Hökumət evi
Abidənin adı: | “Hökumət evi” |
Abidənin ünvanı: | AZ1000, Bakı şəhəri, Səbail rayonu, Ü. Hacıbəyli küçəsi 84 |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 139 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.222615 Y-koordinat: 49.510949 |
Abidənin tikinti tarixi: | Əsr: XX əsr Tikinti ili: 1940-1952-ci illər |
Abidənin istifadəsi: | İlkin təyinatı üzrə istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Bakının möhtəşəm memarlıq ansamblında özünəməxsus yeri olan Hökumət evinin maraqlı tarixi var. 1924-cü ildə Bakıda hökumət üzvləri üçün bina tikilməsi prosesinə start verilir. Proses 30-cu illərin əvvəllərinə qədər uzanır və 1932-ci ildə müsabiqə elan edilir. İki il çəkən müzakirələrdən sonra 1934-cü ildə müsabiqənin qalibləri müəyyənləşir. Bu müsabiqədə Azərbaycanın tanınmış memarları olan Mikayıl Hüseynov və Sadıq Dadaşov da iştirak edirlər. Onların layihəsi mükəmməl olsa da, məlum səbəblər üzündən təsdiqlənmir.
Moskvadan münsiflər heyəti müsabiqədə birinci yeri Lev Rudnevə verirlər. Binanın layihəsi təsdiqləndikdən sonra onun tikintisi üçün xüsusi yer seçmək lazım gəlir. Şəhərin qərb zonasından şərqə doğru inkişaf etdiyini nəzərə alaraq mərkəzdə belə bir binanın tikilməsi məqsədəuyğun hesab edilir. Bu məqsədlə hazırda "Azadlıq" adlanan meydanda 6 hektardan artıq ərazi ayrılır, 13 mərtəbəli binanın tikilməsi qərarı təsdiqlənir. Lakin layihədə müəyyən nöqsanlar üzə çıxır. Belə ki, 1931-ci ildə dövlətin verdiyi qərara görə, Azərbaycanda tikilən memarlıq əsərlərində millilik xüsusiyyəti əks olunmalı idi. Lakin rus memarının hazırladığı layihədə belə xüsusiyyətlər nəzərə alınmamışdı. Buna görə də binanın ilkin formasında kiçik dəyişikliklər etmək qərarına gəlinir. İndi binada gördüyümüz çıxıntılar – dənizə tərəf olan tinlərdəki tağlar, məhz həmin dəyişikliyin nəticəsidir. Layihə ölkənin millilik ornamentlərinin zəruriliyi qərarına görə dəyişdirilib. Doğrudur, 13 mərtəbəli binada yalnız 3 mərtəbəli tağ var. Bu da memarlıq baxımından natamam hesab edilir. Tağların ətrafında yaranan eyvanların heç birinə, binanın heç bir mərtəbəsindən və ya otağından çıxışın olmaması da həmin natamamlığın nəticələrindən biridir.
Binanın inşasına 1934-cü ildə start verilsə də, İkinci Dünya müharibəsinin başlanması işləri yarımçıq qoyur. 1945-ci ildə müharibə başa çatandan sonra tikinti işləri yenidən bərpa edilir. Binanın tikintisində fəhlə kimi əsir alınan alman əsgərlərin gücündən istifadə edilib. Nəhayət, 1952-ci ildə bu binanın tikintisi başa çatır. Layihənin ilkin variantında 13 mərtəbədən ibarət olması planlaşdırılan binanın son 3 mərtəbəsi təxirə salınır.
Hazırda ölkə əhəmiyyətli memarlıq abidəsi sayılan Hökumət evi sonralar bir neçə dəfə təmir olunub. Binada gördüyümüz tağlar, sütunlar, sütun tavanlarının zirvələrinin forması Şirvanşahlar sarayından götürülüb. Qotik memarlıq üslubunda inşa edilən binanın inşasında istifadə edilən tikinti materiallarının bir hissəsi xaricdən gətirilib.