Cümə məscidi

Abidənin adı:

“Cümə məscidi”

Abidənin ünvanı:

AZ5600, Şamaxı şəhəri, Seyid Əzim Şirvani küçəsi, 36

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

318 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.373736

Y-koordinat: 48.383961

Abidənin tikinti tarixi:

Əsr: VIII-XIX əsrlər

Tikinti ili: 743 və 1918-ci illər

Abidənin istifadəsi:

İlkin təyinatı üzrə istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Azərbaycanın Şirvan bölgəsi, tarixdən və arxeoloji qazıntılardan bəlli olduğu kimi, çox zəngin memarlıq irsinə malikdir. Elmi ədəbiyyatlarda Şirvan memarlıq məktəbi kimi tanınan bu mədəni proses dövrümüzə qədər mühafizə olunan Bakı, Qobustan, Dərbənd, Qəbələ abidələrində özünü təzahür etdirməkdədir. Şirvanşahlar dövlətinin siyasi və mədəni mərkəzi olan Şamaxı şəhəri Azərbaycanın ən aktiv seysmik zonasında yerləşdiyindən oradakı abidələr tarix boyu dağıntıya uğrayıb. Ən güclü zəlzələ 1902-ci ildə Şamaxını və ətraf yaşayış məskənlərini yerlə yeksan edib. Bu zəlzələ nəticəsində islam aləminin ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi də xarabalığa çevrilib. Zəlzələdən sonra Tiflisdə yaradılan xüsusi komissiya Şamaxıda işə başlayıb. Həmin dövrdə komissiyanın üzvü ixtisası geoloq olan şahzadə Şahqulu Qacar məscidin kitabəsini oxuyub və onun hicri 126-cı (miladi 743) ildə inşa edildiyini bildirib. Hətta bu barədə E.N. Marçenko 1902-ci ilin aprel ayında Peterburqda Mülkü Mühəndislər Cəmiyyətində məruzə edib.

1909-cu ildə tanınmış memarlar İ.K. Ploşko və Z. Əhmədbəyov tərəfindən məscidin qədim plan strukturu saxlanılmaq şərti ilə Mavritan üslubunda yeni layihəsi hazırlanıb. Əvvəlkindən fərqli olaraq yeni məscidin qarşısında 44,8 metr uzunluğunda və 8,5 metr enində böyük eyvan inşa edilib. Həm də üç hissədən ibarət olan iş məkanının örtüyü dəyişdirilərək böyük metal konstruksiyalı günbəzlərlə əvəz edilib. Əslində isə yan otaqların içərisində daha dörd sütun və bu sütunlar üzərində nisbətən kiçik günbəz və tağlı tavanlar olubmuş. Qeyd olunan sütunların qalıqları 1979-cu ildə aparılan şurf qazıntısı nəticəsində aşkar edilib.

Günbəzin kiçik ölçüləri zəlzələdən sonra çəkilmiş fotolarda da görünməkdədir.

1918-ci ilin mart-aprel aylarında erməni daşnaklarının ölkəmizdə həyata keçirdiyi soyqırımı və talanlar zamanı dünyanın ən qədim məscid nümunələrindən olan Şamaxı Cümə məscidi də yandırılıb.

1979-cu ildə Xüsusi Elmi Bərpa İstehsalat İdarəsi tərəfindən məscidin ayrı-ayrı hissələri bərpa edilib. 2010-2013-cü illərdə isə Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi olan məscid və onun ətrafında regenerasiya işləri aparılıb.