Şeyx Dursun Türbəsi
Abidənin adı: | Şeyx Dursun türbəsi |
Abidənin ünvanı: | AZ0600, Ağsu rayonu, Ağsu şəhəri |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 205 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.575000 Y-koordinat: 48.416935 |
Abidənin tikinti tarixi: | Əsr: XV əsr Tikili tarixi: 1457-ci il |
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Şeyx Dursun türbəsi Ağsu şəhər qəbiristanlığında yerləşir. Əslində, şəhər qəbiristanlığı bu türbənin ətrafında salınıb. Yerüstü axtarışlar və vizual müşahidələr zamanı türbənin ətrafında tikili qalıqları aşkar edilib. Yerli sakinlər və qəbirqazanlarla söhbətlər zamanı yerin təkindən şirli və şirsiz saxsı qab parçaları, daş və bişmiş kərpicdən divar qalıqları, dulus kürələrinin qalıqları üzə çıxdığı qeydə alınıb.
XIX əsrdə və XX əsrin ikinci yarısında tanınmış alimlər Şeyx Dursun türbəsi haqqında məlumat veriblər. Abidənin üzərindəki süls xətlə yazılmış kitabədən aydın olub ki, “övliyaların qütbü, şəhidlərin sədri” Şeyx Dursun 1457-ci ilin sonlarında vəfat edib. Onun qəbri üzərində türbə tikilib. Türbə səkkizguşəli olub, xəlvətilik sufi məktəbinə məxsus digər şeyxlərin qəbirləri üzərindəki türbələrlə eyniyyət təşkil edir.
Təəssüf ki, sovet dövründə aparılan bərpa işləri türbədə ciddi fəsadlar yaradıb, sement qatışıqlı məhlulların və Xəzər dənizi qumunun istifadə edilməsi abidənin zərər görməsinə, duzların yaranmasına, bakteriyaların fəallaşmasına və daxildən deqradasiyanın güclənməsinə səbəb olub.
2018-ci ildə İtaliyanın Beynəlxalq “YOCOCU” Assosiasiyası bərpaçılarının iştirakı ilə türbədə konservasiya və konsolidasiya işləri aparılıb. Şeyx Dursun türbəsində daş divarların konservasiyasının düzgün aparılması üçün materiallar və alətlər İtaliyadan gətirilib. Konservasiya zamanı deqradasiyanın formaları, deqradasiya mexanizmləri və ətraf mühit faktorları nəzərə alınıb. Görülən işlər nəticəsində türbənin xarici səthində bakteriyalar, bitki və mamırlar təmizlənib, sement qatışıqlı suvaqlar kənarlaşdırılıb, daşın cinsindən məhlullar hazırlanaraq dərinlik və səthə çəkilib. Türbənin daxilində günbəz və divarlarda qalın təbəqə əmələ gətirmiş duzlar mexaniki və kimyəvi üsullarla təmizlənib, sovet dövründə kobud bərpanın nəticələri aradan qaldırılıb.