”.
Nazir çıxışında qədim insan məskənlərinin ortaq tədqiqi və təbliği ilə bağlı vahid platformanın təsis edilməsi məsələsinin də nəzərdən keçirilməsini təklifini səsləndirib. “Bu sahədə həyata keçirəcəyimiz çoxsəviyyəli beynəlxalq mübadilə proqramları yalnız dövlətlərarası və beynəlxalq təşkilatlar çərçivəsində olmamalı, həm də elmi institutlar, universitetlər, beyin mərkəzləri, muzeylər, hətta QHT-lər arasında da həyata keçirilməlidir", – deyə Adil Kərimli əlavə edib. Qədim insan məskələnlərinin milli və beynəlxalq səviyyədə mühafizə məsələsinə toxunan nazir deyib ki, bu cür abidələrin həm universal səviyyədə (UNESCO çərçivəsində), həm də regional səviyyədə (ICESCO) mövcud irs siyahılarına salınması onların beynəlxalq tanınması ilə yanaşı, daha effektiv qorunması və saxlanması imkanları yaradır. Lakin bununla belə, müasir dövrün çağırışları – xüsusilə də, antropogen müdaxilələr, silahlı münaqişələr, postmünaqişə ərazilərində basdırılmış minalar və təbii hadisələr fonunda mövcud mexanizmlərin səmərələliyinin artırılması məsələsi gündəmə gəlir: "Doğrudur, beynəlxalq hüquq silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Konvensiyası və onun iki əlavə protokolu maddi mədəni irsin (daşınar və daşınmaz) müharibələr zamanı toxunulmazlığının təmin edilməsini, o cümlədən qanunsuz arxeoloji qazıntıların qadağan edilməsini beynəlxalq öhdəlik kimi müəyyən edir. Lakin təcrübədə, təəssüflər olsun ki, bu normaların işlək olması sual doğurur. Hərbi təcavüz nəticəsində torpaqlarının bir hissəsi 30 ilə yaxın işğal altında qalmış bir dövlət olaraq, biz bu acı həqiqəti öz təcrübəmizdə yaşamışıq. İşğalçı qüvvələr tərəfindən tarixi abidələr dağıdılmaq və xalqımıza məxsus zəngin və qədim eksponatlar talanmaqla yanaşı, dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarasında qanunsuz arxeoloji ekspedisiyaların aparılması da müşahidə edilmişdir. Bu xüsusda, düşünürəm ki, müzakirələr çərçivəsində həm də beynəlxalq təşkilatların mövcud mexanizmlərinin təkmilləşdirilməsi və monitorinq imkanlarının genişləndirilməsi yollarına da toxunulmalıdır. 2023-cü ilin sonunda UNESCO tərəfindən 1954-cü il Konvensiyasının II Əlavə Protokolunda əks olunan Monitorinq Mexanizmlərinin çərçivəsinin təsdiq edilməsi çox mütərəqqi addım idi. Bu mexanizm yalnız münaqişə dövrü və postmünaqişə dövrünə deyil, həm də sülh dövründə effektiv olmalıdır. Həmçinin bu mexanizm dövlətlər tərəfindən eksterritorial mədəni irslərinin mühafizəsi ilə bağlı çağırışların cavablandırılmasında istifadəsi vacibdir". Nazir çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb. Açılış mərasimində həmçinin AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, TÜRKSOY-un baş katibi Sultan Raev, UNESCO-nun mədəniyyət və fövqəladə hallar üzrə direktoru Krista Pikkat və İslam Əməkdaşlıq Təşkilatı Mədəniyyət İnstitutunun prezidenti Saad S. Xan çıxış edib, tədbirin əhəmiyyətini vurğulayıblar. “Qədim insan yaşayış məskənləri mədəni irsin beşiyi kimi” Daha sonra konfrans öz işini panel iclaslarla davam etdirib. Günün ilk panel iclası “Qədim insan yaşayış məskənləri – mədəni irsin beşiyi kimi” mövzusuna həsr olunub. Mədəniyyət Nazirliyi Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlının moderatorluğu ilə gerçəkləşən panel iclasında İslam Dünyası İrsi Mərkəzinin direktoru Vebber Ndoro əsas məruzəçi kimi çıxıb edib. Daha sonra Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidze, Qazaxıstanda Elmi Bərpa Laboratoriyasının yaradıcısı və rəhbəri, rəssam-bərpaçı, akademik Krım Altınbekov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev və Portuqaliyanın Tomar Politexnik Universitetinin professoru Sara Qarses mövzu ətrafında müzakirələr aparıblar. “İqlim dəyişikliyi və silahlı münaqişələr qarşısında qədim insan məskənləri” Konfransın növbəti paneli “İqlim dəyişikliyi və silahlı münaqişələr qarşısında qədim insan məskənləri” mövzusuna həsr olunub. Vəkillər Kollegiyası Biznes hüququ komitəsinin sədri, “Apex” hüquq şirkətinin direktoru Nazlı Əhmədovanın moderatorluğu ilə keçirilən iclasda əsas məruzəçi kimi çıxın edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov iqlim dəyişiklərinin mədəni irsə təsirindən söz açıb. Qeyd edib ki, son illərdə beynəlxalq təşkilatlar tərəfindən mədəni dəyərlərin qorunması barədə müxtəlif addımlar atılıb. Qahirə Universitetinin (Misir) professoru, UNESCO-nun eksperti Mohsen Abulnaqa UNESCO-nun şəhərsalma ilə bağlı gördüyü işlərdən danışıb. Portuqaliya Mədəniyyət Nazirliyi yanında Mədəni İrs İnstitutunun baş arxeoloqu Joze Luis de Negreiros Monteiro iqlim dəyişiklərinin artefaktlara uzun və qısamüddətli təsirindən bəhs edib.
