Mahnı teatrı
Abidənin adı: | Azərbaycan Dövlət Mahnı Teatrının binası |
Abidənin ünvanı: | AZ1004, Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi 12 |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 167 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.374643 Y-koordinat: 49.847051
|
Abidənin tikinti tarixi: | Əsr: XX əsr Tikinti ili: 1910-cu il
|
Abidənin istifadəsi: | Mədəniyyət müəssisəsi kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun adını daşıyan Azərbaycan Dövlət Mahnı Teatrı binasının maraqlı keçmişi var.
1910-cu ildə tikilmiş və keçmişdə “Böyük xor sinaqoqu” kimi fəaliyyət göstərmiş bina şәhәrin tarixi mәrkәzinin ən aktiv elementlәrindәn biridir. Abidə şәhәrin mәrkәzindә, burada yaşayan yəhudilərin tәşәbbüsü ilə, memar İ.V.Qoslavskinin layihəsi əsasında inşa edilib. Sinaqoq o dövrün mesenatlarının ianəsi və Azərbaycandakı yəhudi icmasının vəsaiti hesabına tikilib və gözəl çuqun mәhәccәrlә әhatә edilib. Bəzi mənbələrə görə binanın tikintisinə məşhur milyonçu Ağa Musa Nağıyev də maddi köməklik göstərib.
Sovet hakimiyyətinin qurulmasından sonra militant ateizm yeni ideologiyanın əsaslarından idi. Digər dini ibadətgahlar kimi sinaqoqların ləğv edilməsi dalğası geniş yayılmağa başlayır. 1932-ci ildə “Böyük xor sinaqoqu” da bağlanır və bina milliləşdirilir. Bina 1934-cü ildə isə öz әsәrlәrini idiş dilində sәslәndirәn “Bakı yəhudi fәhlә teatrı”na verilir. 1936-cı ildə “dövlət teatrı” statusu alan mədəniyyət ocağı Azərbaycan Dövlət Yəhudi Teatrı (ADYT) kimi geniş populyarlıq qazanır. Yəhudi teatrı 1941-ci ilə qәdәr fəaliyyət göstərib.
1979-cu ilə qәdәr bu binada Azərbaycan Dövlət Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu yerləşib. 10 ilə qәdәr istifadəsiz qalsa da, binada həmişə sәliqә-sәhman olub. Binanın xüsusilə interyer möhtәşәm görkəmə malik idi. Nazik tökmə çuqun sütunlar ikinci mәrtәbәnin zәrif eyvanını saxlayırdı. İlkin görünüşünü saxlayan binanın tağlı tavanı freskalarla bәzәdilmişdi.
1980-ci illәrdә binanın bәrpa layihәsi vә onun Azərbaycan Dövlət Gәnc Tamaşaçılar Teatrına uyğunlaşdırılması ilə bağlı müzakirələr aparılıb. Bina görkəmli müğənni Rәşid Behbudovun diqqәtini cәlb edir vә o, Mәdәniyyәt Nazirliyindәn binanı 1968-ci ildә yaratdığı və rәhbәri olduğu Mahnı teatrına verilmәsini istəyir. Böyük sənətkarın xahişi nəzərə alınır və teatrın kollektivi 1988-ci ildәn indiki binada fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2010-2011-ci illərdə Dövlət Mahnı Teatrında əsaslı təmir-bərpa işləri aparılıb. Bərpa zamanı abidənin daxili mәkanının tamlığına riayət edilib. Bina müasir işıq və səs avadanlıqları ilə təchiz edilib. 2011-ci ilin il dekabr ayının 14-də – Rəşid Behbudovun doğum günündə teatrın açılış mərasimi keçirilib.