Qaleyi Bəyqurt Qalası

Abidənin adı:

"Qaleyi Bəyqurt"

Abidənin ünvanı:

AZ 5600, Şamaxı rayonu, Qaladərəsi kəndi

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

317 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.452351

Y-koordinat: 48.33156

Abidənin tikinti tarixi:

Əsr: XII-XV əsrlər

Tikinti ili: məlum deyil

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Qaleyi Bəyqurt qalası Şamaxı şəhərindən 20 kilometr şimal-qərbdə, Qəleybuğurt və Qaladərəsi kəndləri arasındakı dağlıq ərazidə yerləşir. Qala xalq arasında “Qaleyi-Buğurt”, ərəb və farsdilli mənbələrdə “Biğord” kimi adlandırılır.

XX əsrin 30-cu illərində Qaleyi Bəyqurt qalasında yoxlama qazıntısı aparılan zaman aşkar olunan maddi mədəniyyət nümunələri AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır.

Ötən əsrin 70-ci illərində də abidədə yoxlama qazıntısı aparılıb. Əldə edilən maddi mədəniyyət nümunələri AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun fondunda və Şamaxı Rayon Tarix-Diyarşünaslıq Muzeyində qorunur. Eyni zamanda ayrıca “Qaleyi Bəyqurt qalası” kitabı də nəşr olunub.

Arxeoloji qazıntılar Qaleyi Bəyqurt qalasında XI-XIII əsrlərdən yaşayış olduğunu göstərir. Qalada bəzi divar və bürclərin, o cümlədən yaşayış binalarının xarabalığı qalır. Evlər yonma daşlardan inşa olunub. Qaleyi Bəyqurt qalasında zərb olunmuş sikkələr də məlumdur.

Gürcü mənbələrinə görə, IV David 1124-cü ildə Şirvana yürüş edərkən Qaleyi Bəyqurt qalasını da ələ keçirib. 1275-ci ildə tarixçi Zəkəriyyə əl-Qəzvini Şirvan vilayətində möhkəmləndirilmiş Qaleyi Bəyqurt qalasından da söz açıb: "Bu qalada daş təsvirlər və heykəllər var. Onlar çox qədim olduqlarından mənaları aydın deyil. Qalada hökumət evi (dar əl-imarə) var. Onun qapısında yazılmışdır: "Bu evdə on bir otaq var. Lakin buraya girən çox cəhd göstərsə, onlardan (yalnız) onunu görə bilər. On birincinin yerini isə heç kim bilə bilməz, çünki hökmdarın xəzinəsi oradadır". Göründüyü kimi, Şirvanşahlar öz xəzinələrini zəif müdafiə olunan Şamaxıdan uzaqda, əlçatmaz Qaleyi Bəyqurt qalasında saxlayırdılar.

1501-ci ildə Şirvanşah Fərrux Yasar Qaleyi Bəyqurt qalasına sığınmaq istəsə də, mümkün olmamış, Cabanı döyüşündə Şah İsmayıl Səfəvinin ordusuna məğlub olub. 1509-cu ildə Şah İsmayıl Şirvana hücum edərkən Şirvanşah II İbrahim Şeyxşah isə Buğurt qalasında müdafiəyə çəkilmişdi.

1537-ci ildə Şirvanda baş vermiş üsyan zamanı Şirvanşah Şahrux və saray əyanları Qaleyi Bəyqurt qalasında gizlənmişdilər. 1538-ci ildə Səfəvi qoşunları Əlqas Mirzənin başçılığı ilə Qaleyi Bəyqurt qalasında müdafiə olunan Şirvanşah Şahrux və vəkil Hüseyn bəyi məğlub etmişdilər. Həmin dövrdə də Şirvanşahların xəzinəsi Qaleyi Bəyqurt qalasında idi.

Səfəvi-Osmanlı müharibəsi zamanı osmanlılar Qaleyi Bəyqurt qalasını ələ keçirib özlərinin dayaq məntəqələrindən birinə çevirmişdilər.

Qaladan XVII əsrin axırlarına kimi müdafiə məqsədilə istifadə olunub.