Yeni Şamaxı Qalıqları

Abidənin adı:

Yeni Şamaxı qalıqları (Orta əsr Ağsu şəhəri)

Abidənin ünvanı:

AZ0600, Ağsu rayonu, Ağsu şəhərindən 5 km. aralı

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli arxeoloji abidə

İnventar:

808 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür )

Kartoqrafik təqdimat:

X-Koordinat: 40.3215

Y-koordinat: 48.2336

Abidənin tikinti tarixi:

Əsr: Orta əsr


Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: XVIII əsrdə əhalisinin sayına və ərazisinə görə Azərbaycanın ən böyük yaşayış məntəqəsi Orta əsr Ağsu şəhəri idi. 1735-ci ilin mayında Nadir şah tərəfindən Ağsu kəndi yaxınlığında inşa etdirilən qala-şəhər uzun müddət şahın bölgəyə təyin etdiyi hakimlər - Şirvan xanlarının iqamətgahı olub. Ağsu qalası Nadir şaha qarşı Şirvan zadəganlarının üsyanlarının da mərkəzi hesab edilir.

Müxtəlif vaxtlarda şəkili Hacı Çələbi xan və Məhəmmədhəsən xan, qubalı Hüseynəli xan, Fətəli xan və Şeyxəli xan, Ağa Məhəmməd şahın sərdarları Mustafa xan Dəvəli və Əliqulu xan, rus sərkərdəsi qraf Valeryan Zubov, Naibüssəltənə Abbas Mirzə bu qalaya hücum edib, mühasirədə saxlayıb, bəziləri hətta ələ də keçirib.

XVIII əsrin məşhur səyyahları Samuel Qmelin, Biberşteyn, Bronevski və başqaları bu qala haqqında məlumat veriblər. Şirvan xanları dövründə Ağsuda sənətkarlıq, ticarət, mədəniyyət yüksək səviyyədə inkişaf etmişdi.

Ərazidə ilk arxeoloji kəşfiyyat işləri 1983-cü ildə Ağsu-İsmayıllı ekspedisiyası tərəfindən aparılıb. Müstəqillik illərində – 2010-cu ildən 2012-ci ilədək isə ağsulu ziyalıların yaxından dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə Ağsu arxeoloji ekspedisiyası Orta əsr Ağsu şəhərində tədqiqat işləri həyata keçirib və burada müasir turizm kompleksi yaradılıb.

Qısa müddətdə tikilməsinə baxmayaraq, dövrünün ən mükəmməl şəhər planlaşdırması tətbiq edilib. Qazıntılar zamanı, daş döşənmiş küçə və yollar, su və kanalizasiya xətləri, sənətkarlıq emalatxanaları və s. öz dövrü üçün müasir mütərəqqi şəhər mədəniyyətindən xəbər verir. Evlərin iç və çöl divarları, döşəməsi, damı, habelə təndir və ocaqları Şirvanda xüsusi süxurdan alınan və “şirə” adlandırılan məhlulla boyanıb. Bu boyaq məhlulu evlərə gözəllik verməklə yanaşı, onları yağışdan qorumaq funksiyasını da yerinə yetirib.

Şəhər yerində ən maraqlı emalatxanalardan biri boyaqçı dükanıdır. Buradan aşkar olunan boyaq tozları Türkiyənin Mərmərə Universitetinin əməkdaşı tərəfindən öyrənilib. Bəlli olub ki, həmin boyaq maddəsi boyaqotundan (latınca “Rubia Tinctorium L”) əldə edilib. Boyaqotu istehsalı və ixracı XVIII əsrin əsas hadisələrindən olduğu üçün bəzən həmin tarixi dövrü “Boyaqotu əsri” də adlandırırlar.

Araşdırmalar zamanı ərazidə maraqlı memarlıq həlli olan iri ictimai binalar –yeraltı hamam, Cümə məscidi və buzxana da üzə çıxarılıb. Şəhərin 3 tərəfində böyük qəbiristanlıq qalığı mövcuddur.