Nizami Ədəbiyyat müzeyi
Abidənin adı: | Nizami adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin binası |
Abidənin ünvanı: | AZ1001, Bakı şəhəri, Səbail rayonu İstiqlaliyyət küçəsi 53 |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 164 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.370148 Y-koordinat: 49.836429
|
Abidənin tikinti tarixi: | Əsr: XIX-XX əsrlər Tikinti ili: 1860, 1914, 1943-cü il
|
Abidənin istifadəsi: | Mədəni maarif obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Bakı şəhəri tarixə şahidlik edən, unikal memarlığı ilə gözoxşayan muzeylərlə zəngindir. Bunlardan biri də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyidir. XIX əsrin ortalarında inşa edilmiş birmərtəbəli karvansaraya həmin əsrin 60-cı illərində Bakı quberniyasının baş memarı, karvansaranın memarı Qasım bəy Hacıbababəyovun (1811-1874) layihəsi ilə ikinci mərtəbə əlavə olunur. Sonradan Bakı Ali Cəmiyyəti karvansaranı icarəyə götürür və tikili klub kimi istifadə edilir.
Binanın birinci mərtəbəsi satış təyinatlı köşklər üçün nəzərdə tutulduğundan geniş pəncərə aşırımları qoyulmuşdu. İkinci mərtəbə isə birinci mərtəbənin fasad həllindən fərqli olaraq daha kiçik tağlı örtüklü pəncərələrlə həll olunmuşdu. Sonrakı dövrlərdə binanın ikinci mərtəbəsi klub kimi dəbdəbəli nömrələrə və restorana malik olan, həmçinin ictimai və ticarət təyinatlı tikililərlə əhatə olunmuş “Metropol” mehmanxanasına çevrilir.
1914-cü ildə binada əsaslı bərpa-rekonstruksiya işləri aparılır. Baş pilləkənlər, vestibül hissəsi dəyişdirilir, üçüncü mərtəbə və eyvanlar tikilir. 1915-ci ildə binanın yeni sahibi milyonçu və xeyriyyəçi Hacı Hacıağa Dadaşovun istəyi ilə əsaslı təmir edilir.
1918-ci ilin mart ayında Bakıda azərbaycanlılara qarşı soyqırımı tərədən ermənilər həmin binanın damına pulemyotlar qoyaraq küçədən keçən insanları qətlə yetirirlər. 1918-1920-ci illərdə bina Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin həm iş, həm də yaşayış yeri olub. 1920-1930-cu illərdə burada Azərbaycan Həmkarlar İttifaqı fəaliyyət göstərib.
N.Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar XKS-nin 1 noyabr 1939-cu il tarixli qərarına əsasən, binanın dahi şairin həyat və yaradıcılığından bəhs edən muzeyə çevrilməsi nəzərdə tutulur. Memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihəsi ilə binada əsaslı təmir işləri aparılıb, üçüncü mərtəbədə dərin loja yaradılıb və terras mərtəbəsi əlavə edilib.
İkinci Dünya müharibəsi bitdikdən sonra – 1945-ci ilin 14 may tarixində muzeyin açılışı keçirilib. Binanın fasadında bir sıra görkəmli şair və yazıçılarımızın heykəlləri quraşdırılıb.
1959 və 1967-ci illərdə muzey əsaslı təmir edilib. 2005-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə muzeydə əsaslı təmir-bərpa və ətrafında abadlıq işləri aparılıb. Binanın memarlığı və qədimliyi saxlanılmaqla innovativ funksionallığı təmin edilib. 2007-ci ilin dekabr ayından muzey yeni ekspozisiya ilə fəaliyyətə başlayıb.