Bakı Musiqi Akademiyası

Abidənin adı:

Azərbaycan Dövlət Musiqi Akademiyasının binası

Abidənin ünvanı:

Az1005, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi 98

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

121 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.377501

Y-koordinat: 49.844678

Abidənin tikinti tarixi:

Əsr: XX əsrin birinci yarısı

Tikinti ili: 1936-cı il

Abidənin istifadəsi:

İlkin təyinatı üzrə istifadə olunur


Abidəyə dair tarixi məlumatlar: Azərbaycanın ilk ali musiqi təhsili ocağı olan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (keçmiş Azərbaycan Dövlət Konservatoriyası) maraqlı tarixi və memarlığı var.

Konservatoriya 1920-ci il may ayının 25-də respublikanın Xalq Komissarları Soveti (XKS) Maarif şöbəsinin qərarı ilə açılıb. Dərin düşüncə və uzaqgörənliyi ilə seçilən dahi bəstəkar Üzeyir Hacıbəyli Xalq maarif şöbəsində etdiyi məruzə əslində konservatoriyanın proqramı və nizamnaməsi idi. Nizamnamə 1921-ci il 21 avqust tarixində hökumətin qərarı ilə təsdiq edilmiş və XKS-nin sədri Nəriman Nərimanov və Xalq Maarif komissarı Dadaş Bünyadzadə tərəfindən imzalanmışdır.

Konservatoriya musiqi təhsilinin üç ənənəvi pilləsini: kiçik, orta və ali musiqi təhsilini özündə cəmləşdirirdi. Üzeyir bəy nizamnaməni hazırlayarkən Peterburq və Moskva konservatoriyalarının təhsil sisteminə istinad etmişdi. O, nəzəri planda Şərq və Qərb musiqi mədəniyyətlərinin əlaqələri problemini irəli sürmüşdü ki, həmin problem XX və XXI əsr dünya musiqi elmi və mədəniyyətində mərkəzi yerlərdən birini tutur...

1931-ci ildə dövlət tərəfindən memarlıq yaradıcılığının milli ənənələr üzərində qurulması ilə bağlı qərar qəbul ediləndən sonra Bakıda inşa olunan binalarda bu məsələyə xüsusi diqqət yetirilirdi. Həmin dövrdə istedadlı gənc memarlar Mikayıl Hüseynov və Sadıx Dadaşovun yaradıcılıq axtarışlarında klassik Avropa və antik yunan memarlığının təsirləri duyulurdu. Onların bu tip layihələrindən biri indiki Nizami Kino Mərkəzinin binasıdır. Bu mərkəz və onunla simmetrik ucaldılmış ərzaq sənayesi komissarlığı (hazırda AZƏRTAC yerləşir) binaları ilə, demək olar ki, S.Dadaşov və M.Hüseynovun yaradıcılıqlarındakı kosmopolit səpkili məqamlar aradan qalxır. Çünki 1936-cı ildə tikilən indiki Bakı Musiqi Akademiyasının (Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi, 98) binasının inşasında milli memarlıq çərçivəsində axtarışlar aparıldığı aydın hiss olunur. Bu, ilk milli romantik üslubda olan memarlıq layihəsi hesab olunur. Ali təhsil ocağı 1939-cu ildən bu binada fəaliyyətə başlayır.

Böyük Vətən müharibəsi (1941-1945) illərində bir çox təhsil müəssisələrində olduğu kimi, bu binanın da təyinatı dəyişdirilərək hərbi hospitala çevrilir. Müharibə bitdikdən sonra isə bu günədək ali musiqi təhsili ocağı olaraq fəaliyyətini davam etdirir.

Dövlət başçısının sərəncamı ilə 2008-ci ildə Bakı Musiqi Akademiyasının binasında əsaslı təmir işləri aparılıb. Təmir zamanı binanın tarixi-memarlıq üslubu qorunub saxlanılıb.