İqtisadiyyat Universiteti
Abidənin adı: | Azərbaycan İqtisadiyyat Universitetinin binası (Bakı Realniy məktəbi) |
Abidənin ünvanı: | AZ1000, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 6 |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 145 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.367820 Y-koordinat: 49.831995
|
Abidənin tikinti tarixi: | Əsr: XX əsr Tikinti ili: 1901-1904-cü illər
|
Abidənin istifadəsi: | İlkin təyinatı üzrə istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Hazırda Azərbaycan Dövlət İqtisad Universiteti yerləşən və əsas fasadı İstiqlaliyyət küçəsində böyük bir ərazini tutan inzibati bina paytaxtımızın gözəl memarlıq nümunələrindən biridir.
Bina 1901-1904-cü illərdə mülki mühəndis M.D.Buynovun layihəsi əsasında Bakı realnı məktəbi üçün inşa edilib. Memar binanın ilkin layihəsini 1892-ci ildə işləyib hazırlayıb, lakin layihədə olan bir sıra çatışmazlıqlar üzündən qəbul edilməyib. 1900-cü ilin əvvəllərində memarın müəyyən dəyişikliklərindən sonra layihə təsdiq olunub.
14 may 1901-ci ildə realnı məktəbin monumental binasının təməli qoyulub. «Kaspi» qəzeti həmin dövrdə bu münasibətlə yazırdı: «Mayın 14-də, gündüz saat 12-də Nikolayevsk küçəsində şəhər sakinlərinin iştirakı ilə realnı məktəb binasının təməli qoyulmuşdur. Tədbirdə quberniya rəhbəri Lilev, realnı məktəbin direktoru Denfer, digər Bakı məktəblərinin rəhbərləri, pedaqoqlar və realnı məktəbin himayəçiləri iştirak etmişdir».
Bina məşhur Bakı milyonçusu Musa Nağıyevin vəsaiti hesabına tikilib. Mənbələrdə verilən məlumata əsasən, bu bina M.Nağıyevin Bakıda tikdirdiyi 98 binadan biridir. Bəzi qaynaqlarda bildirilir ki, bu təklifi M.Nağıyevə tanınmış milli mesenat Hacı Zeynalabdin Tağıyev verib.
Realnı məktəb bu binada 1920-ci ilə qədər öz fəaliyyətini davam etdirib. Burada H.Zərdabi, N.Nərimanov və başqa görkəmli maarif xadimlərimiz dərs deyiblər. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra (1920) binada Azərbaycan SSR Xalq Komissarlığı yanında Bakı Təhsil İdarəsi yerləşdirilib. Sonralar burada Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) fəaliyyət göstərib.
Universitet yeni ünvana köçürüldükdən sonra bina Xalq Təsərrüfatı İnstitutuna verilib. Azərbaycan Dövlət İqtisad Universitetinə çevrilən institut bu günə kimi həmin binada fəaliyyət göstərir. Son illərdə binada cari təmir işləri aparılıb