İncəsənət müzeyi
Abidənin adı: | "Dövlət İncəsənət muzeyinin binası. I korpus (De Burun sarayı), II korpus (Mariya Qızlar Gimnaziyası)" |
Abidənin ünvanı: | AZ1001, Bakı şəhəri, Səbail rayonu, Niyazi küçəsi 9 və 11 |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | I korpus 154 və II korpus 155 ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.214726 Y-koordinat: 49.495316
|
Abidənin tikinti tarixi: | Əsr: XIX əsr Tikinti ili: I korpus 1888-1893-cü illər, II korpus 1885-1887-ci illər
|
Abidənin istifadəsi: | Mədəni maarif müəssisəsi kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Bakının gözəl memarlığa malik tarixi binaları sırasında Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyinin özünəməxsus yeri var. Muzey iki korpusdan ibarətdir: Lev de Burun evi (Niyazi küçəsi 9) və Mariya Qızlar Gimnaziyası (Niyazi küçəsi 11).
Muzeyin I korpusunun binası neft maqnatı və "Kaspi Tərəfdaşlığı" Səhmdar Cəmiyyətinin yaradıcısı, milyonçu Lev de Burun (1840-1889) təşəbbüsü ilə memar Nikolay fon der Nonne tərəfindən 1888-1893-cü illərdə inşa olunub. Bu, Bakıda müstəvi ölçülü tikililər arasında üçölçülü kimi qavranılan yeganə tarixi binadır.
Binanın inşası tamamlanmamış 1889-cu ildə L. de Bur vəfat edir. Onun varisləri 1891-ci ilin yanvarında hələ yalnız özülü qoyulmuş binanı "Kaspi Tərəfdaşlığı" Səhmdar Cəmiyyətinə satırlar. Bundan sonra binanın ilkin planında bəzi dəyişikliklər edilir. Əsas fasadda eyvanla birlikdə iki çıxış qapısı inşa edilir. Mənbələrdə abidənin inşasının tam şəkildə 1895-ci ildə yekunlaşdığı bildirilir.
31 iyul 1918-ci ildə Bakıda hakimiyyət Qafqaz İslam Ordusundan şəhərin müdafiəsi üçün ingilisləri şəhərə dəvət etmiş Sentrokaspi Diktaturası hökumətinə keçir. 1919-cu ilin avqustunda Böyük Britaniya ordusu Bakı şəhərinə daxil olur. Bundan sonra bina general V. Tomsonun başçılıq etdiyi ingilis komandanlığının qərargahına çevrilir.
28 aprel 1920-ci ildə Rusiyanın ölkəmizi işğalından sonra yaradılan Xalq Komissarları Şurası de Burun sarayında yerləşdirilir. Sarayın ikinci mərtəbəsində isə şuranın sədri Nəriman Nərimanovun ailəsi yaşamağa başlayır. 1933-cü ildən bu binada DTK-nın birinci katibi Mircəfər Bağırovun ailəsi məskunlaşır. M. Bağırov 1951-ci ildə binanı Azərbaycan İncəsənət Muzeyinə bağışlayır.
II korpus. 1874-cü ildə Bakı Şəhər Şurasının qərarı ilə Bakı Qızlar Gimnaziyası yaradılır. Gimnaziyanın yerləşdirilməsi üçün şəhərdə müvafiq bina yox idi. 1884-cü ildə gimnaziyanın Himayədarlar şurası tikinti işləri üçün tender elan edir.
Binanın layihəsi mühəndis Mixail Botov tərəfindən hazırlanır. 1887-ci il sentyabrın 26-da Mariya Qızlar Məktəbinin açılış mərasimi keçirilir.
Sovet dönəmində binaya daha bir mərtəbə əlavə olunur və Bakı Şəhər Partiya Komitəsi uzun illər burada fəaliyyət göstərir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bina Azərbaycan Milli İncəsənət Muzeyinin istifadəsinə verilir və burada muzeyin ikinci korpusu yaradılır.
2006-cı ildə Prezident İlham Əliyevin tapşırığı ilə muzeyin binasında yenidənqurma və təmir işlərinə başlanılır. Dövlət başçısı 2009-cu ildə təmirdən sonra istifadəyə verilən muzeyin binası ilə tanış olur və bu dəfə mədəniyyət ocağının Niyazi küçəsi 11 ünvanındakı ikinci korpusunun əsaslı yenidənqurma, təmir və bərpa işlərinin aparılması ilə bağlı tapşırıq verir. 2013-cü ildə muzeyin birinci və ikinci korpuslarını birləşdirən yeni keçid korpusunun açılışı keçirilir.
2014-2018-ci illərdə muzeyin binasında İtaliya və Azərbaycan mütəxəssislərinin iştirakı ilə əsaslı təmir işləri həyata keçirilib. Ölkə əhəmiyyətli memarlıq abidəsinin tavan və divarlarında mövcud yapma rəsm, bəzək və digər işlər ilkin vəziyyətinə gətirilib, bərkitmə işləri aparılıb.
Binanın memarlığı və qədimliyi saxlanılmaqla innovativ və yeni funksionallığı təmin edilib. Yenidənqurma və əsaslı təmir işləri ilə yanaşı, binada ekspozisiya zalları genişləndirilib, binanın seysmik davamlılığı artırılıb.