Dövlət Kitabxanası
Abidənin adı: | Azərbaycan Dövlət Kitabxanasının binası |
Abidənin ünvanı: | AZ1000, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi 57 |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 157 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.374216 Y-koordinat: 49.846173
|
Abidənin tikinti tarixi: | Əsr: XX əsr Tikinti ili: 1959-1960-cı illər
|
Abidənin istifadəsi: | İlkin təyinatı üzrə istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Azərbaycan Milli Kitabxanası yerli və dünya əhəmiyyətli nəşrləri və digər məlumat daşıyıcılarını toplayıb mühafizə edən dövlət kitabsaxlayıcısıdır.
Hamının istifadə edə biləcəyi ümumi istifadə üçün kitabxananın yaradılması fikri hələ XIX əsrin 70-ci illərində “Əkinçi” qəzeti tərəfindən irəli sürülmüşdü. Sonradan “İrşad”, “Kaspi”, “Tərəqqi” qəzetləri, həmçinin “Molla Nəsrəddin” jurnalında da bu məsələ dəfələrlə gündəmə gətirilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yenidən qaldırılan məsələ ictimai-siyasi mühitin kəskinləşməsi səbəbi ilə təxirə salındı. Nəhayət, belə kitabxana 1922-ci ildə yaradıldı və rəsmi açılışı 1923-cü il may ayının 23-də gerçəkləşdi. Yeni yaranan kitabxana indiki Üzeyir Hacıbəyli küçəsindəki keçmiş Azərbaycan Ali İqtisad Şurasının binasında yerləşirdi. Azərbaycan hökuməti 1924-cü ilin aprelində dövlət kitabxanası üçün “İsmailiyyə” binasında yer ayrılması haqqında qərar qəbul etdi. 1939-cu il 1 iyunda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Dövlət Kitabxanasına Mirzə Fətəli Axundzadənin adı verildi. Kitabxananın oxu zalı isə 1927-ci ildə açıldı.
Kitabxananın fəaliyyətinin genişlənməsi onun yeni bina ilə təmin olunması zərurətini yaratdı. Milli ornamentlərlə bəzədilmiş, layihəsi memar Mikayıl Hüseynov tərəfindən 1947-1948-ci illərdə işlənən kitabxananın hazırkı binası 1960-cı ildə hazır olmuş və kitabxana yeni binaya (Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi 57) köçmüşdür. 1961-ci ildə isə Kitabxananın açılışı olmuşdur.
Yeni bina 650 oxucu yerinə sahib idi. 2004-cü ildə kitabxanaya Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilib.
Hazırda kitabxanada 13 oxu zalı var. 250 nəfərlik ümumi oxu zalı, humanitar və texniki elmlər zalı, dövri mətbuat, mikrofilmlər, fonoteka, xarici ədəbiyyat və digər oxu zalları mövcuddur.
Kitabxananın eyvanlarında 15 heykəl var. Bunlardan 9-u sovet dövründə, 6-sı isə müstəqillikdən sonra qoyulub. Ön fasaddakı heykəllər, soldan sağa doğru sıralama ilə N. Gəncəvi, Ş. Rustaveli, A. Puşkin, M. Gəncəvi, D. Mendeleyev, H. Zərdabi, M.Qorki, Ü.Hacıbəyli, S.Vurğunundur. Rəşid Behbudov küçəsinə baxan eyvanlardakı heykəllər sonradan qoyulub. Bunlar, eyni qaydada sıralama ilə Bülbül, Niyazi, R.Rza və M.Ə. Sabir, Ə. Naxçıvani, S. Məhəmmədin heykəlləridir. Ölkə əhəmiyyətli memarlıq abidəsi olan kitabxana binası üçün ilk rekonstruksiya layihəsi 2009-cu ildə hazırlanıb, lakin həyata keçirilməyib.