Əjdər bəy məscidi
Abidənin adı: | “Əjdər bəy məscidi” |
Abidənin ünvanı: | AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, S. Vurğun küçəsi 76 |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 120 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.230931 Y-koordinat: 49.501682
|
Abidənin tikinti tarixi: | Əsr: XVII əsrin əvvəlləri Tikinti ili: 1606-cı il |
Abidənin istifadəsi: | İlkin təyinatı üzrə istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Bakı şəhərində memarlıq üslubunun incəliyi və zənginliyi ilə seçilən ibadət ocaqlarından biri də Əjdər bəy məscididir. Məscidin maraqlı tikilmə tarixi var.
Deyilənlərə görə, Nabat xanım Xoca bəy qızı Aşurbəyli-Rzayeva Təzəpir məscidini tikdirməyə başlayanda qardaşı Əjdər bəy ona kömək təklif edir. Nabat xanım isə ona cavabında "əgər belə imkanınız və hünəriniz varsa gedin, özünüz bir məscid tikdirin" deyir. Belə olduqda Əjdər bəy Aşurbəyov ayrıca məscid tikdirmək qərarına gəlir. 1911-ci ildə görkəmli memar Zivər bəy Əhmədbəyov tərəfindən hazırlanan layihə təsdiqlənir və 1912-1913-cü illərdə məscid tikilib istifadəyə verilir.
Memarlıq üslubuna görə məscid həm Kərbəladakı məscidi, həm Məkkədəki Kəbə evini xatırladır. Layihədə müsəlman Şərqinə məxsus geniş memarlıq nümunələrinə diqqət yetirilib.
Əjdər bəy məscidi Azərbaycanda mötəbər dini ibadət mərkəzlərindən birinə çevrilir. Bu dini məbəd müsəlmanların birləşmələrinin rəmzi kimi ilk vaxtlar "İttifaq" məscidi adı ilə tanınıb. Əjdər bəyin niyyəti belə idi ki, bu məsciddə şiələr və sünnilər birlikdə ibadət edə bilsinlər. O zaman Bakı əhalisinin arasında sünnilər əsasən ləzgilər və tatarlar idi. Buna görə də onun ikinci adı – "Tatar məscidi" yaranır.
Günbəzinin rənginə görə isə tikili el arasında "Göy məscid" adı ilə bilinir. Əjdər bəy dünyasını dəyişəndə öz vəsiyyətinə görə, məscidin giriş qapısının sol tərəfində dəfn olunur. Buna görə də ibadət ocağı "Əjdər bəy" məscidi adlanır.
Digər müsəlman ibadət məkanları kimi bu məscid də sovet hakimiyyəti illərində repressiyaya məruz qalıb, tikilinin daxilində islama zidd elementlər vurulub. İkinci Dünya müharibəsi illərində məscid ibadət yeri kimi bağlanaraq başqa məqsədlə istifadə olunub. Yalnız müharibədən sonra döyüş iştirakçılarının, xüsusilə də Bakı sakinlərinin müraciətindən sonra məscid yenidən əhalinin ixtiyarına verilib.
Əjdər bəy məscidi dizaynının özünəməxsusluğu və bütün görünüşünün ahəngdarlığı ilə Bakıda yerləşən digər məscidlərdən fərqlənir. Məscid 400 nəfərin ibadəti üçün nəzərdə tutulub. Ancaq sovet quruluşu dağıldıqdan sonra məsciddə ibadətə gələnlərin sayı xeyli artdığından ərazidə böyük sıxlıq yaranırdı. Bu səbəbdən də Qafqaz Müsəlmanları İdarəsi məscidin yenidən qurulması qərarına gəlib. 2007-ci ildə bu məqsədlə dövlət tərəfindən vəsait ayrılıb. Yenidənqurma zamanı məscidin həyətində əlavə min nəfərlik ibadət yeri, daha bir neçə yardımçı otaq tikilib. 2010-cu il dekabrın 22-də məscid əsaslı təmir-bərpa və yenidənqurmadan sonra istifadəyə verilmişdir.