Türkiyədən Memar Sinan İncəsənət Universitetinin professoru, bərpaçı-memar Oğuz Ceylan və Haliç Universiteti Memarlıq fakültəsinin mühazirəçisi Funda Ayberkin arxeoloji ərazilərin qorunması haqqında söz açıblar. İsveçrənin Cenevrə Universitetinin hüquq professoru, mədəni irs üzrə mütəxəssis Alessandro Çeçi münaqişə zamanı tarixi-mədəni irsin qorunması haqqında fikirlərini söyləyib. Mədəni mülkiyyətin qanunsuz olaraq daşınması üzrə beynəlxalq ekspert, İtaliyanın Siena Universiteti CAMNES Qədim Aralıq dənizi və Yaxın Şərq Araşdırmaları Mərkəzinin əməkdaşı professor Alesiya Kuş mədəni abidələrin qanunsuz olaraq daşınmasının qarşısının alınması yollarından danışıb. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin müdir müavini Rəşad Allahverdiyev ölkəmizə xas olan spesifik mədəni və təbii irs haqqında fikirlərini bölüşüb. "Azərbaycanın qədim insan məskənləri dünya irsinin bir hissəsi kimi: təcili qorunma ehtiyacı” Martın 14-də konfransın son panel iclası "Azərbaycanın qədim insan məskənləri dünya irsinin bir hissəsi kimi: təcili qorunma ehtiyacı" mövzusuna həsr olunub. Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayevin moderatorluğu ilə gerçəkləşən iclasdan əvvəl çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova ölkəmizdə mədəni və təbii irsin qorunmasına daim önəm verildiyini bildirib. Qeyd edib ki, otuzillik işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın minlərlə mədəni sərvəti talan edilib. Nazir müavini ümidvar olduğunu bildirib ki, bu konfransda səsləndirilən fikirlər Azərbaycanda və onun hüdudlarından kənarda mədəni irsin qorunmasına əhəmiyyətli təsir göstərəcək. “Heritage Management Consultants”ın direktoru, mədəni irs üzrə beynəlxalq ekspert Raymond Bondin Azərbaycanın zəngin mədəni irsinin dünya miqyasına çatdırılması yollarından söz açıb. Tokio Universiteti Muzeyinin (Yaponiya) direktoru professor Yoshihiro Nishiaki Azərbaycanın Orta Paleolit dövrünə aid olan mağaralarında aparılan araşdırmalar barədə məlumat verib. AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi dosent Azad Zeynalov Azərbaycanın qədim yaşayış məskəni olan Azıx mağarasının unikallığından, Son Neolit və Kalkolit (Eneolit) Arxeologiyası şöbəsinin əməkdaşı Əjdər Babazadə Azıx mağarasında aparılan yeni tədqiqat işləri haqqında danışıblar. Tavatəpədə Azərbaycan-İtaliya birgə ekspedisiyasının üzvü Nicola Laneri Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan kurqanlardan söz açıb. İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti Humanitar fakültəsinin Qafqazşünaslıq Tədris-Elmi İnstitutunun professoru Roman Lolua Qafqaz Albaniyası dövlətinə məxsus əlifba ilə bağlı tədqiqatlarından danışıb. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva rəhbəri olduğu qurum tərəfindən görülən işlər barədə məlumat verib. Çıxışlardan sonra elmi konfransın yekun bəyannaməsi qəbul edilib.
***
Qeyd edək ki, martın 15-də konfrans iştirakçılarının Xocavənd rayonundakı Azıx mağarasına, martın 16-da isə Qobustan Milli Tarix-Bədii Qoruğuna və Kəlbəcər rayonundakı Xudavəng monastırına səfərləri təşkil olunacaq. Onu da bildirək ki, beynəlxalq elmi konfrans Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Şuşa və Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəlikləri və AMEA-nın tərəfdaşlığı ilə gerçəkləşir.