Hacı Baxış məscidi
Abidənin adı: | "Hacı Baxış məscidi" |
Abidənin ünvanı: | AZ1097, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nəsrullah Əsgərov küçəsi |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 134 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.559405 Y-koordinat: 50.007626
|
Abidənin tikinti tarixi: | Əsr: XVII və XIX əsrlər Tikinti ili: 1663 və 1868-ci illər
|
Abidənin istifadəsi: | Təyinatı üzrə istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Abşeronun qədim yaşayış məntəqələrindən olan Nardaran qəsəbəsi yarımadanın şimal-şərq hissəsində yerləşməklə Maştağa, Nardaran, Kürdəxanı, Pirşağı yaşayış məskənlərinin qruplaşma sisteminə daxildir. Dövrümüzə gəlib çatmış şəhərsalma quruluşu tarixi memarlıq irsinin timsalında üç mərhələdə formalaşıb. Haqqında bəhs edilən Hacı Baxşı məscidi ikinci mərhələyə aiddir.
Məscid Nardaran qəsəbəsinin qədim tarixi mərkəzində yerləşib və ətrafından keçən magistral yollara yaxın ərazidədir. Məscid II Şah Abbasın hakimiyyəti dövründə Baxşəli bin şeyx Müzəffərin göstərişi ilə memar və yüksək dərəcəli ustad adını almış Murad Əli tərəfindən XVII əsrdə tikilib.
Hacı Baxşəli məscidində kvadrat formalı ibadət zalının davamı olaraq üstü açıq, damı örtüksüz bir məscid də inşa olunub. “İstisqa” namazı (yağış və bayram namazları) qılınan bu məscidin nəinki Abşeronda, hətta Azərbaycanda da analoquna rast gəlinmir. Bu tip məscidlərə yalnız ərəb ölkələrində rast gəlmək mümkündür. Məscidin giriş qapısının üstündə iki daş kitabə həkk edilib. Nəstəliq xətti ilə yazılmış birinci kitabədə deyilir: “Allahın izni ilə bu məscidi tikdi Kərbəlayı Murad rəhmətlik. Məşədi Qulam Əli Anardarani oğlu. Hamı üçün qanuni vəqf kimi və bu düzgün qərar idi. 1285 Ramazanın əvvəli (1285=16 XII.1868)”.
Kitabədəki qeydlərə əsasən, məscid sağ tərəfə genişləndirilib. İkinci kitabədə isə yazılıb: “Ya Əli 1285. Tikdi usta Səfər. Kərbəlayı Məhəmməd Qulu onu yazdı (yəni üzərindəki yazını). Kərim (1285 h.q 1868-69 Miladi)”.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda abidənin aid olduğu dövr 1663-cü il qeyd olunsa da, mənbələr üzrə araşdırmalar abidənin XVII və XIX əsrlərdə (1663 və 1868-ci illər) tikildiyini göstərir.
Abidənin bərpa layihəsi işlənib və tikilidə bərpa-istehsalat işləri aparılıb. Hazırda məscid dini icmalar tərəfindən yenidən təmir olunub və öz təyinatı üzrə fəaliyyət göstərir.