Astrofizika rəsədxanası
Abidənin adı: | “Astrofizika rəsədxanası” |
Abidənin ünvanı: | AZ5626, Şamaxı rayonu, Pirqulu ərazisi |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 321 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X- Koordinat: 40.465757 Y- Koordinat: 48.36616 |
Abidənin tikinti tarixi: | Əsr: XX əsr Tikinti ili: 1962-ci il |
Abidənin istifadəsi: | İlkin təyinatı üzrə və nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Azərbaycan SSR Nazirlər Sovetinin 1959-cu il 17 noyabr tarixli qərarı ilə yaradılıb.
Hələ 1927-ci ildə Azərbaycanın bir sıra rayonlarında astroiqlimin öyrənilməsi üçün daimi fəaliyyət göstərən astronomik ekspedisiya yaradılıb. Ekspedisiya respublikanın Kəlbəcər, Laçın, Şamaxı, Xızı və digər bölgələrində rəsədxana yaradılması üçün əlverişli coğrafi yer seçməli idi. Aparılan tədqiqatlar nəticəsində Şamaxının Pirqulu ərazisi bu istiqamətdə elmi mərkəzin yaradılması üçün ən əlverişli yer hesab olunub. 1953-cü ildə burada müşahidə bazasının, sonralar isə rəsədxananın tikilməsinə qərar verilib.
Mərkəz 1960-cı ildən isə müstəqil elmi tədqiqat institutu kimi Azərbaycan Elmlər Akademiyasının strukturuna daxil edilir. Azərbaycanın tanınmış alimləri – akademiklər Həsən Əliyev və Yusif Məmmədəliyevin təşəbbüsü ilə rəsədxana yaradılır. Qeyd edək ki, rəsədxana Böyük Qafqaz dağının şimal-şərqində, Bakıdan 150 km məsafədə yerləşir və bu ərazidə aydın gecələrin sayı il ərzində 190-200-ə çatır.
2009-2013-cü illərdə Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında Şamaxı Astrofizika Rəsədxanasının ölkə əhəmiyyətli memarlıq abidəsi olan binasında yenidənqurma işləri aparılıb. Rəsədxananın yaşayış bölməsi tamamilə yenilənib, onun baş korpusu əsaslı təmir olunub. Eyni zamanda rəsədxanada yeni astronomiya muzeyi, böyük konfrans zalı, yeni laboratoriya korpusu və s. tikilib.
Astronomik güzgülərin səthinin alüminiumlaşdırılması üçün B-240 vakuum qurğusu 2007-ci ildə bərpa olunub. Onun yerləşdirilməsi üçün xüsusi bina tikilib istifadəyə verilib. 2013-cü ildə ŞAR-ın tarixində ilk dəfə olaraq güzgülərin alüminiumlaşdırılması prosesi yerli mütəxəssislər tərəfindən aparılıb.