Kukla teatrı
Abidənin adı: | “Azərbaycan Dövlət Kukla Teatrının binası” |
Abidənin ünvanı: | AZ1000, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 36 |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 140 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.366887 Y-koordinat: 49.839343
|
Abidənin tikinti tarixi: | Əsr: XX əsr Tikinti ili: 1910-cu il
|
Abidənin istifadəsi: | Mədəniyyət müəssisəsi kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: XX əsrin əvvəllərində Bakıda ictimai binaların, əyləncə tikililərinin planına yeni memarlıq mövzusu daxil olurdu – səssiz kino nümayişi üçün sinematoqraf binası. İndiki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının fəaliyyət göstərdiyi həmin bina 1909-1910-cu illərdə yeni bulvarda memar İ.K.Ploşkonun layihəsi əsasında inşa edilib.
İstismara verildiyi illərdə "Fenomen" adı altında kinoteatr kimi istifadə edilən bina fərqli yaradıcılıq təşkilatlarına xidmət edib. "Fenomen" yeni bulvarda hələ sıx yaşıllığın olmadığı vaxtda yaranmışdı. Güllüklərə və xiyabanlara bölünən bulvar heç bir bədii maraq kəsb etmirdi. Buna görə də fasadların detallarının görünüşləri ilə seçilən sinematoqrafın nəfis memarlığı dənizkənarı sahildə dominant rol oynayırdı. Binanın iri orderlərlə tərtib olunmuş, hündür stilobat üzərində yerləşən və attika, həmçinin məhəccərlə tamamlanan baş fasadı dənizkənarı sahildə çox təsirli və təntənəli kompozisiya kimi çıxış edirdi.
1921-ci ildə memar Zivər bəy Əhmədbəyovun iştirakı ilə təmir-bərpa işləri aparılan tikilidə müxtəlif vaxtlarda "Satiraqit" teatrı, Musiqili Komediya Teatrı, Kənd Təsərrüfatı Nailiyyətləri Muzeyi, daha sonra isə SSRİ Xalq artisti Rəşid Behbudovun Mahnı teatrı fəaliyyət göstərib.
Yeni mədəniyyət ocağı şəhərdə ən böyük sinematoqraf idi və müasir texniki avadanlıqlarla təchiz edilmişdi. Tamaşaçı zalının ölçüləri, uzununa təxminən 24 m, eninə 11 m, hündürlüyünə isə 10 m təşkil edirdi. Parterdə 400 tamaşaçı üçün yer vardı.
Binanın tikintisində xüsusi diqqətçəkən məqam ventilyasiya sistemi idi. Bu, Bakı üçün yenilik hesab edilirdi. Tikilinin frontonunu dörd qədim yunan allahı – Merkuri, Baxusa, Poseydon və Afrodita bəzəyirdi. Heykəllərin ikisi qarşı, digər ikisi isə yan fasadlarda yerləşdirilmişdi. 1952-ci ildə binada Kənd Təsərrüfatı Nailiyyətləri Muzeyi açıldığı zaman bu dörd heykəl ləğv edilərək əvəzində tikilinin qarşısında müstəqil postament üzərində çoban heykəlləri qoyulub.
1970-ci ilin əvvəllərində bina Azərbaycan Dövlət Kukla Teatrının istifadəsinə verilir. 1980-ci ilin axırlarında teatrda təmir aparılır və azacıq korlanan binanın fasad hissəsinin tarixi siması özünə qaytarılır. 2007-ci il dekabrın 26-da təmirdən sonra Kukla teatrı yenidən fəaliyyətə başlayır. 2700 kv.m sahəsi və 200 tamaşaçı yeri olan teatrın foyesində, divarların səthində məşhur nağıl qəhrəmanlarımız əsasında iri rəsmlər işlənib.
Razılaşdırılıb: Etibar Axundov
Fərid Almazov
Mahir Qəhrəmanov