Abuturab Türbəsi
Abidənin adı: | "Axund Abuturab türbəsi " |
Abidənin ünvanı: | AZ1044, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 97 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.493474 Y-koordinat: 50.153783
|
Abidənin tikinti tarixi: | Əsr: XX əsr Tikinti ili: 1908-ci il
|
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Abşeron bölgəsinin dini abidələri arasında özünəməxsus yeri olan tikililərdən biri paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Axund Abuturab türbəsidir.
Axund Abuturab (1815-1908) zəmanəsinin tanınmış dinşünası idi. Abşeronun Əmircan kəndindən olan milyonçu Murtuza Muxtarovla onu möhkəm dostluq telləri bağlayırdı. 1908-ci ildə M.Muxtarov tərəfindən Əmircan kəndində tikilmiş qoşa minarəli məscidin açılışında əmircanlı Axund Abuturab minbərə qalxaraq ilk xütbəni oxumuşdu.
Axund Abuturabın vəfatından sonra M.Muxtarov dostunun xatirəsini əbədiləşdirmək qərarına gəlir və təmtəraqlı türbənin layihəsini mülki mühəndis İ.K.Ploşkoya sifariş edir. Din xadimi Mərdəkanda yaşadığı üçün türbə də 1908-ci ildə məhz burada tikilir.
Türbə Orta əsr Azərbaycan türbələrinə xas olan ənənəvi plan quruluşunda inşa olunmuşdu. Səkkizüzlü formaya malik və həcm-məkan kompozisiyaları üçün çox plastik idi. Tikilinin həcm həlli pavilyon şəklində təsvir olunub və günbəzlə tamamlanıb.
Türbənin daxilində daşdan yonulmuş və ornamentlə bəzədilmiş sənduqə Axund Abuturaba, onun ayaq tərəfində yerləşdirilən sənduqə isə milli mesenat, milyonçu Hacı Zeynalabdin Tağıyevə məxsusdur.
Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də 105 yaşında Mərdəkandakı bağında vəfat edib. Sentyabrın 4-də milyonçunun öz vəsiyyətinə əsasən, Axund Abuturabın ayağı altında (məzarının aşağı hissəsində) dəfn olunub.
H.Z.Tağıyevin nəvəsi, professor Rasim Əsəd oğlu Abdullayev tərəfindən babasının məzarında müəyyən bərpa işləri həyata keçirilib.
Axund Abuturab türbəsinin pavilyonu sonuncu ilə vahid memarlıq kompozisiyası təşkil edən hasara salınıb.
Tağıyevin 1991-ci ildə vəfat edən qızı Sara xanım atasının qəbrinin yanında dəfn olunub və sənduqəsi həmin türbənin içindədir.
Türbədə dəmir-daş konstruksiyalardan istifadə olunduğu üçün daxilinə rütubətin yayılması nəticəsində metal lövhəciklərin sıradan çıxmasına səbəb olub. 1982-ci ildə abidə ətrafı sahənin abadlaşdırma layihəsi hazırlansa da, təsərrüfat işləri aparılmayıb.
Türbə səkkiz qoşa sütun üstündə dayanıb. 1987-ci ilin mühəndis tədqiqatı zamanı daş sütunların içində olan metal boruların korroziyaya uğradığı aşkar edilib. Həmin il abidədə möhkəmləndirmə işləri həyata keçirilib.
2003-cü ildə türbədə qəzalı vəziyyət yarandığından metal borular çıxarılıb, dəmir-beton konstruksiyalı günbəz sökülüb, daşlarla üzlənib, yeni bitki ornamentləri işlənib. Türbəyə məxsus orijinal daşların və sütunların bir neçəsi abidənin ərazisində eksponat kimi nümayiş etdirilir.