Muzey mərkəzinin binası
Abidənin adı: | Muzey Mərkəzinin binası |
Abidənin ünvanı: | AZ1000, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 123 |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 141 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.369671 Y-koordinat: 49.842623
|
Abidənin tikinti tarixi: | Əsr: XX əsr Tikinti ili: 1960-cı il
|
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Bakıda 1960-cı illərdə inşa edilmiş monumental tikililərdən biri də Dənizkənarı Milli Parkın yaxınlığında yerləşən Muzey Mərkəzinin binasıdır. SSRİ dönəmində V.İ.Lenin Muzeyi kimi fəaliyyət göstərən bina hazırda Muzey Mərkəzi olaraq paytaxtımızın əsas nümayiş-sərgi məkanlarındandır.
V.İ.Lenin Mərkəzi Muzeyinin Bakı filialı Sovet İKP MK-nın qərarına əsasən, 4 avqust, 1954-cü ildə İ.V.Stalin adına Azərbaycan Bolşevik Təşkilatlarının Tarixi Muzeyinin bazasında yaradılıb və kütləvi ziyarət üçün 1955-ci ilin aprelində açılışı keçirilib.
1955-1959-cu illərdə V.İ.Lenin Mərkəzi Muzeyinin Bakı filialı Azərbaycan bolşevik təşkilatlarının o qədər də böyük olmayan 15 ekspozisiya zalından ibarət muzeyinin binasında yerləşirdi. Leninin anadan olmasının 90 illik yubileyi ərəfəsində muzey üçün daha böyük binanın tikilməsinə qərar verilir. Layihənin hazırlanması Azərbaycanın Əməkdar memarı Həsən Məcidova tapşırılır. O, vaxtilə Binə qəsəbəsində təyyarə limanı, “Bakı” mehmanxanası, Naxçıvan Dövlət Musiqili Dram Teatrı və s. binaların memarı olmuşdu.
Uzun müddət binanın tikilməsi üçün müvafiq yer axtarılır və nəhayət, Bakının “Petrovski” meydanı seçilir. XVIII əsrin əvvəllərindən burada anbarlar, gəmilərin yan alması üçün yerlər olub. Vaxtilə indiki “Sahil” bağının yerində tribunalar quraşdırılıbmış. Azərbaycan Yazıçılar İttifaqının istifadəsində olan bu tribunaları hər bayram quraşdırıb, sonra da yığışdırardılar. İki metrə qədər hündürlüyü olan və 10-15 nəfər üçün nəzərdə tutulmuş tribunalar uzun müddət dövlət tədbirlərində postament rolunu oynayıb.
1950-ci illərin sonunda bu tribuna sökülərək yerində muzey tikilir. Binanın inşası 1960-cı ildə başa çatır və 1961-ci ildə Moskvadakı V.İ.Lenin Muzeyinin filialı kimi istismara verilir. Keçmiş Sovet İttifaqında bu, V.İ.Lenin Muzeyi üçün məxsusi tikilmiş yeganə bina hesab olunurdu.
1991-ci ildə - SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, bina Azərbaycan Mədəniyyət Nazirliyinin balansına verilib və “Muzey Mərkəzi” adlandırılıb.
Paytaxtımızın görkəmli memarlıq nümunələrindən olan Muzey Mərkəzində hazırda C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi (II mərtəbə), Musiqi Mədəniyyəti Dövlət Muzeyi (II mərtəbə) və Azərbaycan İstiqlal Muzeyi (III mərtəbə) fəaliyyət göstərir.