Əlyazmalar İnstitunun binası
Abidənin adı: | "Əlyazmalar İnstitutunun binası (Tağıyevin qızlar məktəbi)" |
Abidənin ünvanı: | AZ1001, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 8 |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 146 ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.368192 Y-koordinat: 49.833114
|
Abidənin tikinti tarixi: | Əsr: XIX-XX əsr Tikinti ili: 1898-1901-ci illər
|
Abidənin istifadəsi: | Mədəni maarif müəssisəsi kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Milli mesenat və milyonçu Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbi (hazırda AMEA-nın Əlyazmalar İnstitutu) Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında mühüm rol oynayıb. Məktəbin yerində daha əvvəl Cümə məscidi tikilməli imiş, lakin müxtəlif maneələrə görə bu iş baş tutmur. Məscidin yeri 5 noyabr 1896-cı ildə H.Z.Tağıyevə Qızlar məktəbini tikdirməsi üçün verilir. Binanın layihəsi 1896-cı ildə hazır olsa da, təsdiq edilməsi təməl qoyma mərasiminə qədər ləngiyir.
Binanın layihə müəllifi 1892-1904-cü illərdə Bakının baş memarı olmuş İ.V.Qoslavskidir. Orta əsrlər Şərq memarlığının ən gözəl elementlərini özündə əks etdirən bina 1898-1901-ci illərdə inşa edilib. 1915-ci ilin sentyabrından binada ikiillik pedaqoji kurslar fəaliyyətə başlayıb. Lakin 1917-ci ilin Fevral inqilabı iqtisadi vəziyyəti ağırlaşdırır və məktəbin müdiriyyəti həmin ilin aprelində təhsil prosesini dayandırmağa məcbur olub.
1918-ci il dekabrın 7-də Tağıyevin Qızlar məktəbinin binasında İslam Şərqinin ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təntənəli açılış mərasimi olub. Həmin ilin 24 iyun tarixində Cümhuriyyətin ilk bayrağı da məhz bu binada qəbul edilib. Beləliklə, milli maarifçiliyə xidmət məqsədilə inşa olunan bina Cümhuriyyətimizin qanunverici orqanının yerləşdiyi strateji əhəmiyyətli obyektə çevrilib.
27 aprel 1920-ci il tarixinədək – Cümhuriyyətin süqutuna kimi binada parlamentin ümumilikdə 145 iclası keçirilib. Cümhuriyyət dövründə ilk dəfə təşkil olunan İstiqlal Muzeyi də burada fəaliyyət göstərib.
Ölkəmizdə sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Ali Soveti bu binada yerləşib. 1920-37-ci illərdə görkəmli mütəfəkkir şair-dramaturq Hüseyn Cavid binanın üçüncü mərtəbəsində yaşayıb. 1982-ci ildə isə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutu buraya köçürülüb. Hazırda binanın böyük hissəsində M.Füzuli adına Əlyazmalar İnstitutu yerləşir. Üçüncü mərtəbənin mərkəzi hissəsində Hüseyn Cavidin ev-muzeyi, kənar hissəsində isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası fəaliyyət göstərir.