Hacı Soltanəli Məscidi

Abidənin adı:

“Hacı Soltan Əli məscidi”

Abidənin ünvanı:

Bakı şəhəri, Yasamal rayonu, S. Əsgərova küçəsi 75

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

174 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.378711

Y-koordinat: 49.829450

Abidənin tikinti tarixi:

Əsr: XX əsr

Tikinti ili: 1910-cu il

Abidənin istifadəsi:

Təyinatı üzrə istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Bakı şəhərinin yaşı bir əsrdən çox olan dini ibadət məkanlarından biri də Yasamal rayonunda – metronun “Nizami” stansiyasının yaxınlığında yerləşən Hacı Sultan Əli məscididir.

Abidə 1910-cu ildə, o dövrün zəngin imkan sahibi və xeyriyyəçilərindən Hacı Sultan Əlinin vəsaiti hesabına inşa edilib. Təəssüf ki, məscid haqqında günümüzədək, demək olar ki, heç bir yazılı məlumat gəlib çatmayıb.

Sovet hakimiyyəti dövründə məscidin fəaliyyəti dayandırılıb. Bina bir müddət Xüsusi Elmi İstehsalat Emalatxanası tərəfindən istifadə olunub. Məscidin birinci mərtəbəsində istehsalat emalatxanası, ikinci mərtəbəsində isə Elmi Layihə Bürosu yerləşib. Sovet dövründə məscid "Azkonsert" tərəfindən də istifadə edilib. Ancaq istifadə zamanı məscidin görünüşünə və daxilinə heç bir xətər vurulmayıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscid bərpa olunub və yenidən dindarların istifadəsinə verilib.

Hacı Sultan Əli məscidinin axundunun dediyinə görə, sovet dövründən sonra inşa olunan minarənin tikintisi zamanı maraqlı bir məqama rast gəlinib. Belə ki, minarə yenidən tikilərkən aparılan qazıntı işləri vaxtı onun alt hissəsində Əhməd adlı türk əsgərinin məzarı tapılıb. Ehtimallara əsasən, əsgər 1918-ci ildə həmin dövrdə “Karamelni” deyilən ərazidə erməni daşnakları ilə mübarizədə həlak olub. Mərhumun ruhuna hörmət əlaməti olaraq o, məscidin həyətində dəfn edilib. Tikinti işləri zamanı mərhumun nəşinin qalıqları toplanıb minarənin alt hissəsində yenidən dəfn olunub və xatirə lövhəsi vurulub.

Məscidin müəllifi və inşaatçısı məlum deyil. Lakin "XIX-XX əsrin əvvəlləri Azərbaycanın şəhərsalma və memarlığı" kitabında məscidin kompozisiyasının vertikallığı, memarlıq həlli binanın tanınmış memar-mühəndis İ.K.Ploşko tərəfindən layihələndirilməsi ehtimalını irəli sürməyə əsas verir.

Bərpa işləri zamanı binanın birinci mərtəbəsində sonradan inşa olunmuş otaqların arakəsmələri sökülüb, pilyastrların, karnizlərin, mehrabın və digərlərinin səthi təmizlənib, sonradan quraşdırılmış antresol mərtəbə ləğv edilib. Məscidin kərpic döşəməsi, qapı və pəncərələri dolğu və boyadan təmizlənərək bərpası həyata keçirilib.

İkinci mərtəbəyə çıxan pilləkən marşı daxili məkana uyğun qurulub, taxtadan olan əlavə tikililər sökülüb və döşəmə əhəngdaşı ilə üzlənib. İkinci mərtəbədə sonradan quraşdırılmış divarlar sökülərək gipsolit və ya gipsobeton arakəsmələri ilə əvəz olunub. Binanın şimal fasadı əhəngdaşı ilə, qarmaqla vurulmuş dəmir tor üzərindən üzlənib.