Gülüstan sarayı

Abidənin adı:

“Gülüstan” şadlıq sarayının binası

Abidənin ünvanı:

AZ1000, Bakı şəhəri, Səbail rayonu, BMT-nin 50 illiyi küçəsi 2

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

142 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.213133

Y-koordinat: 49.495392

Abidənin tikinti tarixi:

Əsr: XX əsr

Tikinti ili: 1970-ci illər

Abidənin istifadəsi:

İlkin təyinatı üzrə istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Bakının memarlıq ansamblında maraqlı memarlığa malik "Gülüstan" sarayının özünəməxsus yeri var. Bina ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə "Bakıdövlətlayihə" İnstitutu tərəfindən hazırlanmış layihə əsasında 1979-1980-ci illərdə inşa edilib. Layihənin memarları Nazim Hacıbəyov, Hafiz Əmirxanov, mühəndis-konstruktorları Novruz İsmayılov, Kamil Kərimovdur.

Saray Azərbaycan SSR-in tanınmış dövlət xadimi, SSRİ Dövlət mükafatı laureatı, Nazirlər Şurasının sədr müavini Əliş Ləmbəranskinin rəhbərliyi ilə tikilib. Bina ümumşəhər, respublika miqyaslı konsert, dövlət qəbulları və s. kütləvi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub.

Ölkə əhəmiyyətli memarlıq abidəsi olan “Gülüstan” sarayının binası, Bakı körfəzinin və şəhər mənzərəsinin ən uğurlu şəkildə müşahidə olunduğu dağlıq hissədə inşa edilib. Bu yerdə relyef qərbdən şərqə doğru kəskin düşür. Layihənin müəllifləri planlaşdırma zamanı bundan uğurla istifadə ediblər. Sarayın arxitekturasında Azərbaycan milli memarlığı üçün ənənəvi motivlərdən istifadə olunub. Tağ sırası ilə çərçivələnmiş eyvanlar binanın ümumi fasadına özünəməxsus görkəm bəxş edir. Bu eyvanlar birinci mərtəbənin divarlarının üstündə konsol şəklində asılaraq yüngüllüyün, eləcə də zərif işıq və kölgə oyunları təəssüratı yaradır.

“Gülüstan” sarayı iki mərtəbədən və aşağıda yerləşən əlavə kürsülük mərtəbəsindən ibarətdir. Birinci mərtəbədə suvenirlərin və müxtəlif milli məmulatların satış mağazaları, həmçinin geniş qarderoblar yerləşir.

İkinci mərtəbədə yerləşən və iki foyedən ibarət olan 960 yerlik zala iki geniş parad nərdivan aparır. Böyük zalın səhnəsi antresol mərtəbəsində yerləşən artist otaqlarının pandusları ilə əlaqələndirilib.

1994-cü ilin 20 sentyabr tarixində ümummilli lider Heydər Əliyevin təşəbbüskarlığı ilə Bakı neftinin dünya bazarına çıxarılmasını nəzərdə tutan "Əsrin müqaviləsi" bu sarayda imzalanıb.